Namazı bu cür qılmayın

Namazı bu cür qılmayın
Qadın və Din
10.09.2017 36
Bir nəfər öz əməllərini riyadan heç cür təmizləyə bilmirdi. Bütün ibadətlərini, savab işlərini qeyri-səmimi şəkildə, ya kiminsə xoşuna gəlmək, ya mənfəət əldə etmək, ya da camaatın gözündə hörmət qazanmaq naminə edirdi.



Özü də bu xasiyyətdən əziyyət çəkirdi. Amma nə qədər çalışırdısa, riyakarlıq mərəzindən qurtula bilmirdi. Bir gün qət etdi ki, hamının nəzərindən uzaqda, tənha bir bucaqda ibadət edib Allaha yalvarsın, Allahdan ixlas və səmimiyyət diləsin. Qərara aldı ki, gecə şəhər kənarında yerləşən, heç kimin gedib-gəlmədiyi, baxımsız qalmış məscidə getsin və orada səhərə kimi ibadətlə məşğul olsun. Burada onu narahat edəcək, niyyətinə xələl gətirəcək kimsə olmamalı idi.



Gecəyarı heç kimə demədən həmin məscidə gəldi. Hava soyuq idi, yağış yağır, ildırım çaxırdı. Həmin adam özünü məscidə yetirib içəri girdi, düz mehrabın qabağında canamazını yerə sərib ibadətə başladı. Bir azdan qapının cırıltı ilə açıldığını eşitdi. Kimsə məscidə girmişdi. Qapı namaz qılanın arxasında yerləşdiyindən kimin gəldiyini görə bilmirdi; bunun üçün namazını pozub qiblədən dönməli idi. Əslində bu, ona heç lazım da deyildi. Məsciddə ondan başqa kiminsə olduğunu bilmək kifayət edirdi. Öz-özünə düşündü: "Yəqin ki, bu adam indi mənim namazımı seyr edir. Sabah bütün şəhərə xəbər yayılacaq ki, mən necə dindar adamam; bu havada, gecəyarı, kimsəsiz məsciddə ibadət edirəm. Sabah hamı məni tərifləyib alqışlayacaq”. Riyakar abid bunu düşünüb namazlarını daha artıq şövqlə qılmağa davam etdi. Qiraəti xüsusi bəlağətlə oxuyur, rüku və səcdələri qəsdən uzadır, zikr deyib təsbeh çevirir, dua edirdi. Xülasə, bildiyi bütün ibadətləri icra etməyə çalışırdı. Namaz qıldıqca xoşhal olur, sabah eşidəcəyi tərifləri düşündükcə sevinirdi...



Bu minvalla gecə keçdi, sübh açıldı. Hava işıqlananda məscidin içərisi də aydınlaşmağa başladı. Riyakar abid sübh namazını da bütün «dəsgahı» ilə qılıb qurtarandan sonra canamazını yığışdırıb ayağa qalxdı. Məscidin qapısına yaxınlaşanda nə qədər o tərəf-bu tərəfə boylandısa da, heç kimi görmədi. Lap qapının ağzına çatanda kandarda büzüşüb yatmış bir pişik balası ilə rastlaşdı. Anladı ki, gecə məscidin qapısını cırıltı ilə itələyib açan bu pişik balası imiş. Heyvancığaz yağışdan, ildırımın gurultusundan məscidə pənah gətiribmiş. Riyakar abid iki əli ilə başına vurub dedi: "Mən öz namazlarımın niyyətində insanları Allaha şərik edirdim, yalnız Allah üçün qılmalı olduğum namazı insanlardan ötrü qılırdım. Bundan xilas olmaq üçün bu məscidə gəldim. Amma sən demə, bütün gecə boyunca Allaha insanı yox, bir heyvanı şərik qoşmuşam”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!