Əri maaşını başqa qadına xərcləyirdi.. [Hekayə]

Əri maaşını başqa qadına xərcləyirdi.. [Hekayə]
Qadın dünyası
10.09.2017 32

 
 



Səhər-səhər
ayılan kimi əlini balışının altına atdı. Açar yenə orada yox idi. İçini
məhzun bir kədər bürüdü. İki ay idi artıq. İki ay idi ki, əvvəldən heç
də sabit olmayan ailənin təməlini indi də "oğurluq” adlı bir qurd
gəmirirdi. Yerindən qalxaraq elə alt köynəyində yan otağa keçdi.
Rütubətdən quzulayıb tökülmüş divarın önündə yetim kimi duran sandığın
ağzındaki qıfıl sirk klounu kimi asılıb qalmışdı. Kədərli məhzun və
sahibsiz.

Özündən asılı olmadan soyuq sandığın üstünə
çökdü. Budur, aylardır topladıqları pullar gecənin bir aləmində
haralarasa sovrulur , Həcər isə adından doğan bir daş soyuqluğu ilə
bunun hələ nə qədər davam edəcəyini gözləyirdi. Amma artıq bıçaq sümüyə
dirənmişdi. Səbri məcrasından çıxaraq onu boğazlayırdı. Oxlov
fırlamaqdan döyənək olmuş əllərini ağrı ilə gözdən keçirtdi.

Bəli, onun alnına xanım olmaq yazılmamışdı. O, bunun üçün heç mübarizə
də aparmırdı. Onun vur - tut bircə diləyi var idi. Gəldikləri bu uzaq
qərib diyarda balaca bir ev. İndi bu arzusunu kürəyindən bıçaqlayan
birini boğazlamağın artıq vaxtı çatmışdı.

Qətiyyətlə
ayağa qalxdı. Uşaqlara tələm-tələsik səhər yeməyini yedizdirib bağçaya
apardı. Qışın alaca nəfəsi üzünə hovxurduqca Həcərin addımları
sürətlənir, içindəki kin, nifrət bütün bədənini, beynini, fikirlərini
yandırırdı. Onun bu ellərdə nə işi var idi ki....


Soyuq külək yanaqlarını döyəclədikcə böyüdüyü kəndin qoxusu gəlirdi
burnuna. İsti sobanın qırağında pişik kimi qıvrılmasını, hey böyümək
istədiyini xatırladı. Heyhat. Bütün bunlar ondan nə qədər uzaq idi indi.
Addımlarını daha da sürətləndirərək iş yerinə çatmağa tələsdi. İş yeri
adlanacaq yer isə bir binanın yeraltı zirzəmisi idi. Çox uzun bir
zirzəmi idi. Bu zirzəminin o başını görmək hələ işçilərdən heç kəsə
nəsib olmamışdı.

Doğrusu, buna maraq göstərən də,
olmamışdı. Bu zirzəmidə hər kəs özünə düşəcək işi çox gözəl bilirdi.
Səhər doqquzda başlanan iş günorta bir saatlıq fasilə ilə dayanar, sonra
yenə həmin sürətlə axşam saat altıya qədər davam edərdi. Kiçik
dialoqlar istisna olmaqla, söhbət qəti qadağan idi. Əslində, bunu işə
bir zərəri olmazdı, lakin telli Həcərə demişdi ki, bu zirzəminin sonunda
ermənilər öz uşaqlarına tarixlərini öyrətmək üçün kurs açıblar.

Bax elə bu zirzəminin sirli bucağından həqiqətən aradabir uşaq səsləri
gələrdi. Amma heç kəs nə bu zirzəminin sonunu görmüşdü, nə də buradakı
gizlicə milli tarixini öyrənən uşaqları. Zirzəminin bu rütubətli
küncündə lavaş yayan bu qadınların tarixlə, millətçiliklə bir dərdi yox
idi. Onlar ərlərinin rus qadınlar ilə oynaşmağından, uşaqlarının məktəb,
bağça dərdindən və dünyanın hər tərəfində dəyişməz bir şiddətlə
insanların üzərinə sıyrılan kasıbçılıq qılıncından şikayətlənirdilər.

