Qadınlar sosial şəbəkədə nə axtarır?

Qadınlar sosial şəbəkədə nə axtarır?
Qadın dünyası
10.09.2017 7
Texniki
inkişafı gündəlik yaşamımıza təsirsiz ötüşmür. Demək olar ki, yaş
təbəqəsi, işindən asılı olmayaraq hər birimiz günümüzün böyük hissəsini
məhz bu virtual məkanda keçiririk. Virtual məkanda dost deyə əlavə
etdiyimiz, adlandırdığımız şəxslərin sayı günü-gündən artmaqdadır.
Nəticə etibarı ilə illərlə tanıdığımız, dostluq yaratdığımız insanlardan
uzaqlaşaraq real həyatda üzünü bircə dəfə də olsa, görmədiyimiz
biriləri ilə fikir mübadiləsi aparırıq.



İnternetin
faydalı tərəfləri ilə yanaşı zərərləri də az deyil. Etiraf edək ki,
virtual məkan, ilk növbədə, real ünsiyyətə, insanlararası bağa zərbə
vurur. Uzun müddət internetdə vaxt itirmək nəticə etibarı ilə asılılıq
yaradır. Bu gün nəinki bəylərimiz, o cümlədən də xanımlarımız həyatını
internetsiz təsəvvür edə bilmir. Öncəki illərlə müqayisədə sosial
şəbəkədə aktivliyi ilə seçilən, daha müstəqil fikir yürüdən
xanımlarımızın da sayı artıb.



Bəli,
internet həm də həqiqətləri göstərir... Sanki, o da bir dünyadır və bu
dünyada sən necə davranmağın lazım olduğunu bilirsən. Bəs, görəsən,
xanımlarımız sosial şəbəkələrdə daha çox nəyi müzakirə edirlər? Ani
olaraq virtual məkana nəzər yetirək. İlk olaraq, işgüzar xanımlardan
danışaq. Belə görünür ki, işgüzar qadınlar daha çox günün necə
keçdiyini, hansı hadisələrlə, necə tip insanlarla qarşılaşdığını
müzakirə predmetinə çevirir, geniş fikir mübadiləsi təşkil edir.
Reallığı əks etdirərək deyək ki, belə xanımlar evdar qadınlardan daha
müstəqil fikir yürüdə, tələblərini ifadə edə, hüquqlarını qoruya bilir.
Daha üsyankar mövqedə dayanan işgüzar xanımlar cəmiyyətdə baş verən
proseslərə də toxunaraq şəxsi mövqelərini sərgiləyirlər. Geyim-keçim
dünyası da belə xanımların maraq dairəsinə daxildir. Onlar sosial
şəbəkələrdə, müxtəlif qruplarda fəslin ən dəbli geyimləri haqda məlumat
alırlar.



Hər
axşam həyat yoldaşlarını daha gözəl qarşılamaq istəyi ilə maraqlı
ideyalar düşünən evdar xanımlarımız isə sosial şəbəkələrdə özləri üçün
əyləncəli bir dünya qurur. Bu dünyaya biş-düş məlumatları, evi necə
bəzəmək haqda ideyalar, həyat yoldaşını necə ələ ala bilməyin yolları
barədə bir-birindən maraqlı, rəngarəng informasiyalara yiyələnir. Həm də
virtual olaraq tanıdığı şəxslərlə fikir mübadiləsi aparır, müəyyən
məsləhətlər alır. Nəzər yetirsək, görə bilərik ki, belə xanımlar daha
çox ailə-məişət mövzularına, əyləncəli məlumatlara meyllidirlər. 



Hamilə,
yaxud da körpəsi olan analar üçün isə sosial şəbəkələr əvəzsiz rola
malikdir. Hər an yaranan hansısa problemlə əlaqədar olaraq həkimə
müraciət edə bilməyən xanım mövcud durumu şərh edərək təcrübəli
analardan məsləhət alır. "Hamilələr buraya”, "Hamilə və körpəsi olan
qadınlar” da belə xanımların maraq və müzakirə dairəsinə daxil olan
qruplardandır.



