Ünsiyyət əxlaqı

Ünsiyyət əxlaqı
Qadın və Din
10.09.2017 22
 
İnsanlar
balaca qəsəbə və kəndlərdə yaşayanda, kiçik şəhərlərdə məskunlaşanda,
dar küçələrdə yan-yana keçəndə, məclis və mərasimlərdə bir araya
tez-tez toplananda bir-birlərinin halından xəbərdar olurdular. Daha çox
yaxınlıq edir, daha sıx əlaqə bağlayırdılar. Hal-əhval tutmaq,
xəbər-ətər sormaq, dəstək və ya yardım etmək asan idi. Bu gün şəhərlər o
qədər genişlənib ki, yaşayış mənzilləri o qədər çoxalıb və yaxın
insanlar bir-birindən o qədər uzaqlaşıblar ki, hamı öz hayında qalıb,
hay-haray edib çağıranı isə eşidən çox az və ya heç yoxdur. Fərdi
azadlıq dediyimiz məfhumun çərçivəsi o qədər genişlənib ki, özünü
inkişaf etmiş düşündükcə, başqaları ilə əlaqəsi də eyni zamanda
zəifləməyə başlayıb. Əslində insanların bir-birlərilə əlaqələri
mürəkkəbləşib və çətinləşibdir. Bu üzdən insanlar bir-birinə ya
güvənmir, ya etibar etmir, ya çəkinir, qorxur, bir sözlə hər hansı bir
formada uzaq durmağa yaxud yaxına buraxmamağa çalışır. 

Halbuki,
İslam dininin əsas özəyi də elə odur ki, insanlar daim bir-birlərilə
gözəl əlaqədə, xoş rəftarda və sıx ünsiyyətdə olsunlar. Baxırsan ki,
insanların halı çox qəlizləşmiş və qəribələşmişdir. Kimisi ancaq yaxşı
tanıdıqlarına salam verir, kimisi heç salam almır və ya məşğul
olduğundan salam verməyə vaxt tapmır, kimisi də hətta salam verib
almaqdan zəhləsi gedir. Ilk baxışdan belə bir hala, Peyğəmbərimizin
sünnətinin tərk edilməsi kimi baxa bilərik. Amma məsələ getdikcə daha da
təhlükəli olur. Sadəcə bir sünnət əməlini həyata keçirib keçirməməkdən
deyil, insan bağlarının, cəmiyyət sütünlarının zəifləməsi və
qırılmasından ibarətdir bu məsələ. Yalnız salam alıb vermək olsaydı kaş,
amma dərd bununla bitmir. Qohum əqraba, qonum-qonşu, ər-arvad,
valideyn övlad, iş yoldaşları və sairə kimi əziz və mehriban olması
gərək olan əlaqələr, əzab-əziyyətə və nifrətə çevrilir. 
Hər gün eşitdiyimiz və xəbərlərdə gördüyümüz qohumlar və yaxınlar arasında baş verən cinayətlərin bəs səbəbi nədir? 
İlk qığılcım nədən və hansı addımdan başlayıb? 
Yaxşılıq etmək hissinin ölməsindən. 
Bir tərəfdən də əlaqəni kəsən, yaxınlıq etməkdən çəkinən insanlara da
haqq qazandırmaq istəyir adam. Gözəl əxlaqlı, xoş rəftar və möminə
yaraşan bir şəkildə mehriban insan olmağa çalışarkən biri, başqaları bu
məqamdan fürsət kimi istifadə edib, öz mənfəətlərini həyata keçirməyə
çalışırlar. Əksər hallarda da mənfəətlərini əldə etməklə yetinmir, bir
də həmin adama arxadan zərbə vurub, yerə çökdürürlər. Peyğəmbərimizin,
Onun əhli beytinin və səhabələrinin həyatını oxuyanda, insanlar arasında
qardaşlığı necə qurduğunun şahidi oluruq. Bir-birinə yaxın olmayan,
başqa şəhərlərdən, başqa ailələrdən, müxtəlif statuslardan, hətta
bir-birinə düşmən sayılan insanları belə Rəsulullah Allahın izniylə
qardaş etdi. Bunları xatırladıqca insanın içindən necə alovlu hisslər
keçir. Amma müasir dövrdə, hətta müsəlman və özünün mömin olduğunu iddia
edən insanlara baxırsan ki, nə qardaşlıq, hətta özünü doğru dürüst
insan kimi apara bilmir. Müsəlman adına yaraşan şəkildə hərəkət etməyi
bacarmır. 

