İslam qadını döyməyə icazə verirmi?

İslam qadını döyməyə icazə verirmi?
Qadın və Din
10.09.2017 26
Qadınlar dünyaya gəlmədən, ana bətnində zorakılığa məruz qalırlar". Bunu sosioloq Kifayət Cəbiqızı "Yaşıl orta" verilişində deyib. O bildirib ki, patriaxal düşüncəli valideynlər ana bətnindəki uşağın oğlan olduğunu biləndə bir cür, qız olanda isə başqa cür münasibət göstərirlər: "Müasir dövrdə hələ də bəzi kişilər qadına feodal düşüncə ilə yanaşırlar. Bizim kişilər daha çox qul xislətli, itaətkar, xidmətçilik etməyi bacaran, təhlil qabiliyyəti olmayan qadınları xoşlayırlar. Unutmamalıdır ki, heç kəsi döymək olmaz. Hətta uşağa da əl qaldırmaq düzgün deyil. Qanunvericilik valideynə belə bir haqq vermir".



K. Cəbiqızı əlavə edib ki, zorakılıq ailədəki tərbiyədən qaynaqlanır: "Daim anasının döyüldüyünü görən kişi ailə quranda özü də zorakılıq edəcək. Bəzən qadınlar zorakılığın mahiyyətini anlamırlar. Nəyin zorakılıq olduğunu bilmirlər. Biz fərqində olmadan gün ərzində bir neçə dəfə psixoloji zorakılığa məruz qalırıq. Bir məclisdə qadın öz fikrini demək istəyirsə, əri ona gözünü ağardır. Ən ağır şiddət elə bu cür psixoloji zorakılıqdır. İnsan neqativ enerji ilə yüklənir və gərgin olur. Əslində isə övladını sevən kişi onun anasını da sevməlidir. Bu gün əksəriyyət sevərək ailə qurur. İnsan sevdiyi birini necə bu qədər incidə bilər? Amma bir gerçək var ki, hər qadını da döymək olmur. Bunu kişilər də bilir. Təhsilli, sosial təminatı olan qadınlardan çəkinirlər. Bilirlər ki, gec-tez öz haqqını tələb edəcək. Ona görə də valideynlər qızlarını sığortalamaqdan ötrü mütləq təhsil verməlidirlər".



Sosioloq qeyd edib ki, qadın zorakılığa qarşı mübarizədə kişilər də iştirak etməlidirlər.



Qadına qarşı zorakılıqla bağlı Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Mirzəyeva da münasibət bildirib: "Şiddət cahilliklə başlayır. Qadınlar öz hüquqlarını bilməlidirlər. Əks halda nəinki zorakılığa, hər cür ədalətsizliyə də məruz qalacaqlar. Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Qızlar düzgün yetişdirilməli və cəmiyyətə hazır olmalı, ətrafa "yox" deməyi, etiraz etməyi bacarmalıdırlar. Çox zaman "ayıbdır",  "dinmə", "sus" kimi qadağalarla qızları böyüdürlər. Bu cür yetişən qızlar gələcəkdə haqsızlığa etiraz edə bilmirlər.  Ərin hər cür zorakılığa boyun əyirlər".



İlahiyyatçı qeyd edib ki, islam qadına qarşı hər cür zorakılığın əleyhinədir: "Allah kişini və qadını eyni yaradıb. Qadın kişiyə Allahın əmanətidir. Bəzən qadına qarşı şiddəti dinlə bağlayırlar. Halbuki, dinimiz xanımlara çox gözəl hüquqlar verib. Məsələn, islama görə, əgər ana istəmirsə, övladına süd verməyə bilər. Bunu ona heç kim, hətta hakim də məcbur edə bilməz. Kişi ya südün haqqını ödəməli, yaxud da süd anası tapmalıdır. Təsəvvür edin ki, qadını süd verməyi belə məcbur etməyən islam necə zorakılığı dəstəkləyə bilər? Peyğəmbərimiz deyib ki, evdə qız uşağınız varsa, onu oğlandan üstün tutun. Hədiyyə alanda birinci qız, sonra oğlan övladınızı təbrik edin. Qadına zülm olunursa, zorakılıq varsa, boşana bilər. İslam qadının boşanma haqqını tanıyır".



Qeyd edək ki, dünyada hər 5 qadından biri zorakılığa məruz qalır. Beynəlxalq təşkilatların yaydığı məlumata görə, cinayət qurbanı olan qadınların 70 faizi həyat yoldaşları, ya da sevgililəri tərəfindən öldürülüb. Azərbaycanda olduğu kimi ABŞ və Avropa ölkələrində də zərif cinsin nümayəndələri daha çox ailə daxilində şiddətə məruz qalır. Məsələn, İngiltərədə hər 7 qadından biri əri və ya sevgilisi tərəfindən şiddət görür. ABŞ-da isə hər 90-cı saniyədə 1 qadın təcavüzə uğrayır. Afrika ölkələrində isə qadınların məruz qaldığı zorakılıq siyahısına sünnət də daxildir. Bu qitədə indiyədək 135 milyondan çox qadının  iradəsi əleyhinə sünnət edildiyi bildirilir.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Yaşıl orta"ya verilən məlumata görə, 2012-ci ildə ölkəmizdə qadınlara qarşı zorakılıqla bağlı 3218 cinayət hadisəsi qeydə alınıb. 2013-cü ildə bu rəqəm  1803 olub. Ailə münaqişəsi və digər məişət zəminində qadınlara qarşı ötən il 2114 cinayət hadisəsi törədilib. 2014-cü ildə komitəyə 2500 müraciət daxil olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!