Çağırış

Çağırış
Qadın və Din
10.09.2017 13
Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun -
Allahın ən sevimli dostu, Onun sonuncu peyğəmbəri və bütün bəşəriyyətə
göndərdiyi elçisi, habelə ən abid, ən əxlaqlı, ən həlim, Allahı ən yaxşı
tanıyan və Ondan ən çox qorxan bir insan olmuşdur. Allah onu ən gözəl
əxlaq sahibi etmişdir. Peyğəmbərə iman gətirmək imanın altı əsasından
biri sayılır. Ona iman gətirmək üçün isə onu tanımaq gərəkdir. Onu
tanımadan ona iman gətirmək qeyri-mümkündür. Peyğəmbərimiz Muhəmməd
miladi tarix ilə 571–ci ildə Məkkə şəhərində anadan olmuşdur. O,
Muhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Haşimdir. Onun atasının adı
Abdullah, anasının adı isə Əminədir. O hələ dünyaya göz açmamışdan əvvəl
atası vəfat edir. Bir neçə ildən sonra isə anası dünyasını dəyişir.
Bundan sonra o, babası Abdulmuttalibin himayəsində qalır. Babası vəfat
etdikdən sonra əmisi Əbu Talib ona qəyyumluq edir. O, Məkkə şəhərində
Allahın himayəsi altında təmiz bir həyat sürərək dürüst şəxsiyyət kimi
böyüyür. O, həyatı boyu bir yalan belə söyləməmiş və heç kəsə pislik
etməmişdir. Hətta, öz həmyerliləri onu "Muhəmməd Əmin”, "Etibarlı
Muhəmməd” deyə çağırırdılar. İyirmi beş yaşına qədəm qoyduqda o,
Məkkənin ən təmiz və ən zəngin qadınlarından olan Xədicə bint Xuveylid
ilə evlənir və ondan altı övladı dünyaya gəlir. Qırx yaşına çatdıqda Uca
Allah ona peyğəmbərlik bəxş edərək onu bütün bəşəriyyətə elçi olaraq
göndərir və onun vasitəsilə Öz nurunu bütün dünyaya yayır. Peyğəmbərimiz
Məkkədə İslam dinini üç il gizli, on il də açıq şəkildə təbliğ edir. O,
insanları özlərinin və ata-babalarının ibadət etdiyi daşlardan və
bütlərdən çəkindirərək yalnız Allaha ibadət etməyə, Ona heç bir şeyi
şərik qoşmamağa çağırır. O, insanlara namaz qılmağı, zəkat verməyi, oruc
tutmağı, doğru söz söyləməyi, əmanətə xəyanət etməməyi, qohumluq
əlaqələrini qoruyub saxlamağı, qonşularla yaxşı münasibətdə olmağı əmr
edir. Habelə, haram işlərdən, haqsız yerə qan tökməkdən, yalan və pis
sözlər danışmaqdan, yetimin malını yeməkdən, namuslu qadınlara böhtan
atmaqdan çəkindirir. Buna baxmayaraq Məkkə müşrikləri bu dini qəbul
etmək və batil inanclarından əl çəkmək istəmirdilər. Həmin dövrdə
Məkkədə və bütün Ərəbistan yarımadasında bütpərəstlik son həddə
çatmışdır. Belə ki, Kəbənin içində 360-dan çox büt var idi. Hər qəbilə
ibadət etdiyi bütü Kəbənin içinə yerləşdirir və vaxtaşırı onları ziyarət
etməyə gəlirdilər. Məkkədə yaşayan və Kəbəyə baxan Qureyş qəbiləsi
əsasən həmin ziyarətlərin hesabına gəlir əldə edirdi. Ona gərə də
Peyğəmbəri qəbul etməməyin səbəblərindən biri iqtisadi maraqlar idi.
Allahın dininə qarşı çıxan Məkkə müşrikləri Peyğəmbərin dəvətinin
qarşısını almaq üçün hər cür vasitəyə əl atırdılar. Onlar Peyğəmbəri ələ
salır, onu sehrbaz, kahin, dəli adlandırır, iman gətirən müsəlmanlara
hər cür işgəncə və əzab-əziyyət verməkdən çəkinmirdilər. Hətta iş o yerə
gəlib çatmışdır ki, Peyğəmbərin həyatına qəsd etməyə cəhd etdilər.
Peyğəmbər və onunla bərabər müsəlmanlar on üç il Məkkədə müşriklərin
əzab-əziyyətlərinə səbir edib dözdülər. Bundan sonra Allahın əmri ilə
Peyğəmbər iman gətirənlərlə Mədinəyə hicrət etdi. Mədinədə olanların
əksəriyyəti onu qəbul etdilər və mühacir müsəlmanlara sığınacaq
verdilər. O, Mədinədə İslamı təbliğ etməyə davam etdi və nəticədə
insanlar İslam dininə dəstə-dəstə daxil olmağa başladılar. Nəhayət,
bütün Ərəbistan yarımadası İslamı qəbul etdi. Muhəmməd peyğəmbər on il
Mədinədə yaşadıqdan sonra altmış üç yaşında vəfat etdi və Allahın
rəhmətinə qovuşdu. İnsanları dünya və axirətdə səadətə, əmin-amanlığa
qovuşduracaq İslam dini Qiyamətə qədər davam edəcəkdir. Uca Allah bizə
Peyğəmbərin yolunu tutub getməyə və onun layiqli ardıcıllarından olmağa
müvəffəq etsin!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!