Siqaret çəkən məktəbli qızlar - PROBLEM

Siqaret çəkən məktəbli qızlar - PROBLEM
Qadın dünyası
10.09.2017 22
Bu günlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda 13-14
yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır.






Nazirlik
rəsmisi  bu nəticələrin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi
ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olduğunu bildirib.
C.Məmmədovun sözlərinə görə, 2005-ci ildə ÜST Tütünlə Mübarizə üzrə
Çərçivə Konvensiyasını qəbul edib. Azərbaycanda tütünlə mübarizə
istiqamətində görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir.




Qeyd
edək ki, orta məktəblərdə nəinki oğlan, qız şagirdlər arasında da
siqaret çəkənlərin sayı artıb.Problemlə bağlı Bakıdakı orta məktəblərdən
birinin direktoru ilə söhbət etdik. Onun bildirdiyinə görə, məktəblərdə
siqaret çəkilməməsi ilə əlaqədar hər hansı inzibati cəza metodu
yoxdur: 




"Hamı məktəbi günahlandırır. Amma
məktəbin əlində hər hansı bir inzibati rıçaq yoxdur. Belə halda şagirdi
məktəbdən çıxarmaq məsələnin həlli yolu deyil. Şagirdi vurmaq, döymək,
söymək olmaz! Belə hal müşahidə etdikdə valideyni çağırıb söhbət edirik,
uşaqla söhbət edib siqaretin zərərindən danışırıq. Mən vaxtilə siqaret
çəkən adam kimi bilirəm ki, siqaret elə bir vərdişdir ki, onu zorla
tərgitmək mümkün deyil. Şüurlu şəkildə uşağa aşılanmalıdır ki, o bu
zərəri dərk etsin. Deməli, bu məsələdə məktəblə valideyn əlbir
olmalıdır”.




Məktəb rəhbəri deyib ki, hazırda
məktəblərdə siqaret çəkmək qadağandır: "Ümumiyyətlə, məktəbdə siqaret
çəkmək qadağandır. Ələlxüsus şagirdlərin yanında siqaret çəkmək pedaqoji
etikaya sığmır. Uşaqlara siqaret çəkmə deyib, şagirdin gözü qarşısında
siqaret çəkmək hansı məntiqə sığar? Bizim məktəbdə siqaret çəkmək üçün
yer yoxdur. Digər tərəfdən, bu gün məktəbdə təhsilin bir nömrəli
problemi odur ki, kişi müəllimi azdır. Bizim məktəbin 80  müəllimindən
3-ü kişidir. Uşaq evdə anadan, məktəbdə qadın müəllimdən tərbiyə alsa,
kişi zəhmi görməsə, siqaret də çəkər, başqa zərərli vərdişə də aludə
olar. Ona görə də oğlanlar ya qızbibi kimi böyüyür, ya da ipə-sapa
yatmır”.




Direktor bildirib ki, siqaretlə bağlı
hər il ciddi təbliğat xarakterli maarifləndirmə tədbirləri aparılır.
Hazırda Bakıdakı orta məktəblərdə ardıcıl olaraq "Zərərli vərdişlərə yox
deyək!” kampaniyası keçirilir: "Siqaret, narkomaniya, spirtli içkilər
əleyhinə şagirdlər arasında maarifləndirmə işləri aparılır. Amma konkret
olaraq hər hansı məktəbin nizamnaməsində, yaxud əsasnaməsində siqaret
əleyhinə hər hansı bir qayda nəzərdə tutulmayıb. Təbii ki,
valideyn-məktəb əlaqələri güclü olmalıdır. Uşaqlara çox ciddi nəzarət
edilməlidir. 




Doğrudur, şagirdlər arasında
maarifləndirmə təbliğatı aparılır, dərslərdə deyilir, fakültativ
məşğələlərdə bu kimi mövzular tədris olunur. Mən bir dəfə bizim məktəbdə
oğlanların ayaqyolunda siqaret kötüyü görmüşdüm, çox sərt reaksiya
verdim, dərhal qarşısını aldıq. Məktəbdən kənar tində-filan siqaret
çəkirlərsə, bunu deyə bilmərəm.  Amma qızlar arasında belə bir hal baş
versə, bu bir məktəb rəhbəri olaraq mənim üçün böyük faciə kimi
qarşılanar və dərhal çox ciddi ölçü götürərəm. Təcrübəli pedaqoqlar bu
cür zərərli vərdişlərə görə qabaqlayıcı tədbirlər görə bilir. Məsələn,
şagirdlərin  məntiqlə qəbul etdiyi inandırıcı söhbətlər aparıla bilər və
sairə”. 




