Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri

Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
Qadın və Din
10.09.2017 25
Əhli-beyt vilayəti hər zaman nicatvericidir.



ƏHLI-BEYT ARDICILLARI HAQQINDA PİS SÖZDƏN HƏZƏR QIL VƏ BİLMƏDİYİNİ DANIŞMA



Rəvayətin davamında imam Sadiq (ə) möminləri Əhli-beyt ardıcılları
haqqında pis danışmaqdan çəkinməyə, hətta onların günahkarları haqqında
yalnız yaxşı sözlər danışıb onların günahdan çəkinməsi üçün dua etməyə
çağırır. Bu əxlaqi göstərişə əsasən möminlər günahkar din qardaşı ilə
əlaqəni kəsib onu cəhənnəm əhli hesab etməməlidirlər. Günaha yol vermiş
insanın imanı yerindədirsə onun tövbə edib bağışlanması üçün dua etmək
lazımdır.

İnsan öz mömin qardaşı haqqında yaxşı fikirdə olmalı, onu yol verdiyi
günaha görə düşmən hesab etməməlidir. Rəvayətdə buyurulur ki, Allah
imanını qorumuş insanı dost tutur. Günahkarın özünü yox, onun yol
verdiyi günahı düşmən bilir. Əksinə, imansız insan yaxşı bir iş görərsə
Allah onun özünü yox, gördüyü işi dost tutur. Biz də öz növbəmizdə
mömini dost, onun günahını düşmən bilməli və bu günahdan uzaqlaşması
üçün dua etməliyik.



İmam Sadiq (ə) buyurur: «Hər kəs bizim sorağımıza gələrək
düşmənlərimizin vilayətini inkar edib bizim vilayətimizi qəbul etsə
bildiyini deyib, bilmədiyi şübhəli məsələlərdə sussa, bizim şəfaətimizə
nail olub behiştə gedər».

İnsan soruşulan sualın cavabını bilmədikdə susmalı, cavab verməkdən
çəkinməlidir. Elə insanlar var ki, heç bir dəlili olmadan təsdiq və ya
inkar mövqeyində dayanıb. Mömin özündə cəsarət taparaq bilmədiyi şey
haqqında soruşulduqda belə cavab verməlidir: «Bilmirəm. Bu sahədə daha
çox biliyi olan mütəxəssisdən soruşun». Əksinə, bir mövzu haqqında
kifayət qədər dəlili olanlar öz mövqelərində möhkəm dayanmalıdırlar.

Əhli-beyt vilayətinin xoşbəxtliyə təsiri mütləq, yoxsa nisbidir?

Bəziləri elə güman edir ki, Əhli-beyt vilayətini qəbul edən şəxs nə
qədər günaha batsa da bağışlanacaq və bu vilayəti qəbul etməyənlər ‒
hətta ibadət etsələr də ‒ cəhənnəmə gedəcəklər. Onların fikrincə imamlar
öz şiələrinə şəfaət edərək onların bütün günahlarını bağışladacaqlar.
Doğrudanmı imam Hüseynin (ə) əzadarlıq mərasimində ağlamaqla bağışlanmaq
olar? Belə düşünən insan günahdan çəkinərmi? Belə insan imaməti qəbul
etməyənlərə bədbin olmazmı?

Əhli-beyt vilayətini qəbul etməyənlərin mütləq cəhənnəmə gedəcəyi
haqqında rəvayətin doğruluğuna münasibət bildirmədən bəzi mühüm
nöqtələrə nəzər salacağıq.



İman və əməlin səadətə çatmaqda rolu



Mühüm etiqad məsələlərindən biri budur ki, insanın xoşbəxtliyində iman
və əməlin rolu nədir? İman və əməlin hər ikisi zəruridir, yoxsa biri
kifayətdir? Əsas imandır, yoxsa əməl?

Qurani-Kərim nəzərindən imansız əməl faydasızdır. Bir şəxs Allaha,
qiyamətə, peyğəmbərlik və imamətə inanmazsa təkcə yaxşı işləri hesabına
axirət səadətinə qovuşa bilməz. Axı behiştə inanmayan hansı məntiqlə
behiştə getməlidir. «Kafirlərin əməlləri səhradakı ilğıma bənzər.
Susuzluqdan ürəyi yanan onu su bilər, nəhayət gəlib çatdığı zaman heç nə
tapmaz. Tapdığı əməli müqabilində Allahın cəzası olar. Allah da onun
cəzasını verər. Allah tez bir zamanda bütün məxluqatının hesabını
çəkər»[22].