Olanları-bitənləri, hadisələri, səbəb və nəticələri
yazmaqla bitən deyil. Danışdıqca, xatırladıqca da insanın içi sızlayır,
suyu bulanır, artıq məyus olmağa başlayır. Amma təbii ki, nə olur
olsun məyus olmaq və geri çəkilmək olmaz. Peyğəmbərimiz (sallallahu
aleyhi və səlləm) buyurub ki; "İnsanlarla bir arada yaşayan, qaynıyıb
qarışan və onların əziyyətinə səbr edən mömin, insanlara qarışmayan və
onların əziyyətinə qatlanmayan mömindən daha xeyirlidir."
Əlaqələr zəiflədikcə, bir-birinə əziz və yaxın olacaq insanların
rəftarları quru və soyuq olduqca, aralarında kin və nifrət artmağa
başlayır. Gözlər bir-birinə baxanda nəfslərdə vəhşi hisslər, qəlblərdə
qəddar duyğular oyanır. Hətta göz-gözə gəlməkdən ya qorxur ya da
çəkinirlər. İnsanların içi o qədər sızlamağa və inciməyə başlayır ki,
səbəbsiz yerə bütün insanlarla eyni cür rəftar etməyə başlayır. Bunun
üçün yaxşılıq (ehsan) etmək gərəkdir. Başqasına yaxşılıq edən kəs
əslində ilk öncə elə özünə yaxşılıq etmiş sayılır. Ehsanın ilk addımında
həmin şəxs həmən qarşılığını və hətta demək olar ki, mükafatını alır.
Rəbbimiz buyurur ki; "(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat)
al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına
bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü
dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır).
Allah (hər şeyi) eşidəndir, biləndir." (Tövbə, 103).

Qəlbində
iman olan şəxs tam əminliklə inansın ki, Rəbbi eşidən və bilən olduğu
üçün, onun əməlini görür, həmən sədəqəsini qəbul edir, onu maddi və mənəvi
olaraq paklaşdırır. Paklaşdırırsa, deməli içində olan kin-nifrət,
qəlbində olan hiss-pas və sairə bütün mənfi duyğuları təmizləyir, onu
sağlam edir. Sağlam olduqca da mömin daha irəliyə addımlaya bilir, Rəbbi
tərəfindən müvəffəqiyyət qazanır. Çünki onun əməlini, sədəqəsini və
ehsanını birbaşa Allah qəbul etmişdir. Buyurur ki, Rəbbimiz; «Məgər
onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edər, sədəqə (zəkat)
alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!» (Tövbə, 104).
Gözəl rəftar, həmdəm və həmdərd olmaq, başqasının ağrısına səs vermək,
bölüşmək duyğusu insanların içində, fitrətində saxlıdır. İnsan dünyaya
gələrkən bunlar onun içində olur, bütün dəyişikliklər isə həyatının
sonrakı dövründə baş verir. Heç görməmisinizmi, körpə uşaq başqa bir
körpə uşağın ağladığını görən də, o da ağlamağa başlayır?! Bu hisslər
əvvəldən var olsa da, sonradan bəslənilməsə, qorunmasa, işlədilməsə,
azalıb yox olur. Boşuna deməmişdir Rəsulullah, iki barmağını birləşdirib
göstərərək belə buyuranda; «Mən və yetimə baxan cənnətdə beləyik»,
yəni bu qədər yaxınıq. 