Uşaq psixoloqu Narınc Rüstəmovanın "Gündəlik Teleqraf”a bildirdiyinə görə, uşaqların siqaret və digər
zərərli vərdişlərə meyli yeniyetməlik dövrünə təsadüf edir. Çünki
yeniyetmələr şəxsiyyətin inkişafı dövrünü keçirdiklərinə görə bu dövrdə
də ətrafdakı neqativ vərdişlərə meylli olurlar: "Siqaret çəkən uşaqların
əksəriyyəti öz ailələrində model olaraq gördüklərini əxz edirlər.
Həmçinin narkotik, yaxud müəyyən cinayətkar qruplara qoşulmaq da bu
istəkdən irəli gəlir. Bu məsələdə adətən qınaq yeri analar olur və çox
hallarda bu qınaqda haqq da var. Çünki çox analar uşaqlarını o qədər
əzizləyirlər ki, uşaqlar məsuliyyət yükündən azad olurlar.  Əksər analar
uşaqları bütün hallarda idarə etdiklərinə görə böyüdükcə də bu vərdiş
halını alır. Lakin uşaq yeniyetməlik yaşa çatdıqca ananın
idarəçiliyindən çıxmaq istəyir və idarəedən müəyyən qruplara meyl
göstərir. Belə dövrdə adətən uşaqların dərslərdən qiymətləri də aşağı
düşür. Valideynlər uşaqların bu keçid dövrünə çox həssas
yanaşmalıdırlar. Bəzən də valideyn uşağı pis vərdişlərdən uzaq tutmaq
istəyir və əksinə uşağı özündən asılı edir. Ona görə çox evlərdə bu
problemlər artıb. Bu cür uşaqlara fiziki şiddət də tətbiq olunur,
ailələrdə, məktəblərdə böyük qalmaqallar yaranır. Ən böhranlı həddə
çatanda psixoloqa müraciət olunur”. 




N.Rüstəmovanın
fikrincə, yaxşı olardı ki, valideyn belə halda problemi öz bildiyi kimi
həll etməyə çalışmasın və məktəb psixoloqları bu məsələlərdə aktivlik
göstərsinlər: "Məktəb psixoloqları bu hallarda uşaqlarla aktiv
treninqlər keçirməlidir. Uşaq siqaretə meyllənirsə, cinsiyyətlə,
narkotiklə bağlı problemlərə də meyllənə bilər”. 




Mütəxəssis
deyib ki, şagirdlərdə siqaret çəkməyə meyl ən çox yay, qış istirahəti
dövrlərində təsadüf olunur. Çünki uşaqların asudə vaxtı düzgün təşkil
edilmir: "Valideyn bəzən uşağın boş vaxtını kompüter oyunları,
televiziya qarşısında filmlərə baxmaq, əyləncə ilə doldurur. Bu, çox
yanlışdır. Belə halda uşaqların neqativ vərdişlərə meyli artır.  Ona
görə də uşaqların yay, qış istirahət düşərgələrinin salınması da
vacibdir. "Nu, poqadi”, "Tom-Cerri” cizgi filmlərində də siqaretçəkmə
səhnələri var ki, bu uşaqlara neqativ informasiya ötürür. Yaxşı olardı
ki, efirlərdən ciddi şəkildə siqaretlərin bu şəkildə görüntüsünün
 qarşısı alınsın”. 




Mütəxəssis hesab edir ki,
məktəb psixoloqlarının bu sahədə maarifləndirilməsi və uşaqları
maairfləndirməsinə də ehtiyac var. Onun fikrincə, məktəbdə 2 min uşaq,
bir psixoloq varsa, bu da bir problemdir: "Məktəblərdə uşaqlar üçün
ayrı, yeniyetmə və daha yuxarı siniflər üçün ayrı psixoloq ştatının
ayrılması  daha məqsədəuyğundur. Necə ki, qadın məsləhətxanaları
fəaliyyət göstərir, eləcə də məktəblərdə psixoloq ştatı fəaliyyət
göstərməlidi. Bu məsələdə valideynlərin də məsuliyyəti olardı ki,
uşaqların psixoloji durumunu 5-6 aydan bir psixoloq tərəfindən
yoxladardı. Bu, hesab edirəm ki, uşaqların düzgün formalaşmasına kömək
edər”. 




Məsələ ilə əlaqədar Bakı şəhəri üzrə
Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, problemə
Səhiyyə Nazirliyi səviyyəsində mövqe bildirilibsə, yaxşı olardı ki,
nazirlik səviyyəsində mövqe öyrənilsin. Lakin gün ərzində nazirlikdən
telefon zənglərimizə cavab ala bilmədik.




S.Hilalqızı
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!