Xalq adətən yol çəkib, körpü salan varlıları əziz tutur. Amma bu
adamların Allaha etiqadı olmazsa Allah da onların yaxşı işlərini nəzərə
almaz. Sual oluna bilər ki, əgər bütün dünya Lodıgin və Edisonun
zəhmətləri hesabına elektrik işığından istifadə edirsə nə üçün onlar
cəhənnəmə getməlidir? Cavab belədir ki, bir insana Allah, qiyamət,
peyğəmbər və imam sübut olduğu halda inad üzündən qəbul etməzsə, bu
insan əbədi ilahi nemətlərdən faydalanmaq ləyaqətinə malik deyil. Bir
şəxs bilərəkdən hər hansı bir həqiqəti inkar edərsə axirət səadətindən
məhrum olar. Belə insan gördüyü xeyir işlərin əvəzini elə dünya
həyatında da alar, axirət mükafatındansa məhrum olar.

İslam və Quran nəzərincə ilahi biliklərdən xəbərdar insan bilərəkdən bu
həqiqətləri inkar edirsə nəinki behiştə getməz, heç onun qoxusunu da
duymaz. Əksinə, imanlı olduğu halda heç bir xeyir iş görməyən insan
əbədi səadətə qovuşa bilməz. Bəlkə də, bu ehtimal həqiqətdən uzaqdır.
Necə ola bilər ki, imanlı insan heç olmasa bir dəfə də Allaha səcdə
etməsin. Axı iman insanın həyatında zərrə qədər də olsa təsir
qoymalıdır. Demək, həqiqi iman sahibinin heç bir xeyir iş görməməsi
ehtimalı çox zəifdir. Bu yalnız o vaxt mümkün olar ki, insan iman
gətirən kimi dünyasını dəyişsin.

Ömür boyu günaha batıb cinayətlərə yol vermiş insan imanlı olduğunu
iddia edirsə şübhəsiz ki, yalan deyir. İmanlı insan xeyir işlərdən uzaq
ola bilməz.

Əgər saleh əməl imanın şərtidirsə nə üçün möminlər günaha yol verir?
Əgər imanlı insan günaha batırsa, demək, onun imanı zəifdir. Belə
insanda şəhvət və qəzəb oyanan kimi iman yaddan çıxır. Rəvayətə görə
günah edən zaman, iman ruhu tərk edir. Həmin an insanı mömin adlandırmaq
olmaz. Onu kafir də hesab etmək düzgün deyil. Çünki qəzəb və şəhvət
alovu sönən kimi iman ruhu geri qayıdır. Amma bir günah imanın
unudulmasına səbəb olmaqla gündəlik təkrarlanaraq artarsa belə insan
üçün kafir olmaq qorxusu vardır. «Nəhayət, Allahın ayələrini yalan hesab
edib məsxərəyə qoyanlar kafir oldular»[23]. Təbii ki, günah çirkabında
qərq olmuş qəlbdə iman ləyaqəti yoxdur. Günah insanın imanını asta-asta
zəiflədərək nəhayət, bir gün onu tamamilə aradan aparır.



Əlbəttə ki, xeyir iş görən imanlı insanlar da ehtiyatlı olmalıdırlar.
Çünki şəhvət, qəzəb, dünyagirlik, vəzifəpərəstlik hər zaman pusqudadır.
İman o zaman səadətə aparır ki, insanın son nəfəsinədək davamlı olsun.
Bir ömür imanla yaşayıb ölüm məqamında küfrə düçar olanlar vardır. Hansı
ki, ömrünün axır dəqiqələrində həqiqətdən xəbər tutub tövbə edərək
dünyadan imanlı gedənlər də var.

Bəs mömin insan saleh işlər görməklə yanaşı çox günaha batarsa onu hansı
tale gözləyir? Əgər bu insan ölümündən qabaq həqiqi tövbəyə nail olarsa
bütün günahları bağışlanar. Bəziləri nöqsan tuta bilər ki, bu baxış
günaha yol açır. Amma kim əmin ola bilər ki, həqiqi tövbəyə nail
olacaq?! Hər halda, həqiqi tövbə edə bilən möminin günahları
bağışlanacaqdır. «Hər kəs tövbə edib yaxşı iş görsə, şübhəsiz ki, gözəl
bir dönüşlə Allaha tərəf qayıdar»[24].

