Şeir haqqında hədislər

Şeir haqqında hədislər
Qadın və Din
10.09.2017 11
Peyğəmbər - sallallahu aleyhi və səlləm - şeir haqqında demişdir: "Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi, pisi də pis söz kimidir” (Ədəbul-Mufrəd, 865).

 

Digər hədisdə Peyğəmbər belə demişdir: "Şeirin bir qismi hikmətdir” (Səhih əl-Buxari, 6145).

 

Şeirin yaxşısı insanları haqqa və düz yola çağırır, pis olanı isə küfrü və günahları tərənnüm edir. Uca Allah Quranda haqq yoldan azmış şairləri belə vəsf edir:"Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şeir uydurur) və etmədikləri şeylərə aid söhbət açırlar? Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər” (əş-Şuəra, 224-227).

 

Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah demişdir: "Şair tərəfindən deyilmiş ən doğru söz, Ləbidin bu sözüdür: "Allahdan başqa nə varsa, fanidir.” Umeyyə ibn Əbu Səltə gəlincə, o, az qalmışdı ki, müsəlman olsun.” (əl-Buxari, 5795).

 

Ləbid ibn Əbu Rəbiə islamaqədərki dövrdə məşhur şair olmuş, sonradan İslamı qəbul etmişdir. O, müsəlman olduqdan sonra: "Mənə Quran yetər!”– demişdir. Ləbid hicrətin 41-ci ilində, yüz qırx yaşında vəfat etmişdir. Umeyyə ibn Əbu Səlt əs-Səqəfi isə İslam dininin gəldiyi dövrlərdə yaşamış, lakin Islamı qəbul etməmişdir. Buna rəğmən o, öz şeirlərində həqiqətləri əks etdirmiş və haqqı bəyan etmiş, etiqadı müsəlman əqidəsinə yaxın olmuşdur. Elə bu səbəbdən də Peyğəmbər onun barəsində bu sözü söyləmişdir. Həmçinin, rəvayət edilir ki, Şərid demişdir: "Mən Peyğəmbərin tərkində yol gedərkən, ona Umeyyə ibn Əbu Səlt əs-Səqəfinin şeirindən yüz beyt oxudum. Mən hər dəfə bir beyt oxuduqda, o mənə: "Davam et!”– deyirdi. Nəhayət, mən ona yüz beyt oxudum. Sonra Peyğəmbər mənə belə buyurdu: "O, az qala ki, müsəlman olacaqdı.”

 

Cundub ibn Sufyan əl-Bəcəli demişdir: "Döyüşlərin birində Rəsulullahın ayaq barmağı daşa dəyib yaralandı və ondan qan axmağa başladı. Onda Rəsulullah dedi: "Sən ancaq qanayan bir barmaqsan! Sənə üz vermiş bu müsibət Allah yolundadır!”

 

Cabir ibn Səmurə demişdir: "Mən Peyğəmbərlə birlikdə yüzdən çox məclisdə iştirak etmişəm. Bəzən məclislərdə onun səhabələri şeir deyər və öz şeirlərində cahiliyyət dövrünə aid olan şeyləri zikr edərdilər. Peyğəmbər isə sakitcə buna qulaq asar, hərdən də onlara təbəssüm edərdi.” (Tirmizi, 2854). Burada "cahiliyyət dövrünə aid olan şeylər” deyildikdə, həmin dövrdə söylənilmiş, həm də batil mənalar ifadə etməyən, bəyənilən şeirlər nəzərdə tutulur. Peyğəmbərin bu və digər səhih hədislərindən məlum olur ki, hikmətli şeir parçalarını həm demək, həm dinləmək, həm də tərif etmək olar. Ələlxüsus da İslam dinini yaymaq və ya onu müdafiə etmək məqsədilə münasib yerlərdə və uyğun məqamlarda şeir demək icazəli əməllərdəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!