Çoxumuz uşaqlarımıza Qurandan surələr
əzbərlədir, hədislər oxutdururuq. Onlar xeyir əmələ çağıran ayələri və
hədisləri əzbərləyirlər, amma bir dəyişiklik hiss edə bilmirik,
görmürük. Bu əzbərçilik o uşaqlara heç bir fayda vermir. Çünki onlar
gün ərzində valideynlərinin əməllərinin şahidi olurlar. Valideynləri
nəyi necə edir və insanlarla necə raftar edirlər, bunu görürlər.
Valideynlər uşaqlarına yaxşılıq, ehsan və yardımlaşma kimi nümunələr
göstərə bilmirlərsə, əzbərlənən ayələrin nə faydası olacaq ki?! Təbii
ki, uşaqların tərbiyəsi və psixologiyasına yalnız valideynləri deyil,
saatlarla oturduqları məktəb sinifləri, sinif yoldaşları, saatlarla
ünsiyyətdə olduqları müəllimlər, ətraf mühit və media çox təsir edir.
Bunun üçün valideynlərin tərbiyəsilə yanaşı, uşaq bağçası, məktəb,
universitet və sairə tədris və təhsil ocaqları uşaqlara yalnız kitab
dərsləri deyil, onlara mənəviyyat və insanlıq baxımından da
marifləndirici dərslər keçməlidirlər. Bu işləri bir formada etmək
lazımdır. Bu sadəcə müəllim, direktor yaxud rektorlardan asılı bir
məsələ deyil ki, oturub onları gözləyib, nə olar-olar deyə əlimizi
yanımıza salaq. Hər birimiz bacardığımız qədər, bildiyimiz vasitəylə bu
məsələ uğrunda addım atmalıyıq, təşəbbüslər etməliyik. Mediaya öz
təsirimizi göstərməyə çalışmalıyıq. Ən azından uşaqları medianın mənfi
təsirindən qorumağı bacarmalıyıq. Uşaqlardan başlayarsa yaxşılıq və
ehsan toxumları əkilməyə, sonradan cəmiyyət yaxşılığa doğru dəyişə
bilər. Bu, çətin iş olsa da ən uğurlu iş sayılır. Ən azından, həyatının
30 ilini ehsan nədir bilmədən yaşayan insanı dəyişməkdən çətin deyil. 
Uşaqlara Allahı, Rəsulunu və insanları sevməyi aşılamağı bacarmalıyıq. 

İnsanları sevməyi bacarmaq özü, Allah təalanın böyük vergisidir. 
İbn Abbas (Allah ondan razı olsun) Allahın nemətləri haqqında
danışarkən 3 məsələni qeyd edib və deyib ki; «Hansı bir yerə (torpağa)
yağış yağıbsa, ona görə Allaha həmd etmişəm, sevinmişəm. Mənim o
torpaqda nə qoyunum var, nə dəvəm var. Hansı qazinin ədalətini
duymuşamsa, onun üçün Allaha dua etmişəm. Mənim o qazi ilə əslində heç
bir məhkəmə işim yoxdur. Allahın kitabından hansı ayəni bilmişəm,
öyrənmişəmsə, mənim öyrəndiyimi insanların da öyrənməsini istəmişəm,
arzu etmişəm.» Insanlar üçün xeyri və yaxşılığı sevmək budur. Qəlbin
sağlam, köksün kin və nifrətdən uzaq olmasıdır bu. 
Son olaraq,
Rəbbimizin bir ayəsini xatırlayaq və Ona dua edək ki, bizi o ayədə qeyd
olunanlardan etməsin, onlardan uzaq etsin və bizi islah etsin.
Rəbbimiz buyurub ki;«O kəslər ki, özləri xəsislik etməklə bərabər,
başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş
etdiyi nemətləri gizlədirlər. Biz (belə) kafirlər üçün alçaldıcı əzab
hazırlamışıq!» (Nisa, 37)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!