Bəs,
görəsən, sosial şəbəkədə aktiv olan dostlarımız Facebook, Twitter-də
nəyi müzakirə edirlər? Təşkil etdiyimiz bu sorğu ilə həmsöhbətlərimizin
virtual aləmdəki maraq dünyasına səyahət etdik. Sosial şəbəkədə
aktivliyi ilə seçilən həmsöhbətimiz Aysel Bəxtiyarlı deyir ki, daha çox
gündəmdə olan mövzuları müzakirə edir, son dəqiqə ilə bağlı ən maraqlı
xəbərləri dostları ilə paylaşır: "İnternetdən daha çox informasiya
mənbəyi kimi istifadə edirəm. Ölkədaxili və ölkə xaricində baş verən
mühüm hadisələri dostlarımla müzakirə etməyi sevirəm. Siyasi arenanı
sevmirəm. Bu səbəbdən siyasət istisna olmaqla digər sahələrdə baş verən
hadisələr, maraqlı informasiyalarla əlaqədar olaraq dostlarım arasında
fikir mübadiləsi təşkil edirəm. Bundan başqa günümüzün əsas
problemlərindən biri olan ailə-məişət mövzusuna da toxunuram”.



Digər
həmsöhbətimiz Aygün Asimqızı deyir ki, internetdən, o cümlədən də
sosial şəbəkələrdən daha çox işi ilə əlaqədar olaraq istifadə edir. O,
işlə bağlı özünə lazım olan hər kəsi bu məkanda asanlıqla tapa bildiyini
deyir: "İnternet və sosial şəbəkələr bu gün, demək olar ki, həyatımızın
ayrılmaz hissəsinə çevrilib. Hərə bir məqsədlə internetdən yararlanır.
Əsasən, işlə əlaqədar Facebook-dan istifadə edirəm. İşlə bağlı hər kəsi
burada tapmaq olur. Şəxsi tanışlarımla çox az hallarda sosial
şəbəkələrlə əlaqə yaradıram. Dostlarımın 3 faizi şəxsi tanışlarım ola
bilər. İşlə əlaqədar münasibət qurduğum şəxslər arasında real həyatda
dostum olanlar da var”.



Mövzunu
daha geniş şərh edən Aygün cəmiyyətə iradını da gizlətmir. O deyir ki,
bizim cəmiyyətdə sosial şəbəkəyə daxil olan qızlara, qadınlara münasibət
birmənalı deyil: "Bizim cəmiyyətdə sosial şəbəkədən istifadə edən
qızlara o qədər də yaxşı baxmırlar. Hətta işlə əlaqəli istifadə etsə
belə. Tanışlıq məqsədi ilə sosial şəbəkələrdən istifadə edən bəzi
gənclər cəmiyyətdə elə bir fikir formlaşadırıblar ki, sanki, ağıllı qız
internetdə olmaz. Bir nəfər tanış var, özü bütün sosial şəbəkələrdən
istifadə edir, evdə interneti də var. Amma onun anası, bacısı və yoldaşı
kompüterə yaxın dura bilməzlər. Deyirlər ki, qız sosial şəbəkədən ancaq
tanışlıq üçün istifadə edir. Bu, bir misaldır. O qədər belə düşünən
şəxslər var ki. Düşünürəm ki, biz bu fikirləri içimizdən silsək, yəqin
hər kəs sosial şəbəkələrdən səmərəli şəkildə yararlana bilər. Və
çalışmalıyıq ki, sosial şəbəkəsiz də qalmağı bacaraq. Səhərə qədər
sosial şəbəkədə oturmaq düz deyil”.



Digər
həmsöhbətimiz, aktivliyi ilə sosial şəbəkədə seçilən İlhamə Əbülfətdaha
operativ informasiya almaq məqsədi ilə sosial şəbəkədən istifadə
etdiyini deyir: "Sosial şəbəkədə xəbəri anında almaq imkanımız var. Və
maraqlı mövzuları, informasiyaları öz əhatəmlə müzakirə edirəm. Xaricdə
magistr təhsili almağı düşünürəm. Sosial şəbəkə mənə həm də bu
istiqamətdə yardımçı olur, daha sərfəli üsullar haqda məlumatlanıram”.



