Əhli-sünnə imamlarının Əhli-beytə münasibəti (1-ci hissə)

Əhli-sünnə imamlarının Əhli-beytə münasibəti (1-ci hissə)
Qadın və Din
10.09.2017 6
Əhli-sünnənin dörd məzhəb başçısı həmişə Peyğəmbər nəslinin böyüklüyü qarşısında baş əymiş, Əhli-beyt nümayəndələrinin üstünlüyünü təsdiqləmişlər. Bunu məzhəb imamlarının həm sözləri, həm də hərəkətləri sübut edir. Çox təəssüf ki, sonrakı zamanlarda onlarən Əhli-beytin fəzilətləri qarşısında heyranlıq ifadə edən kəlamlarını gizlətməyə çalışmış, yaxud onları inkar etməyə qalxmışlar.



Əhli-sünnənin məzhəb başçıları arasında Əhli-beytə məhəbbətini ən çox və ən səmimi ifadə edən İmam Şafiidir desək, səhv etmərik. Bəlkə də bunun bir səbəbi – onun özünün Qüreyş soyundan olması, yəni Əhli-beytlə qohumluğudur. Məlum olduğu kimi, Şafiinin ata xətti ilə 10-cu əcdadı Əbdi-mənaf Həzrət Mühəmməd Peyğəmbərin (s) 4-cü əcdadıdır. Yəni Həzrət Peyğəmbər – Əbdi-mənafın bir oğlu Haşimin, Şafii isə Əbdi-mənafın o biri oğlu Əbdülmüttəlibin nəslindəndir.



Tarixi məlumatlara görə, Şafii Harun ər-Rəşidin hakimiyyət illərində Yəməndəki Nəcran məntəqəsinə qazi təyin edilmiş, amma buranın zalım valisi ilə münasibətlərinin gərginləşməsi üzündən vəzifəsindən azad edilmişdi. Bəzi tarixçilər bunun səbəbini Şafiinin Əhli-beyt seyyidlərinə hədsiz hörmət göstərməsi ilə bağlayırlar ki, bu da o zamankı Abbasi xilafətinin siyasətinə uyğun gəlmirdi. Tarixçilərin bir qismi isə bu fikirdədir ki, Şafiinin Əhli-beytlə mehriban münasibəti, onun vəzifədən uzaqlaşdırılması üçün vali tərəfindən qəsdən şişirdilmişdi. Hər halda, Şafii xilafətə qarşı Əhli-beyt tərəfdarları ilə əlbir olmaqda təqsirləndirilərək Bağdada – xəlifənin hüzuruna çağırılmış, amma burada məşhur fəqih Mühəmməd Şeybaninin vəsatəti ilə xəlifənin cəzasından qurtulmuşdu.



İmam Şafiinin Əhli-beytə sevgi və sayğı ilə yoğrulmuş sözləri hələ sağlığında onu əhatə edən insanlar arasında dedi-qodular yaradırdı. 90 il Əməvilərin, daha sonra isə Abbasilərin təbliğat maşınının təsiri altında tərbiyə almış müsəlmanlar onu şiəlikdə təqsirləndirir, hətta "rafizi”, yəni "dindən çıxmış” deyirdilər (o zamanlar bütün şiələrə təhqir məqsədi ilə bu adla müraciət edirdilər).



Əhli-sünnə alimi İbn Həcər Heysəmi "əl-Səvaiq əl-mühriqə” kitabında İmam Şafiinin Əhli-beyt haqqında söylədiyi şeirlərdən bəzilərinə yer verib. Bu şeirlərin birində deyilir:



Dedilər ki, rafizi olmusan. Dedim ki, xeyr,



Rafizilik (şiəlik) mənim dinim və əqidəm deyil.



Amma şübhəsiz ki, ən yaxşı rəhbəri (imamı)



Və ən yaxşı yolgöstərəni (hadini) sevirəm.



Əgər dostun (vəlinin) sevgisi rafizilikdirsə,



Onda mən bəndələr içində ən qatı rafiziyəm!



(Diqqətə layiq olan budur ki, şeirdəki "vəli”, "imam” və "hadi” kəlmələri Həzrət Əlinin (ə) haqqındadır).



Bu şeir parçası hənəfi məzhəbli Şeyx Süleyman Qunduzinin "Yənabi əl-məvəddə” kitabında, şafii məzhəbli Qazi Bəhlul Behcət Əfəndi Zəngəzurlunun "Ali-Mühəmmədin tarixinə dair təşrih və mühakimə” əsərində və maliki məzhəbli İbn Səbbağ Məkkinin "əl-Füsul əl-mühimmə” kitabında da mövcuddur.



İmam Şafiiyə aid olan növbəti şeir parçası belədir:



Əgər Ali-Mühəmmədi sevmək rafizilikdirsə (dindən çıxmaqdırsa),



Qoy bütün insanlar və cinlər şahid olsunlar ki, mən rafiziyəm!



İbn Həcər şeiri təqdim etdikdən sonra yazır: "Beyhəqi deyib: "Şafii bu sözləri o zaman söyləmişdir ki, xəvaric tayfası həsəd və kin-küdurətlə onu rafizilikdə ittiham edirdi”.



Burada maliki məzhəbli alim İbn Səbbağ Məkkinin "əl-Füsul əl-mühimmə” kitabından bir hissəni xatırlamaq yerinə düşər. Həmin kitabda böyük din alimlərindən Beyhəqiyə istinadən nəql olunur: İmam Şafiiyə xəbər verdilər ki, camaat Əhli-beytin fəzilətləri haqqında danışılan söhbətləri dinləmək istəmir. Hər kim bu barədə danışsa, onu təkləyib, "rafizi” adlandırırlar. İmam Şafii bunu eşidəndə aşağıdakı şeir parçasını yazdı:



Hər hansı məclisdə Əlidən,



Peyğəmbərin iki qız nəvəsindən və pak Fatimədən söhbət düşəndə,



Deyirlər ki, ay camaat, danışan adamdan üz çevirin!



Çünki onun dedikləri rafizilərin hədislərindəndir.



Fatiməni sevməyi rafizilik kimi görən



Belə adamlardan Allaha pənah aparıram.



Namazda Peyğəmbərə və Əhli-beytə salavat deyilməsinin vacibliyi barədə aşağıdakı şeir də İmam Şafiiyə məxsusdur:



Ey Allah Rəsulunun Əhli-beyti! Sizin məhəbbətiniz



Allah tərəfindən nazil olmuş Quranda bizlərə fərz (vacib) bilinib.



Sizin qədr-qiymətinizin ucalığı üçün bu kifayət edər ki,



Hər kim Sizə salavat göndərməsə, onun namazı sayılmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!