Ramazan ayının gündəlik duaları

Ramazan ayının gündəlik duaları
Qadın və Din
10.09.2017 24
Oruc niyyəti: Ramazan ayının orucunu tuturam qürbətən iləllah.



İftardan qabaq oxunan dua: İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!



1-ci gün: İlahi, mənim orucumu oruc tutanları orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları Əfv edən Allah!



2-ci gün: İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!



3-cü gün: İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver!



4-cü gün: İlahi, bu ayda mənə Sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirməyə qüvvət ver, Səni zikr etməyin şirinliyini mənə daddır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır, məni bu ayda Özün hifz et və qoru, ey Bəsirətə nəzər edən Allah!



5-ci gün: İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, Mehribanlığın xatirinə, ey Mərhəmətlilərin Mərhəmətlisi!



6-cı gün: İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz cəza qamçınla məni vurma, öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey Rəğbət bəsləyənlərin Rəğbətlisi!



7-ci gün: İlahi, bu ayın orucunu tutmaqda və namazını qılmaqda mənə kömək ol, məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azmışları doğru yola çıxaran Allah!



8-ci gün: İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey Ümid edənlərin Pənahı!



9-cu gün: İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar dəlil-sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!



10-cu gün: İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver, Öz yaxşılığınla ey istək sahiblərinin son Qayəsi!



11-ci gün: İlahi, bu ayda mənə Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!



12-ci gün: İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm ey (ürəklərində) Allah qorxusu olanların Himayədarı!



13-cü gün: İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, alın yazısı ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvayə və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!



14-cü gün: İlahi, bu ayda səhvlərimi mənə irad tutma, məni səhvlərdən və büdrəmələrdən qoru, bəla və dərdlərə düçar etmə, and verirəm izzətinə ey müsəlmanların İzzət, Şərəfi olan Allah!



15-ci gün: İlahi, mənə bu ayda təqvalı olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!



16-cı gün: İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et, Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə ey aləmlərin Rəbbi!



17-ci gün: İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilən Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!



18-ci gün: İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini işıqlandıran Allah!



19-cu gün: İlahi, bu ayın bərəkətindən nəsibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə asanlaşdır və məni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa hidayət Edən Allah!



20-ci gün: İlahi, bu ayda mənim üçün Cənnət qapılarını aç, Cəhənnəm qapılarını bağla, məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq Salan Allah!



21-ci gün: İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə əlamət göstər, Şeytanın məni azdırması üçün yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını Ödəyən Allah!



22-ci gün: İlahi, bu ayda Öz fəzilət qapılarını üzümə aç, mənə bu ayda Öz bərəkətlərini nazil et, məni bu ayda Sənin razılığına səbəb olacaq işlərə müvəffəq et, Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstəcəb Edən Allah!



23-cü gün: İlahi, bu ayda məni günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini Bağışlayan Allah!



24-cü gün: İlahi, bu ayda Səndən Səni razı salacaq şeyləri diləyirəm, Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət Göstərən Allah!



25-ci gün: İlahi, bu ayda məni Sənin dostlarını sevən, düşmənlərinə düşmən olan və Peyğəmbərlərinin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey Peyğəmbərlərin qəlblərini məsum Qılan Allah!



26-cı gün: İlahi, bu ayda mənim səylərimi mükafata layiq qıl, günahlarımı bağışla, əməlimi məqbul, eyiblərimi üstü örtülmüş qərar ver, ey eşidənlərin Eşidəni!



27-ci gün: İlahi, bu ayda məni Qədr gecəsinin fəzilətini əta et, çətin işlərimi asanlaşdır, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə Mehriban olan Allah!



28-ci gün: İlahi, bu ayda nafilə əməllərdən mənim nəsibimi artır, Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər, vəsilələr arasında sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdə məmnun Olan Allah!



29-cu gün: İlahi, məni bu ayda Öz rəhmətinlə əhatə et, mənə müvəffəqiyyət və ismət müyəssər et, qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə Mehribanlıq göstərən Allah!



30-cu gün: İlahi, Ağamız Mühəmməd və onun Pak Ailəsi xatirinə bu aydakı orucumu Sənin və Peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin Fürü və Üsullarının təməllərini möhkəm qərar ver. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!