Nigar
Əliyeva maraq dünyasına aid olan məlumatları əldə etmək məqsədi ilə
sosial şəbəkədən yararlandığını deyir: "İnternet artıq mənim də
həyatımın ayrılmaz tərkib hissəsidir. İş günləri daha çox bununla
əlaqədar olaraq sosial şəbəkədə oluram, lazım olan informasiyanı
axtarıram. Ara günlərdə və ya boş vaxtlarda maraq dünyama daxil olan dəb
aləmi, texnologiyadakı yeniliklər haqda məlumtalardan faydalanıram”.



Sevincimizi,
kədərimizi bölüşdüyümüz Facebook və bu kimi digər sosial şəbəkələrə
bağlılığımız bir çox hallarda problemlərin yaranmasında, ailələrin
dağılmasında özül rol oynayır. Mövzunu Milli.Az psixoloq Narınc
Rüstəmovailə müzakirə etdi.



Sosial
şəbəkələrdə maraqların müxtəlif olduğunu deyən N.Rüstəmova bu gün istər
evdar, istərsə də işgüzar xanımlarımız üçün internetin yararlı olduğunu
söyləyir: "Sosial şəbəkədə, internetdə hər kəsin maraq dairəsi
fərqlidir. Mövzunu ümumiləşdirə bilmərik. Xanım sosial şəbəkələrdə
övladını necə böyütməsi, onunla necə ünsiyyət qurması haqda informasiya
ala, nələrisə müzakirə edə bilər. Bu gün sosial şəbəkələrdə müxtəlif
adda qruplar fəaliyyət göstərir. Qadınlara yararlı ola biləcək belə
qruplar da az deyil. Xanımlarımız da özlərinin maraq dairəsində olan
belə qruplara qatıla bilərlər. Biz özümüz də psixoloq olaraq sosial
şəbəkələrdə aktivik. Və müşahidə edirik ki, evli xanımlar, xüsusən də
analar sosial şəbəkədə hansısa məsələni müzakirə etməyə daha çox
üstünlük verir. Forumlarda xanımlar bir-biri ilə ailə münasibətləri, ev
qayğıları haqda virtual söhbət qurur. Xanımın övladı haqda nələrisə
forumdan öyrənməsi normaldı. Bu, məsələnin müsbət tərəfi”.



N.Rüstəmova
deyir ki, bəzi xanımlar öz adları ilə deyil, müxtəlif adla qeydiyyatdan
keçir. Qadının sosial şəbəkədə daha çox vaxt keçirməsi ailədaxili
problemlərə yol açır. Psixoloq qeyd edir ki, ailədə xoş gün görməyən,
normal münasibəti olmayan qadın daha çox sosial şəbəkəyə meyllidir:
"Əslində internet subnimasiya formasıdı. Qadın internetdə çox vaxt
keçirirsə, ev işlərindən, ailəsindən, övladından uzaqlaşırsa, bu
münasibətlərə də təsir edir. Bu problem-internet asılılığı çox zaman
cütlüklər arası münasibətlərdən qaynaqlanır. Ailədə normal münasibət
görməyən xanım üçün ən sadə yol internetdi. Beləcə, o, internetdə
vaxtını öldürür, zamanın necə keçdiyini hiss etmir. Yaxşı olardı ki,
səbəblər ailədaxili münasibətlərdə axtarılsın. Ailədaxili münasibətlər
korreksiya olunduqca qadın internetə yalnız lazım olduqda, qısa
müddətlik daxil olacaq. Bu gün internetdə yaşından asılı olamayaraq hər
kəs özünü istədiyi kimi təqdim edir. 18 yaşlı gənc özünü 30, 30 yaşlı
birisi isə 20 yaşlı gənc qız, ya oğlan kimi təqdim edir. İnternetdə biz
real mənimizi deyil, ideal mənimizi göstəririk. Özümüzü necə görmək
istəyiriksə, eləcə də təqdim edirik. Nəticədə ailələr dağılır,
münasibətlər korlanır. Xanım real olaraq tanıdığı həyat yoldaşını
virtual olaraq tanıdığı birisi ilə müqayisə edir. Əslində baxsaq,
görərik ki, qadınla virtual olaraq danışan kişi öz ailəsində heç də
müsbət obrazda deyil, yaxud ailə münasibətləri normal deyil”.