Sükutla baş verən bu dialoqların sözə ehtiyacı yox idi. Onların ortaq
sükutda birləşən bir dərdləri var idi. Müzakirə olunmayan, içlərində
basdırılan, qəbir sükutu ilə yola verilən dərdləri var idi.

Həcər artıq bir il idi ki, bu işə gəlib gedirdi. Lakin üç il öncə
yatsaydı yuxusuna belə girməzdi Rusiyanın bu qarlı çovğunlu halı.
Xəyalına belə gəlməzdi bir gün bura gələcəyi, burada işləyə biləcəyi.
Amma taleyində bu da var imiş. Anası həmişə deyərdi ki, qızım bir yerin
sənə çörəyi qismətdirsə, sən onu quş dimdiyində də olsa yeyəcəksən.

Nəbi ilə evləndikdən sonra evliliyi sanki kvartala bölündü. Nəbi altı
ay Rusiyada, altı ay evdə oldu. Yayı Rusiyada, qışı Azərbaycanda özünə
kurort etdi bu iki ölkəni. Və bir gün...Bir gün Nəbinin heç vaxt
dönməyəcəyi məlum oldu. İki körpə uşaqla təkbaşına qaldı Həcər. Nəbinin
dönməyəcəyini bilən neçəsi burnunun suyunu axıtdı çəpərlərin dibində,
amma Həcər heç kimə huş vermədi. Yay keçdi. Payızın yağışları başlayanda
Həcərin canını da qaramat basdı.

Gecələr uzandıqca
gənc və təravətli bədənini yorğana bürüməklə isidə bilməyəcəyinin
fərqinə vardı. Başqa kişilərə baxmayacaq qədər namslu idi. Soyuq
gecələrin birində qərarını verdi. Axırıncı iki inəyi satıb yol aldı
tanımaza-bilməzə düz Rusiyanın çöllərinə.

İlk dəfə
çıxdığı uzaq yolda çöllər ona nəhayətsiz, qatar isə uzun ilanı
xatırlatdı. Bu ilanın nə vaxtsa sürünüb bir yerə vara biləcəyinə ümidin
itirdi az qala. Qatar son dayanacağını tapanda Həcər yeni bir həyatın
nəfəsini öz üzərində hiss etdi. Budur hər kəsin bir qarşılayanı var.

Həcər qatarda tanış olduğu qadınların köməyi ilə əvvəl bazarı, sonra
Nəbini tapa bildi. Əvvəl bu nəhəng şəhərdə iynə olub itəcəyini zənn etsə
də, bacardı. Nəbi əvvəl çığırıb - bağırsa da sonra sakitləşdi. Əl-ələ
verib yaşamağa başladılar. Rus dilinin qolunu-qıçını qıra-qıra danışmağa
çalışırdı. Sonra Nəbinin az qazancı ilə bir şey edə bilməyəcəklərini
anladı. Elə qonşuluqda qalan Telli də kömək etdi bu qərara gəlməyinə.
Onu Rusiyada sığortasız, müvəqqəti yaşayış tərzi ilə kim işə götürəcək?
–bunu ondan Nəbi sual edəndə Tellinin cavabı hazır idi.

Üç gün sonra Həcər Tellinin təsvir etdiyi məkanda işə götürüldü. İş
yerinin sahibi erməni idi. Bu, əvvəlcə Həcəri hürkütdü, lakin Telli onu
sakitləşdirdi.

