69. Əl-Haqqə surəsi

69. Əl-Haqqə surəsi
Qadın və Din
10.09.2017 31
Əl-Haqqə (Haqq olan qiyamət) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir)



Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 - Haqq olan qiyamət!

2 - Nədir qiyamət?!

3 - Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)

4 - Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!

5 - Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.

6 - Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.

7 - Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

8 - İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!

9 - Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.

10 - Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.

11 - Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.

12 - Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!

13 - Sur bircə dəfə üfürüləcəyi;

14 - Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -

15 - Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!

16 - Və (göy) süst düşüb parçalanacaqdır!

17 - Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!

18 - O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!

19 - Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!

20 - Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!”

21 - Bundan belə o, xoş güzəran içində,

22 - Yüksək bir Cənətdə olacaqdır.

23 - (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).

24 - (Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”

25 - Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!

26 - Hesabımın nə olduğunu bilməyəydim!

27 - Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)

28 - Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).

29 - Mülküm (səltənətim) də məhv olub getdi!”

30 - (Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!

31 - Sonra da Cəhənnəmə atın!

32 - Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!

33 - Çünki o, böyük olan Allaha inanmırdı.

34 - O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.

35 - Bu gün bax burda onun yaxın bir dostu yoxdur.

36 - İrindən başqa bir yeməyi də yoxdur.

37 - Onu ancaq günahkarlar yeyər!”

38 - And içirəm gördüklərinizə,

39 - Və görmədiklərinizə ki,

40 - Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!

41 - O, şair sözü deyildir! Nə az inanırsınız!

42 - O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!

43 - O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

44 - Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi,

45 - Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!

46 - Sonra onun şah damarını qopardardıq!

47 - Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.

48 - Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir.

49 - (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.

50 - Şübhəsiz ki, bu (Quran) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).

51 - Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir.

52 - Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!