Ömür boyu böyük günaha yol verməyib yalnız kiçik günahlara batanlar
tövbə edəcəkləri təqdirdə bağışlancaqlar: «Əgər böyük günahlardan
çəkinsəniz, kiçik günahlarınızın üstünü örtərik»[25]. Onu da qeyd edək
ki, bilərəkdən kiçik günahları davam etdirmək böyük günah hesab olunur.
Bəs böyük günaha batmış insan tövbə etmədən dünyadan gedərsə necə?
Rəvayətə əsasən bu insan çətin can verər, günahı təmizlənməsə bərzəxdə
cəzasını çəkər, bu da səmərəsiz olsa qiyamət səhnəsində sıxıntı keçirər.
Unutmaq olmaz ki, behiştə yalnız imanı ləkələnməmiş insanlar gedə
bilər.

Xəvaric əqidəsində olanlar böyük günaha yol vermiş insanı kafir hesab
edirdilər. Ən pisi isə budur ki, onlar İslamda zəruri olan bəzi əməlləri
böyük günah bilirdilər. Elə buna görə də İslam hakimiyyətini zəruri
bilən şiələri «kafir» adlandıraraq qətlə yetirirdilər. Bəli, gecə ibadət
edib gündüz oruc tutan, Quranı əzbər bilən xəvaric bu sayaq əqidə
çaşqınlığına düçar olmuşdu. Əslində isə böyük günaha yol vermiş insan
tövbə etmədiyi halda əzaba düçar olsa da onu kafir adlandırmaq olmaz.
İnsan nə qədər böyük günaha batsa da tövbə edib cəzasını çəkdikdən sonra
imanı olduğu üçün behiştə gedər.



İmanın əsasları



İmanın neçə sütunu vardır? Həzrət Peyğəmbərin (s) buyuruqlarını qəbul
etmək dinin sütunlarındandır. Bu buyuruqların ən mühümü «üsuli-din»,
yəni dinin əsasını təşkil edən tövhid (Allahın birliyi), nübüvvət
(peyğəmbərlik) və məad (ölümdən sonra həyat) inamlarıdır. Bəs qalan
buyuruqlar necə? Məsələn, əgər bir şəxsdə imam Əlinin (ə) həzrət
Peyğəmbər (s) tərəfindən xilafətə təyin olunmasına yəqinlik varsa necə?
Məsələn, bir şəxs həzrət Peyğəmbərin (s) öz dilindən Əlinin (ə) xilafətə
təyin olunmasını eşitdiyi halda düşmənçilik göstərərək bu həqiqəti
inkar edirsə, onu imanlı hesab etmək olarmı? Əhli-beyt vilayətini
inadkarlıq səbəbindən inkar edən şəxs cəhənnəm əhlidir. «Onlar Allahın
lənət etdiyi şəxslərdir... Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi
şeyə görə insanlara həsəd aparırlar? Halbuki, biz İbrahim övladına da
kitab və hikmət vermişdik»[26].

Fəqihlərin buyuruğuna əsasən dinin zəruri hökmlərini inkar etmək
peyğəmbəri inkar etməkdir. Ümumiyyətlə, peyğəmbərin buyuruğunu inad
üzündən qəbul etməmək peyğəmbərliyin inkarıdır. Hətta zəruri olmayan
hökmün inkarına məntiqi münasibət budursa, Əhli-beytin vilayəti kimi
mühüm bir məsələni inad üzündən inkar edəni imanlı hesab etmək olmaz.

Necə ola bilər ki, insan Allahı qəbul edə, amma onun yer üzündəki
hakimiyyətini qəbul etməyə?! Yer üzündə Allahın hakimiyyətini icra edən
peyğəmbər və imamların inkarı, Allahın hakimiyyətinin inkarıdır. Hətta
qəlbinin dərinliyində də bu əqidədə olan insan kafirdir. Naqis,
yarımçıq, ləkəli imanla behiştə getmək qeyri-mümkündür. Həzrət
Peyğəmbərin (s) hər bir buyuruğu insanı xoşbəxt edəcək həqiqi imanın
tərkib hissəsidir.



