Mənə heç bir şeyi şərik qoşma

Mənə heç bir şeyi şərik qoşma
Qadın və Din
10.09.2017 5
"Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq:



"Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar,
rüku edən və səcdəyə qapananlar üçün təmizlə!” İnsanları həccə çağır ki,
onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan
yollanan hər cür arıq dəvələr üstündə gəlsinlər”. (əl-Həcc, 22/26-27)

İslam dininin beş əsasından biri olan və ilin müəyyən günlərində ibadət
niyyəti ilə Kəbəni ziyarət etmək mənasını daşıyan həcc, hicrətin
doqquzuncu ilində əmr buyurulub, mal və bədən ilə yerinə yetirilən
ibadətdir. Lazımi şərtləri daşıyan hər bir müsəlman bu ibadəti mütləq
yerinə yetirməyə borcludur. Belə ki, ayədə "... gücü çatanların həcc
etməsi Allahın insanlar üzərindəki bir haqqıdır...” (Ali-İmran, 3/97)
ifadəsi bu həqiqəti bizə bildirir.

Həcc maddi və mənəvi, dünyəvi və üxrəvi, fərdi və ictimai tərəfi olan
bir ibadətdir. O, bir tərəfdən bəndənin Allaha, peyğəmbərə, axirətə,
qısaca - bütün iman şərtlərinə könüldən bağlanmasının bir əlaməti olduğu
halda, başqa bir tərəfdən bizim səmimiyyət, səbir, qardaşlıq, sevgi,
hörmət, fədakarlıq, bölüşmə və s. əxlaqi fəzilətlər qazanıb, tətbiq etmə
imkanı tapdığımız bir sahədir.

Həcc islamdan əvvəl bilinən qədim ibadətlərdən biridir. Kəbə isə Yer
kürəsində Allaha ibadət üçün inşa edilən birinci binadır. Əlaqədar
ayələrdən də başa düşdüyümüzə görə, həzrət İbrahim (ə.s.) oğlu həzrət
İsmail (ə.s.) ilə Kəbənin inşasını başa çatdırdıqdan sonra Uca Rəbbimiz
ziyarət və ibadət edəcəkləri üçün oranı təmiz saxlamalarını və insanları
həcc etmək üçün Məkkəyə çağırmasını istəmişdir. Bu ilahi dəvətə qulaq
asan və ürəkdən təslim olanlar "Möminlər yalnız qardaşdırlar”
(əl-Hucurat, 49/10) şəklində Quranda bildirilən din qardaşlığını həyata
keçirmə imkanı tapmışlar. Bu mənada Kəbə bütün inananların qardaşlığını,
dostluğunu və qaynayıb-qarışmasını təmin edən bir mərkəzdir.

Həcc ibadətinin başqa ibadətlər arasında xüsusi yeri var. Çünki həcc
inananların Yer kürəsində vahid bir camaat yaradaraq, ildə bir dəfə eyni
yer və eyni zamanda hamılıqla birlikdə ibadət etməsi ilə reallaşır.
Dinlərin böyük əksəriyyətində mövcud olan müqəddəs zaman və məkan
düşüncəsi islam dinində həcc ibadətində özünü göstərir. Həcc ibadəti
yerinə yetirildiyi zaman ziyarət edilən hər bir məkanın və yerinə
yetirilən hər bir əməlin simvolik mənası və əhəmiyyəti var. Həcc bir
tərəfdən inanan insanın öz daxili dünyasında Haqqa gedən yolu təmsil
etmə mənasında çoxluq/kəsrət içində birliyə/vəhdətə yüksəlməyi ehtiva
edir, başqa bir tərəfdən də qəlbləri eyni hisslərlə və eyni məna ilə
döyünən milyonlarla insanın bir yerə toplaşması ilə birlikdən/vəhdətdən
çoxluğa/kəsrətə qayıdışı simvolik şəkildə ifadə edir. Bu baxımdan həcc
təmiz və saf bir niyyətlə başlayan, sanki dünyəvi başqalaşmağı,
nemətləri geridə qoyub bütün inananların bərabərliyinə işarə edir.

Həzrət Adəm və Həvvanın övladları kimi, bizim də həccdə qardaşlığı
möhkəmləndirəcək və daha da gücləndirəcək ünsürlərimiz var. Hər il
təkrar edilən bu mənzərə bir tərəfdən bütün inananların birliyini və
bərabərliyini göstərdiyi halda, başqa bir tərəfdən ümumbəşəri mənada
görüşü təmsil edir. Çünki fərqli ölkə, dil, irq, rəng, mədəniyyət,
sosial mövqe və iqtisadi gücə sahib insanların bərabər səviyyədə eyni
cür geyimləri, ehram geyinərək bir yerə toplaşması, toplu şəkildə namaz,
təvaf, səy, vəqfə, dua kimi ibadətləri həyata keçirməsi, Məkkədən
Ərafata, Ərafatdan Müzdəlifəyə və Minaya dəstə-dəstə hərəkəti bir
cəhətdən Uca Mövlanın hüzurunda toplanmağı xatırladır. Beləliklə, həcc
möminləri müqəddəs torpaqlarda birləşdirməklə əbədi görüşə hazırlamış
olur.

Ehrama girənlər həmin müddət ərzində söylədikləri təlbiyə ilə hamısı
bir ağızdan "buyur, Allahım, buyur” deyərək, Allahın əmrinə itaət üçün
gəldiklərini, Onun heç bir şərikinin, bənzərinin olmadığını, hər cür
tərif, nemət, mülk və hökmranlığın həqiqi sahibinin Allah olduğunu
hamısı bir ağızdan və ürəkdən elan edərlər.

Mömin bu ibadəti yerinə yetirdiyi zaman bir tərəfdən müsəlman olmağın,
ürəkdən Allaha bağlanmağın, Rəsulullahın doğulub yaşadığı, səhabəsi ilə
min bir məşəqqətlərə sinə gərdiyi məkanlarda olmağın həzzini dadır,
başqa bir yandan dünyanın dörd bir tərəfindən gələn mömin qardaşları ilə
görüşüb, tanış olaraq İslam qardaşlığını yaşamağın şüurunu dərk edir.
Belə dərin hikmətləri özündə birləşdirən həcc ibadəti İslamın
şərtlərindən biri olmaqla yanaşı, həzrət İbrahimin də zamanların
fövqündəki dəvətidir. Biz həzrət İbrahimin dövrləri aşıb bizə qədər
gələn bu dəvətinə cavab vermək və həzrət Peyğəmbərin: ”Kim pis
əməllərdən və Allaha qarşı üsyan etməkdan çəkinib həcc ibadətini yerinə
yetirərsə, günahlardan təmizlənərək anadan doğulmuş kimi tər-təmiz olar”
müjdəsinə çatmaq üçün maddi və mənəvi cəhd göstərməliyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!