- Erməni bizi niyə işə götürsün ki? - Həcər şübhəli-şübhəli soruşanda Telli dodağını büzərək:

- Çoxbilmiş çıxmısan guya sən?! Aaaz, hərə öz ayıbına göz yumur. Sən
sığortasız immiqrant, o isə lavaşı erməninki kimi sırıyacaq qədər bic.
Bu qədər. Get gör içəridə bir dənə də olsa erməni arvadı yuxa yayır?
Yox. Görə bilməzsən, çünki əllərindən gəlmir. Tak şto, səs eləmə. İşini
gör, pulunu al! - cavab verdi.

Tellinin bu qədər aydın izahatı Həcəri o qədər qane etdi ki, daha bir kəlmə belə soruşmadan işinə başladı.

- Hər şey yolunda idi, əgər bu oğurluq olmasaydı - Həcər yenə odlanaraq
ürəyindən keçirdi. Yerinə keçə-keçə önlüyünü bağladı. Telli onun üzünə
baxaraq:

- Yenəmi? - deyə soruşdu.

Həcər üzündəki acı ifadə ilə başını tərpətdi və - bu dəfə lap çox aparıb.- dişlərini qıcayaraq söylədi.

- Bəlkə qumara dadanıb? - Telli nagüman şəkildə söylədi.

- Nədisə bilinəcək. Belə şey qırx gün gedir, onsuzda. Bu gün işdən
icazə alıb gedəcəm.- Həcər qətiyyətlə əlindəki xəmiri
kündəliyə-kündələyə söylədi.

- Hara?

- Gedəcəm - Həcər Telliyə cavab vermədən gözləri yol çəkə-çəkə sanki öz
qərarına özünü inandırırmış – Gedəcəm- deyə yenə təkrarladı.

İşdən icazə alanda Tiqranın üzündəki ilan soyuqluğu Həcərin canına həmişəki üşütməni saldı.

- Bir saat. Bir saatın var. Geciksən içəri qoymacam. Bilirsən ki,
buranın qapısı açılmaz- siqaretini külqabıda əzərək əli ilə get işarəsi
verərək dilləndi. Sonra nə düşündüsə - Hacar qeri qel- qırıq - sökük
türkcə dilləndi və cibindən beş yüz rubl çıxararaq –Al! Lazımın ular
–deyərək pulu Həcərə uzatdı.

- Lazım deyil. Varımdı.- Həcər etiraz edəndə o:

- Biz yerliyik al - Qarabağdan olduğuna həmi şəkikimi işarə vurub rus
dilində sözünə davam etdi. – bir saatın artıq əlli dəqiqəsi qaldı. Tez
elə!

Həcər avtobus dayanacağından az qala qaçaraq
özünü bazara yetirdi. Nəbini uzaqdan sezərək özünü paltar alverçilərinin
arasına verdi. Özünü paltarlara baxırmış kimi göstərərək papağını
alnına doğru çəkdi. Paltosunun boynunu da qaldıraraq üzünü tam görünməz
etdi. Yavaş-yavaş Nəbinin piştaxtasına yaxınlaşdı. Heç nəyi
planlamamışdı. Beynində yalnız qısa əmr siqnalları var idi: get, dayan,
dön. Vəssalam. Nəbi isə kefi damağı çağ əlindəki pivə bankasından içir,
aradabir qəhqəhə çəkib gülürdü. Onun tez-tez qolundakı saatına
baxmasından Həcər vaxtında gəldiyinə azacıq ümidlənirdi. "Bəlkə bəxti
kəsəcək ,doğurdan Nəbini iş başında yaxalaya biləcək” - deyə sürətlə
fikrindən keçirdi.

Bir azdan Nəbi yanındakılara nə isə
deyərək sürətlə oradan ayrıldı. Həcər onun bu qəfil hərəkətindən
təşvişə düşərək onun arxasınca yüyürdü. Budur Nəbi qarşısında gedir.
"Axı niyə bu günə qaldılar?! Bəyəm qarşısına çıxıb sən niyə bu pulları
götürürsən - deyə soruşa bilməzdim.” – Həcər dodaqlarını çeynəyə-çeynəyə
yalnız bunları düşünürdü.

