Mənə dua edin, Mən də sizə cavab verim

Mənə dua edin, Mən də sizə cavab verim
Qadın və Din
10.09.2017 16
Qurani Kərimdə Uca Allah öz bəndələrinə yaxın olduğunu, hətta insana onun şah damarından daha yaxın olduğunu bildirir. Allah mərhəmətli və lütfkar olduğuna görə Öz bəndələrini eşidib onların çağırışına cavab verəcəyini vəd edərək belə buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186). Bu ayənin sonunda Allah insanlara peyğəmbərlərinin İslam dininə olan çağırışını qəbul edib Ona iman gətirməyi duaların qəbul olunması üçün şərt qoymuşdur. Həmçinin, Uca Allah insanları yalnız Ona yalvarıb dua etmələrini buyurur: "Rəbbiniz dedi:"Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər" (Ğafir, 60). Uca Allah Qurani Kərimdə Peyğəmbərlərin dualarını qəbul etməsi barədə xəbər verərək buyurur: "Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik! Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq. Təkcə onun nəslini qoruyub saxladıq” (əs-Saffat, 75-77). Allah İbrahim peyğəmbərin duasını qəbul edib Muhəmmədi peyğəmbər və elçi olaraq bütün bəşəriyyətə göndərdi. Uca Allah buyurur: "İbrahim və İsmail dedilər: Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Bəqərə, 129). Allah Əyyub peyğəmbərin duasını qəbul edərək düçar olduğu ağır xəstəlikdən sağaltdı: "Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik” (əl-Ənbiya, 83-84). Allah Yunus peyğəmbərin duasını qəbul edərək onu balinanın bətnindən xilas etdiyini və Zəkəriyya peyğəmbərin duasını qəbul edərək ona övlad bəxş etdiyini xəbər verir: "Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!" Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik! Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!" Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər” (əl-Ənbiya, 87-90). Allah Muhəmməd peyğəmbərin dualarını qəbul etmişdir. Ənəs rəvayət edir ki, Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ey Allahın elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin.” Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!” Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ey Allahın elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım! Yağışı üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə yağdır! Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq.”Həmçinin, Əbu Hüreyrə belə rəvayət edir: "Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə Peyğəmbər haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib dedim: "Ey Allahın elçisi! Mən anamı İslama dəvət edirdim. O, bunu inkar edib sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et ki, Əbu Hüreyrənin anasına hidayət versin!” Peyğəmbər dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!” Mən Peyğəmbərin duasından sonra sevincək evə qayıtdım. Qapıya çatdıqda anamın ayaq səslərini eşitdim. O, mənə yerimdə durmağı əmr etdi. Sonra çimib qüsl edib, paltarını geyib qapını acid və mənə dedi: "Ey Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa həqiqi ilah yoxdur və Muhəmməd də onun qulu və elçisidir!” Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Muştuluğumu ver, Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi...” (Müslim, 6346).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!