Allahın yaratdığı möcüzələr

Allahın yaratdığı möcüzələr
Qadın və Din
10.09.2017 8
"Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini
verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini
də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)”
(Hud, 6).



Bir nəfərin gözəl bağı vardı. Öz bağını çox sevir, ona qulluq etməkdən
zövq alırdı. Bağın çox hissəsini üzüm tənəkləri təşkil edirdi. Bu adam
tənəkləri vaxtında budayar, dərmanlayar, məhsul zay olmasın deyə talvar
düzəldərdi. Özü dindar idi. Hərdən balaca oğlu da oynaya-oynaya onun
yanına gələr, gördüyü işi diqqətlə izləyər, bəzən sual verərdi. Verdiyi
sualların bir qismi də belə olardı: "Ata, filan şeyi kim yaradıb?”
"Filan şey kimindir?” Ata da bir qayda olaraq cavab verərdi: "Allah
yaradıb, oğlum. Hər şeyi Allah yaradıb”. "Hər şey Allahındır, oğlum. Biz
də Allahınıq, gördüyün hər şey Onundur, Amma bəzi şeyləri Allah yaradıb
və bizə verib ki, istifadə edək”.



Bir gün ata yenə bağda işləyirdi. Hələ talvar düzəltməyə macal tapmadığı
üzüm tənəklərindən birinə yaxınlaşanda gözlərinə inanmadı. Tənəkdəki
iri üzüm salxımları pis gündə idi. Kimsə üzüm gilələrini qırıb yerə
tökmüşdü. Tənəyin dibi yarı yeyilmiş üzüm gilələri ilə örtülmüşdü.



Adam çox qəzəbləndi. Hirsini saxlaya bilməyib qışqırdı: "Kim bu üzümləri
zay eləyib? Əlimə keçsə, onun dərisini üzəcəyəm”. Səsə oğlu yaxınlaşdı.
O da atasını qəzəbləndirən "günahkar”ın kim olmasını görmək istəyirdi.
Axı, atası heç vaxt boş yerə hirslənmirdi.



Adam ətrafa boylandı. Bu işi edənin hansısa heyvan ya quş olduğunu
anlamışdı. İndi onu tapmaq qalırdı. Qulağına qonşu tənəkdən xışıltı səsi
gəldi. Yarpaqların xışıltısı idi. Adam yaxınlaşdı. Yarpaqları aralayıb
baxdı. İki tısbağanı "cinayət üstündə” yaxalamışdı. Tısbağalardan biri
artıq hənirti eşidib başını qınına soxmağa macal tapsa da, o biri hələ
də qabaq ayaqlarını tənəyin gövdəsinə söykəyib dikəlmiş vəziyyətdə,
torpağa dəyməsinə az qalan bir üzüm salxımının gilələrini yeməkdə idi.



- Aha, tapdım sizi, ay yaramazlar!



Adam yaxına gəlib, tısbağaları yerdən qaldırdı. İndi bunlara necə cəza
versin ki, hirsi soyusun? Ağlına gələn ilk fikrə uyğun hərəkəti etdi:
"Siz mənim bağımın altını üstünə çevirirsiniz. Mən də sizinlə eyni
rəftarı edəcəyəm”. Tısbağaları arxası üstə torpağın üstünə qoydu.
Bilirdi ki, tısbağa qını üstə qalanda çevrilə bilmir və ən köməksiz
vəziyyətə düşür. Bu yolla onları bir müddət cəzalandırmaq istəyirdi.
"Qoy, bir neçə saat belə qalsınlar, ağılları başlarına gəlsin. Aclıqdan
üzülsünlər. Sonra yenə çevirib ayaqları üstə qoyaram”.



Adam iş-gücü ilə məşğul olmağa davam etdi. Axşam qəfil aldığı xəbərlə
bağı buraxıb şəhərdəki evinə qayıtmalı oldu. Bir həftə evdə olması
gərəkirdi.



Bir həftə keçdi. Yenə ailəsini toplayıb bağa qayıtdı. Ağaclardan,
tənəklərdən ötrü darıxmışdı. Dərhal bağın içinə çıxdı. Oğlu da qaça-qaça
ona yaxınlaşdı. İlk sualı da bu oldu:



- Ata, bəs bu bağ kimindir?



- Əlbəttə, Allahındır. Amma bizim ixtiyarımıza verib ki, biz onun
məhsullarından yeyək. Ona görə biz bağa qulluq edirik ki, məhsulları zay
olmasın. Axı, bu Allahın bizə əmanətidir.





Oğlu daha bir sual verdi:



- Bəs, arxası üstə çevirdiyin tısbağalar kimindir? Onları da Allah bu bağla birlikdə bizə əmanət verib?



Dünya atanın başına hərləndi. Tısbağaları əvvəlki vəziyyətinə qaytarmağı
unutmuşdu! Bu vəziyyətdə onlar ölümə məhkum idilər. Arxası üstə
qaldıqları müddətcə nə yeyə, nə də içə biləcək, acından öləcəkdilər. Həm
də quşlar bu vəziyyətdə onların bədənini dimdikləri ilə didib
parçalayacaqdı. Bu zavallılar da özlərini müdafiə edə bilməzlər."Aman
Allah, mən nə etdim?”



Tısbağaları qoyduğu tərəfə qaçdı. Həmin yerin üzərində, torpağa yaxın
hündürlükdə bir sərçə dolaşırdı. Fikrindən bu keçdi: "Yəqin tısbağalar
acından ölüb. Bu sərçə də onların çürümüş bədənini yeyir”.



Yaxına gəldi. İlahi, bu nədir? Gördüyü mənzərədən donub qaldı.
Tısbağalar ölməmişdi. Onları nə vəziyyətdə qoymuşdusa, eləcə
qalmışdılar. Ayaqlarını, əllərini ahəstə tərpədir, boyunlarını o
tərəf-bu tərəfə döndərirdilər. "Bəs, bir həftə nə yeyiblər? Necə olub
ki, acından ölməyiblər?” Gözü sərçəyə sataşdı. Sərçə dimdiyində yarpaq
qırıqlarını daşıyıb, tısbağaların ağzına qoyurdu! Adam dayə kimi
tısbağaları bəsləyən sərçənin işi qarçısında heyrətdə idi. Yaxın gedib
tısbağaları ayaqları üstə çevirdi. Yanında duran və mənzərəni səssizsə
seyr edən oğlunun saçlarını tumarlayıb, bayaqkı sualın bir qədər
gecikmiş cavabını verdi:



- Əlbəttə, bu tısbağalar da Allahındır, oğlum! Allahındır, buna heç şübhən olmasın!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!