Ramazanda dua

Ramazanda dua
Qadın və Din
10.09.2017 12
Dua hər zaman möminin
güvənib söykəndiyi bir silahdır. Həyatının hər bir anında duaya sarılıb
Allahın lütfünə yönəlmək mömini başqa insanlardan ayıran ən mühüm
xüsusiyyətlərdən biridir. Mömin həyatının hər anında duaya müraciət
edəndir.

Gündə beş vaxt qıldığı namazın mənası "dua”dır. Axşam
yatarkən, sabah qalxarkən, yeməkdən qabaq və sonra, evdən çıxarkən,
dostu ilə görüşərkən, bir sözlə bütün davranış və hərəkətlərində dua
möminin unuda bilməyib vərdiş halına gətirdiyi bir əməldir.O, bu vərdiş
gücünü Peyğəmbərin sünnəsindən alır. Peyğəmbər (s.a.a) hər zaman dua
edər və möminlərin də dua etməsini əmr edərdi. Çünki dua mömini Rəbbinə
yaxınlaşdıran vasitədir.

Duanı bir əsas olaraq mənimsəyən mömin nemət
və bolluq zamanı Rəbbini xatırlayıb şükür hissləri ilə dolduğu və bunu
həmd etməklə ifadə etdiyi kimi, çətin və sıxıntılı anlarında da Rəbbinə
sığınıb yalnız Ondan yardım istəyər.

Uca Rəbbimiz də mömin qullarının hər zaman Özünə dua etməsini istəyir:

"Qullarım
Məni səndən soruşarlarsa onlara de ki: həqiqətən Mən onlara çox
yaxınam. Onlardan biri dua edincə şübhəsiz ki, duasına cavab verirəm. O
halda onlar da doğru yola çatana qədər Mənim dəvətimə itaətlə
yönəlsinlər və Mənə imanda davam etsinlər” (Bəqərə, 186).

Bu, hər
zaman belədir. Lakin elə vaxtlar var ki, o vaxtlarda edilən duaların
başqa zaman edilən dualara nisbətən qəbul olma ehtimalı daha çoxdur. Bu
bərəkətli vaxtlar arasında səhər çağı, Cümə günlərinin müəyyən bir
saatı, mübarək olan bir-sıra gecələr və xüsusən də Qədir gecəsi, Ramazan
ayının bütün günləri ən bərəkətli, duaların ən çox qəbul olduğu
vaxtlardır.

Aşağıdakı hədislərdən də görəcəyik ki, belə vaxtlarda
ilahi mərhəmət artar. Mömin də duasının qəbul olması üçün ixlas və
səmimiyyətlə Allah təalanın nəzdində sevimli bir qul olmağa çalışar.

Hədislərdə dediyimiz bu məsələnin üzərində durulur və möminlər duaya təşviq edilir:

"Ramazanın
ilk gecəsində cənnət qapıları açılır. Hər gecə sabaha qədər belə
deyilər: Günahlarının bağışlanmasını istəyən, tövbə edən yoxdurmu, Allah
onun duasını qəbul etsin? Dua edən yoxdurmu? Cavab verilsin. Özü üçün
bir şey istəyən yoxdurmu? İstəyi o an yerinə gətirilsin”.

Başqa bir hədisdə oruc tutanın adı duaları qəbul edilən üç şəxsin adları arasında çəkilir:

"Üç nəfərin - ədalətli dövlət başçısının, iftar edənə qədər oruclunun və məzlumun duası geri çevrilməz”.

İslamın
digər məsələlərində olduğu kimi, bu xüsusda da bizə ən gözəl nümunə
olan Peyğəmbərimiz (s.a.a) Ramazan ayında ibadət və dualarını daha da
artırardı. Bundan əlavə, ətrafında olan möminlərin də bol-bol dua
etməsinə vəsilə olurdu.

Ümumiyyətlə, ilahi lütfə tuş gələn Ramazan
ayında iftar vaxtlarının ayrı bir feyz və qiyməti var. Bu müstəsna
vaxtın dua baxımından daşıdığı əhəmiyyəti Peyğəmbərimiz (s.a.a) belə
açıqlayır:

"Oruc tutanın iftar vaxtındakı duası geri qaytarılmaz (qəbul edilər)”.

Abdullah ibn Ömərin (r) rəvayətinə görə, Peyğəmbərimiz (s.a.a) iftar vaxtında bu duanı tez-tez təkrar edərdi:

"Ey Rəbbim, hər şeyi əhatə etdiyi lütfünlə məni bağışla”.

Xətalardan
xaliliyi və günah uzaq olması ilə seçilən Peyğəmbərin (s.a.a)
dualarında ümmətinə hidayət istəyi vardır. Peyğəmbər (s.a.a) belə dua
etməklə möminlərə iftar vaxtının feyz və bərəkətindən istifadə etməyin
ən gözəl yollarından birini göstərmiş və iftar vaxtının istiğfarla
dəyərləndirilməsinin əhəmiyyətini bizim diqqətimizə çatdırmaq
istəmişdir.

Elə bu cür iftarlarda və səhər vaxtlarında ilahi dərgaha
göndərilən ixlaslı dua və istiğfarlar sayəsində möminlər Ramazan ayının
sonunda günahlardan təmizlənir, tər-təmiz bir ruh və mənəviyyata sahib
olurlar. Bu baxımdan şüurlu bir mömin içərisində üzdüyü misli olmayan bu
fürsətlər dənizindən bacardıqca faydalanmağa çalışmalıdır. Tövbələrin
ən çox qəbul edilib günahların ən çox bağışlandığı və istəklərin ən
yüksək ehtimalla qəbul edildiyi bu mübarək ayda hər vasitə ilə Allaha
yönəlmək gərəkdir. Lütf dəryasının daşdığı Ramazan ayı boyunca ən gözəl
dualar oxunmalı, Peyğəmbərə salam və xeyir-dualar edilməlidir. Qurandan
və hədislərdəki qiymətli dualara sarılaraq Allaha daha da yaxınlaşmaq
lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!