Düşüncə zəifliyi



Əgər insan elə bir ictimai mühitdə yaşayırsa ki, bu mühit İslam
həqiqətlərinin dərk olunmasında bir maneədir, bu insanın aqibəti necə
olacaq? Diqqət etsək görərik ki, yer üzündə əksər insanlar üçün ictimai
maneələr mövcudur. İslam və Əhli-beyt həqiqətlərinin təbliğ olunduğu
cəmiyyətdə yaşayanlar Allaha şükr etməli və həqiqi iman qazanmaq üçün
səy göstərməlidir. İslam və Əhli-beytdən uzaq ideyaların təbliğ olunduğu
cəmiyyətlərdə əksər insanların heç ağlına da gəlmir ki, əsl həqiqət
tamam başqa yerdədir. Həmin cəmiyyətlərdə nəinki həqiqət təbliğ olunmur,
üstəlik İslam və Əhli-beyt yoluna qaralar yaxılır. Bir çox ölkələrdə
şiələr müşrik kimi təqdim edilir, onların hansısa xüsusi bir Qurana
etiqad etdikləri bildirilir. Hətta bəzi ölkələrdə belə uydurma
rəvayətlər danışılır ki, guya şiələr Cəbrail mələyin xəyanət edib imam
Əliyə (ə) göndərilən vəhyi həzrət Məhəmmədə (s) gətirməsini iddia
edirlər. Guya şiələr namazı bitirdikdən sonra üç dəfə «Əllahu əkbər»
əvəzinə üç dəfə «Cəbrayıl xəyanətkardır» deyirlər. İnsanları bu
böhtanlara elə inandırıblar ki, min dəfə and içsək də əhəmiyyət verən
olmaz.

Yaxşı, belə bir şəraitdə yaşayan insan Əhli-beyt vilayətini qəbul
etmirsə o, behiştə gedə bilərmi? Axı rəvayətlərdə buyurulub ki,
Əhli-beyt vilayətini qəbul etməyənlər cəhənnəmə gedəsidir. Cəmiyyətin
aşıladığı düşüncə tərzindən qeyri bir düşüncə tərzinə əli çatmayan,
həqiqəti dərk etmək gücündə olmayan insanlar İslamda «müstəzəf» adlanır.
Müstəzəf düşüncə zəifliyinə məhkum insandır. Onun inamı və əməlləri
düşüncəsinin zəifliyi qədər üzürlüdür. Bu insanlara əqli və nəqli yolla
həqiqətlər sübut olduqca üzr aradan qalxır. İnsan həqiqəti anladığı
dərəcədə də məsuliyyət daşıyır.

Bəli, insanın səadəti onun son nəfəsədək qorunmuş imanından asılıdır.
İman isə yalnız o vaxt son nəfəsə qədər qorunur ki, insan daim ona
nəzarətçi olsun. Əks təqdirdə iman elə asta-asta zəifləyir ki, insan nə
vaxt kafir olduğunu hiss etmir. Hansı ki, ardıcıl şəkildə diqqət etsəydi
qəlbindəki şəkk-şübhələrə cavab tapıb imanını qoruyardı.

Yaxşı, bəs düzgün etiqadlı insanlar günaha yol verdikdə onlarla necə
rəftar edək? Axı bütün insanlar məsum ola bilməz. Sözsüz ki, açıq-aşkar
günah edən insanlarla yaxınlıq etmək olmaz. Çirkin sifətlərə malik
insanla dostluq nəticəsində, insan bu çirkin sifətlərə yoluxa bilər.
Amma onun haqqında pis danışmaq olmaz. Əksinə, ona ürək yandırıb
tərbiyələnməsinə çalışmaq lazımdır. Onun günahdan uzaqlaşıb tövbə etməsi
üçün dua etməyimiz yaxşı olar.

Demək, imanını qoruyan insan əvvəl-axır behiştə gedər. Əlbəttə ki,
günahlarının cəzasını aldıqdan sonra! «Kim zərrə qədər yaxşı iş görmüşsə
bu işin xeyrini, kim zərrə qədər pis iş görmüşsə bu işin zərərini
görəcəkdir»[27].

Bütün işlər nəzərə alınacaqdır. Əhli-beytin şəfaətinə o qədər
ehtiyaclıyıq ki, bu şəfaətə çatmaq ləyaqətini itirməmək üçün günahdan
qorunmalıyıq. İmam Sadiq (ə) ömrünün son anlarında belə buyurdu: «Namazı
yüngül sayan bizim şəfaətimizə nail olmaz»[28]. Tövbə insanın günahını
bağışlatdırdığı kimi, bəzi pisliklər də insanı şəfaət ləyaqətindən
məhrum edir.



Müəllif: Ustad Misbah Yəzdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!