Axirət dünyadan daha xeyirlidir

Axirət dünyadan daha xeyirlidir
Qadın və Din
10.09.2017 11
‘Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!”(əz-Zuha, 93/4).



Qurani-Kərimin dünya həyatını insanı aldadan bir həzz (Ali-İmran,
3/185), axirətlə müqayisədə cüzi bir şey (ət-Tövbə, 9/38), oyun-oyuncaq
və əyləncə (əl-Ənam, 6/32) kimi təsvir etdiyini görürük. Aşağıdakı ayə
bu halı dəqiq şəkildə bizə təsvir edir:



"Onlara bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura
bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə
dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə qadirdir!
Mal-dövlət, oğul-uşaq bu dünyanın bər -bəzəyidir. Əbədi qalan yaxşı
əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə)
ümid etibarilə daha xeyirlidir!” (əl-Kəhf, 18/45-46).



Qurani-Kərim təqribən altmış ayədə dünya həyatına qarşı neytral, əlli
ayədə mənfi, yeddi ayədə isə müsbət mövqedən yanaşır. Lakin qeyd etmək
lazımdır ki, bu mənfi münasibət onun var olmasına deyil, axirətə qarşı
biganəlik göstərən həyat tərzinədir. Elə isə Quranın bu şəkildə təsvir
etdiyi dünyanın daha çox əxlaqi və dini bir termin kimi istifadə
olunduğunu irəli sürmək mümkündür. Bunun müqabilində coğrafi mənada yer
üzü üçün Quranda "ərz” məfhumundan istifadə olunur. Belə olan halda,
axirət əməllərinə maneçilik törətməyən dünya həyatının dini baxımdan
icazəli olduğunu və bunun nemət və xoşbəxtlik üçün bir vəsilə olduğunu
nəzərə almalıyıq.



Buna baxmayaraq, dünya və axirət arasında seçim etmək məcburiyyətində
qalsaq, mövzunun əvvəlində bəhs etdiyimiz ayədə də qeyd olunduğu kimi,
bizdən axirət həyatını daha üstün tutmağımız istənilir və bunun əksi isə
qınanılır (İbrahim, 14/3). Bu vəziyyət başqa bir ayədə daha dəqiq
şəkildə təsvir edilir. Ayəyə əsasən Həzrəti Peyğəmbər dünyanın
dəbdəbəsinə meyil edən həyat yoldaşlarına birbaşa Quranın əmrinə tabe
olaraq xəbərdarlıq etmiş, ya dünya həyatının dəbdəbəsini, ya da Allahı,
Rəsulunu və axirət yurdunu seçmələrini istəmişdir (əl-Əhzab, 33/28-29).



Peyğəmbərimiz (s.ə.s.) də özünü dünya həyatında bir yolçu kimi qəbul
etmiş, əbədi yurdu unutmayaraq ona uyğun olan hazırlığını görmüş və
ümmətinə də bunu tövsiyə etmişdir. Dünya həyatının ötəri, müvəqqəti
olduğunu sevimli Peyğəmbərimiz (s.ə.s.) hər zaman vurğulamış və onu uzun
bir səfər zamanı rast gəlinən və bir hovur dincəlmək üçün dibində
oturulan ağac kölgəsinə bənzətmişdir (İbn Macə, "Zöhd”, 3).



Nəticədə qeyd etmək lazımdır ki, hər bir müsəlman dünyası üçün
axirətinə, axirəti üçün də dünyasına laqeyd yanaşmamalı, bunların ikisi
arasında müvazinəti qorumalıdır. Biz dünya həyatının bir imtahan sahəsi
olduğunun fərqində olmalı, bu fürsəti yaxşı dəyərləndirməli və işimizi
ona görə sahmanlamalıyıq. Belə ki, axirətdəki yerimiz bir növ dünyadakı
əməllərimizin bir məhsulu, məntiqi nəticəsi olacaqdır. Yəni bu dünya nə
qədər ötəri, müvəqqəti olsa belə o sonsuz səadət məhz burada ya
qazanılır, ya uduzulur. Bizim üçün dünyanın ən mühüm cəhəti də elə bu
olmalıdır. Unutmayaq ki, dünya nemətlərinə meyil edərək axirət qazancım
arxa plana atanlar isə əslində özlərinə böyük ziyan vururlar və zamanı
gələndə buna görə mütləq peşman olacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!