Nəbi addımlarını yavaşıdıb
qızıl dükanına girdi. Həcər vitrin şüşəsinin bu tərəfindən onun böyük
bir üzük seçdiyini müşahidə etdi. Onun dükandan çıxdığını görüb özünü
tez yaxınlıqdakı yük maşınlarının arxasına verdi. Nəbi ətrafına fikir
vermədən üzündəki xoşbəxt bir ifadə elə qızıl dükanın yanındakı gül
dükanına girdi. Orada böyük bir gül dəstəsi bağladaraq sürətlə oranı
tərk etdi.

Həcər artıq məsələnin nə yerdə olduğunu
anlamışdı. Yenə səbrini basaraq ərinin arxasınca yollandı. Nəbi
istiqamətini bazara tərəf çevirəndə Həcər bir az çaşdı. Elə bazara
çatmamış Nəbinin qəfil ayaq saxladığını görüb özünü qələbiliyin içinə
atdı. Elə o an hündürboylu bir qadının əriylə görüşdüyünü gördü. Həcər
yavaş-yavaş özündən asılı olmadan onlara yaxınlaşmağa başladı. Budur:
əri üzüyü balıqqulağına bənzər parıltılı qabından çıxardaraq onun
barmağına taxdı.

Gül dəstəsini bağrına basan qadının
gözəlliyi bir tablo kimi Həcəri ovsunlamışdı. Nəbi isə elə bir
addımlığında dayanan arvadının bədbəxtliyinin görməyəcək qədər kor, onun
iniltisini eşitməyəcək qədər kar idi. O an qarşısındakının əllərindən
yapışaraq özünü cənnətdə hiss edirdi. Həcər qəti addımlarla Nəbiyə
yaxınlaşaraq qolundan yapışdı.

Xeyir olsun, ay Nəbi,
bu nə deməkdi? - Həcərin səsi Nəbiyə çox gec çatdı. Əvvəl inanmağı
gəlmədi. İlk öncə qolunu kəlbətin kimi sıxan barmaqlara, sonra isə o
barmaqların sahibinə baxdı. Rəngi sapsarı saraldı.

Sənin burada nə işin var? – boğazında boğulan ötkəmliklə dilləndi.

Həcər heç nə demədən oradan uzaqlaşdı. İnsanlar ətrafında duman kimi
idi. Nəfəsi kəsilə-kəsilə yalnız - ona heç vaxt gül alınmadığını, onun
görüşünə kiminsə xoşbəxt və həyəcanlı halda tələsmədiyini, saçlarının
heç vaxt gözəllik salonunda qulluq görmədiyini, heç vaxt o qadın kimi
bahalı ətirlər vurmadığını düşündü.

Bir anlıq ayaq
saxlayaraq əllərini paltosunun cibindən çıxararaq tamaşa etdi. İçi
döyənək olmuş əllərinin dərisi soyuqdan partlyaraq şoran torpağa
bənzəyirdi. Bu gün bu əllərin zülmünün məhsulu bir üzük və bir dəstə gül
etmişd. Vəssalam. Elə bu an qulağının lap dibində tanış bir səs
çınladı:

- Ay Həcər bacı, niyə burada dayanmısan?

Həcər başını döndərərək Eldarı gördü. Eldar nəfəsini dərmədən davam etdi.

- Elə yaxşı oldu sənə rast gəldim. Bizim diaspora Fevralın 26-na görə
pul yığırlar. Bəlkə siz də bir....- sözlərinin ardını gətirmədən susdu.

- Həcər onun firavanlıq tökülən üzünə, köklükdən qatlanmayan
barmaqlarına və ən sonda əlindəki plastik torbaya baxdı. Gözlərini
"Armyanski lavaşı” yazılan torbadan ayırmadan bayaq Tiqranın verdiyi
puldan iki yüz rubl çıxardaraq ona uzatdı. //Kulis
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!