İntim
həyatın normal olmaması da tərəflərarası münasibətlərə, onların
internetə daha çox meylli olmasına təsir edir. N.Rüstəmova deyir ki,
tərəflərin münasibəti normal olarsa, onlar güzəştə getməyi bacararlarsa,
bu halla qarşılaşmazlar. N.Rüstəmova internet asılılığına son qoymaq
üçün tərəflərə problemlərini analiz etməyi məsləhət görür: "Xüsusən də
xanımların internetə həddindən artıq meylli olması onun ailəsində
müəyyən problemlərin olmasından xəbər verir. Ailə üzvləri bir-birini
başa düşə, bir-biri ilə vaxt keçirə, ər-arvad münasibətlərdən zövq ala
bilmədiyi üçün belə problemlər ortaya çıxır. Nəticədə insanlar özlərinə
qapanır, süfrə başında əyləşən ailənin dörd üzvü əlində telefon sosial
şəbəkədə vaxt keçirir. Yaxşı olardı ki, problemdən əziyyət çəkən hər
kəs, ilk növbədə, gününü analiz etsin, neçə saatını internetdə olduğunun
fərqinə varsın”.



Psixoloq
deyir ki, əgər tərəflərarası münaqişə yoxdursa, bu, o demək deyil ki,
münasibətlər qaydasındadır: "Elə cütlüklər var ki, heç dalaşmırlar,
lakin davranışlarına nəzər yetirdikdə görürsən ki, bir-biri ilə iki yad
insan kimi davranırlar. Cütlüklər bir-birindən zövq ala bilmir və
düşünür ki, internetdə vaxt keçirərək həyatındakı boşluğu doldursun.
Normal insan internetdə iki saat yarımdan artıq vaxt keçirtməməlidir.
İki saat yarımdan artıq internetdə olmaq insanın problemlərinin
olmasından xəbər verir. Ailəmizdə rahat deyiliksə işdə,
münasibətlərimizdə də rahat ola bilmirik. Bütün problemlərin kökünü
münasibətlərdə axtarmaq lazımdır. Münasibət tam təmin olunarsa, bu zaman
sosial şəbəkədən asılılıq aradan qalxar”.



Vaxtını
boşuna sərf edən xanımlara psixoloq məsləhət görür ki, "internetdən nə
əldə etdim", "necə faydalandım" deyə öz-özlərinə sual versinlər, bəlkə
belədə itirilən zamanlarına heyifləri gələr: "Saatlarla internetdə vaxt
itirən qadın düşünməlidir ki, bu qədər vaxt itkisi qarşısında
internetdən nə əldə edə bilib, necə faydalanıb. "İnternetdən
gözləntilərim nədir?” - bu sual ətrafında da düşünülməlidir. Bu cür
yanaşma tərzi ilə düşünürəm ki, problemin kökünün hardan qaynaqlandığını
tapa bilərik. Əgər valideynlər və ya xanımın həyat yoldaşı ondan
şikayətlənirsə, bu zaman psixoloqa müraciət edərək problemin necə
çözülməsinin həllini tapmaq lazımdır”.



İnternet
asılılığının son illər ölkəmizdə də artdığını deyən N.Rüstəmova yaxın
gələcəkdə İngiltərə, Almaniya kimi ölkəmizdə də reabilitasiya
mərkəzlərinin yaranacağını proqnoz edir: "Bu gün internet əsrin böyük
bəlasına çevrilib. Gecəni belə kompüter önündə yatanlar var. Artıq
dünyada asılılıqlar sırasında internet dördüncü yeri tutur. Dünya
ölkələri sırasında, xüsusən də İngiltərə, Almaniya bu problemdən əziyyət
çəkir. İnternet də narkotik kimi insanları özündən asılı vəziyyətə sala
bilər. Öncə hər kəs düşünür ki, bu asılılıqdan asanlıqla yaxa qurtara
biləcək. Bu düşündüyümüz qədər asan deyil. Məhz buna görə, İngiltərə və
Almaniyada insanların internet asılılığına son qoymaq məqsədi ilə artıq
reabilitasiya mərkəzləri yaradılıb. Düşünürəm ki, bu gedişatla
İngiltərə, Almaniyada fəaliyyət göstərən reabilitasiya inistitutları bir
azdan Azərbaycanda da yaranacaq”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!