Əqiqə

Əqiqə
Qadın və Din
10.09.2017 17
Müstəhəbdir ki, yeni doğulmuş uşağın yeddinci
günündə heyvan kəsilsin. Buna fiqh elmində "əqiqə etmək” deyilir. Əgər üzrlü
yaxud üzrsüz səbəbə görə körpənin yeddinci günündə əqiqə etməsələr, onu sonrakı
günlərdə də edə bilərlər. Hətta bir kəsin uşaqlıq dövründə onun üçün əqiqə etməsələr
müstəhəbdir ki, həddi buluğa çatdıqdan sonra özü özü üçün əqiqə etsin.
("Minhacus-salihin” Ayətullah Seyid Əli Sistani cild 3 məsələ 394; Xoyi, Təbrizi
cild 2 məsələ1384; Xorasani cild 3 məsələ 1384)

Qurbanda deyilmiş şərtlər əqiqədə də mövcuddur (yəni heyvanın qüsursuz olmağı,
yaşı və s.). Əqiqə olaraq qoyun, keçi, inək və ya dəvə kəsilməlidir. Lakin ən
yaxşısı budur ki, qoyun kəsilsin. İmam Cəfəri Sadiq (ə) buyurur: "O (əqiqə)
qoyun ətindəndir. Qurbanın yerində deyil. Hər hansı bir qoyun olsa kifayətdir.
Lakin ən xeyirlisi ən yağlı olanıdır.” ("Şərhi-lümə” cild 2, səh.482)

Əgər körpə oğlan uşağıdırsa erkəkheyvan, qız uşağıdırsa dişi heyvan kəsilməsi müstəhəbdir. İmam Cəfəri
Sadiq (ə) buyurur: "Əgər sizlərdən birinin
oğlan yaxud qız uşağı doğularsa onun yeddinci günündə oğlan uşağı üçün erkək,
qız uşağı üçün isə dişi qoyunu əqiqə edin.”("Fiqhus-Sadiq” cild 22, səh. 286)

Müstəhəbdir ki, əqiqə ediləcək heyvanın əti yağlı olsun.

Müstəhəbdir ki, əqiqə kəsilərkən hədislərdə nəql olunmuş dualardan oxunsun. O
dualardan biri də aşağıda qeyd olunmuş duadır.

Kərxinin İmam Cəfəri Sadiq (ə)-dan nəql etdiyi dua:

"Bismillah və billah, Allahummə hazihi əqiqətun ən fulanin ləhmuha biləhmihi, dəmuha
bidəmihi, əzmuha biəzmihi. Allahummə icəlhu viqaən li ali Muhəmmədin sallallahu
əleyhi və alihi.” ("Şərhi-lümə” cild 2, səh.482)

Burdakı "fulanin” kəlməsinin yerinə əqiqə kəsilmiş uşağın adı qeyd olunmalıdır.

Əqiqəni onun qiyməti qədər sədəqə ilə əvəz etmək olmaz. Əgər əqiqə etmək mümkün
olmasa bu zaman mümkün olacaq vaxta qədər gözləməli imkan tapan kimi isə əqiqə
etməlidir.

İmam Sadiqdən (ə) soruşdular:

"Biz əqiqə axtardıq lakin tapa bilmədik. Onun pulunu sədəqə verməyimiz barədə nəzəriniz
nədir?”

İmam Sadiq (ə) buyurdu: "Xeyr.
Həqiqətən Allah (əqiqədə) yemək yedirilməyini və qan axıdılmağını (heyvan kəsilib
ehsan edilməsini) sevir.” ("Şərhi-lümə” cild 2, səh. 483)

Müstəhəbdir ki, ətin dörddə bir hissəsi mamaçaya verilsin. Həmin hissənin ayaq
və bud tərəfdən olması müstəhəbdir. ("Minhacus-salihin” Ayətullah Sistani cild
3, məsələ 395)

Əgər mamaça olmasa o zaman ona düşən payı ana sədəqə versin. Əqiqəni ata kəssə
belə yenə də həmin payı ananın sədəqə verməsi müstəhəbdir. Hədislərdə qeyd
olunanlara əsasən əqiqəni yalnız fəqirə sədəqə vermək lazım deyil. Onu istənilən
şəxsə vermək olar. ("Şərhi-lümə” cild 2, səh. 483)

Həmin heyvanın ətindən atanın və onun ailəsinin yeməsi məkruhdur. Ehtiyata əsasən
ana da onu yeməkdən çəkinməlidir. Ayətullah Sistani ananın o ətdən
yeməsini məxsusi şəkildə məkruh bilir.İmam Cəfəri Sadiq (ə) buyurur: "Əqiqə edilmiş heyvandan kişi (uşağın
atası) və onun ailəsindən olan heç kəs yeməsin.” ("Fiqhus-Sadiq” cild 22, səh.
291)

Yaxşı olar ki, ətin qalan hissəsi qaynadılaraq bişirlisin və qonaqlıq təşkil
olunaraq möminlər dəvət olunsun. Daha yaxşı olar ki, möminlərin sayı ən azı on
nəfər olsun. Qonaqlıqda süfrəyə yalnız əqiqə əti, çörək və duz qoyulmalıdır.

İmam Sadiq (ə) buyurur:

"Ondan (əqiqədən) on möminə yedirilər. Əgər (onların sayı) daha çox olsa
daha da fəzilətlidir.” ("Şərhi-lümə”
cild 2, səh.484)

Əqiqə olunmuş heyvanın sümüyünü sındırmaq məkruhdur. Bunun əvəzinə sümükləri
oynaqlardan bir-birindən ayrırarlar. ("Şərhi-lümə”
cild 2, səh.483). Bəzi yerlərdə əqiqə olunmuş heyvanın sümüyünü yığıb bir
parçaya bükərək dəfn edirlər. Lakin bilmək
lazımdır ki, bu əməlin şəri cəhətdən bəyənilən bir iş olmasına dəlalət edən heç
bir dəlil yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!