Dinimiz asanlıq dinidir

Dinimiz asanlıq dinidir
Qadın və Din
10.09.2017 14
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır.” (ən-Nisa, 4/28)

Uca dinimiz İslam bəşəriyyətə dünya və axirət səadətini təmin etmək üçün
göndərilmişdir. Dinimizin ümumbəşəri yönlərindən biri də onun asanlıq
dini olmasıdır. İnsanları gücləri ölçüsündə məsul tutan İslam onları
çətinliyə, məşəqqət və nifrətə sövq etmək üçün göndərilməmişdir.
Yuxarıdakı ayədə də qeyd olunduğu kimi, insan zəif yaradıldığı üçün
yalnızca gücünün yetdiyi bir işin öhdəsindən gələ bilər. Bu baxımdan heç
kim gücünün çatmadığı işləri yerinə yetirmədiyi üçün məsuliyyət
daşımaz. İnsan yalnız ağlının və gücünün çatdığı qədər öhdəliklərini
yerinə yetirməkdən məsuldur.



Bu kontekstdə kitabımız Qurani-Kərimdə belə buyurulur:



"Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün
heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini kimi. Allah bundan
əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, Peyğəmbər
sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin
və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı
ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc, 22/78)



Bu baxımdan Allahın əmr və qadağalarının məqsədi insanın işini
çətinləşdirmək deyil, yaşayışını və həyatını asanlaşdırmaqdır. Belə ki,
namazın şərtlərindən biri olan dəstəmazın əslində namaz ibadətini
çətinləşdirmək mənasına gəlmədiyini Allah aşağıdakı ayədə belə bəyan
edir:



"Allah sizi çətinliyə salmaq istəməz”(əl-Məidə, Sİ6)



Yəni necə ki, ibadətlər bizi maddi və mənəvi baxımdan həyata hazırlayır,
eləcə də dəstəmaz vasitəsilə həm maddi nəcasətdən təmizlənərək həyat
bizim üçün asanlaşdırılır, həm də mənəvi baxımdan daha güclü olmağımız
arzu edilir.



Bu baxımdan dinimiz heç bir insanı taqətinin fövqündə, bacara
bilməyəcəyi, çətinlik çəkəcəyi hansısa bir ibadətdən məsul tutmaz. Eyni
zamanda bəzi ibadətlərdə zəiflik, xəstəlik, qocalıq və kasıblıq kimi
hallarda rüxsət verilməsi də bu məqsədə xidmət edir. Elə isə İslamda
ifratçılığın və çətinliyin yeri yoxdur. Başqa sözlə, ifrat və təfrit
doğru deyildir.



Qurani-Kərimi bizə ən yaxşı izah edən və bütün mövzularda olduğu kimi
asanlaşdırma mövzusunda da bizə nümunə olan Həzrət Peyğəmbər (s.ə.s.) də
söz və davranışlarında həmişə bu prinsipə riayət etmişdir. O (s.ə.s.),
hədislərinin birində belə buyurur: "Şübhəsiz ki, din asanlıqdır” (Nəsai,
"İman”, 28). Başqa bir hədisində isə Peyğəmbərimiz (s.ə.s.) belə
buyurmaqdadır: "Bu din asanlıq dinidir. Elə bir kimsə yoxdur ki, dini
çətinləşdirsin və o, həmin şəxsi (aciz edərək) məğlub etməsin” (Buxari,
"İman”, 29).



Belə məlum olur ki, Peyğəmbərimiz (s.ə.s.) həmişə işlərin asan olanını
seçmiş və ümmətinə də bu şəkildə davranmağı tövsiyə etmişdir. Həmçinin
hamımızın bildiyi qısa və ecazkar bir kəlamında isə Onun (s.ə.s.)
"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin” dediyini
görürük. Bu səbəbdən insanın öhdəsindən gələ bilməyəcəyi şeylərə özünü
məcbur etməsi doğru davranış deyil. Hətta insanın soruşmamalı olduğu bir
şey haqqında soruşaraq bir mənada özünü bundan asılı vəziyyətə salması
da bəyənilən davranış deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!