Həzrəti Xədicə və Məhəmməd peyğəmbər (s.a.v) sevgisi

Həzrəti Xədicə və Məhəmməd peyğəmbər (s.a.v) sevgisi
Qadın və Din
10.09.2017 36
Evlənmək təklifini özü etdi
Onları ilk tanışlığı da Hz. Xədicənin dəvə karvanı vasitəsilə baş
verdi. O dövrdə Məkkədə doğruluğu hər şeydən üstün tutduğu, haqqı
nahaqqa qurban vermədiyi, düz danışdığı üçün Hz. Məhəmmədi "Əl-Əmin"
(etibar edilən, güvənilən) adı ilə çağırırdılar. Bu adı həm də ona
karvan sahibləri vermişdilər. Çünki o, heç bir karvan sahibinin
əmanətinə xəyanət etməmişdi. O dövrün Məkkəsi üçün bu, olduqca inanılmaz
bir xüsusiyyət idi. Ona görə də Hz. Xədicə dəvə karvanını Hz. Məhəmmədə
tapşıraraq onu Åžama alış-verişə göndərdi. Dəvə karvanının başında
alış-verişi səmimi bir şəkildə həyata keçirən Hz. Məhəmməd (s.ə.v.)
düzlüyü və doğruluğu ilə dərhal Hz. Xədicənin xüsusi rəğbətini qazandı.
Tədricən bu rəğbət Hz. Xədicənin qəlbində ilahi bir sevgiyə çevrildi və
o, düzlük və doğruluq təcəssümü olan bu böyük insana bütün varlığı ilə
vuruldu. Artıq o, sevgisini gizlədə bilmirdi və qarşısındakından haçansa
ona evlənmək barədə təklif gələcəyini gözləməyə səbri çatmırdı. Sonda
dözməyərək dərdini ən yaxın rəfiqəsi olan Nəfisə binti Münyəyə açaraq
ondan kömək istədi. Hz. Xədicə Məhəmmədə (s.ə.v.) evlənmək barədə təklif
edəcəyini deyəndə, Nəfisə bunu xoş qarşılamadı. Çünki o dövrdə bir
qadının hansısa bir kişiyə evlənmək təklifi etməsi qəbul edilməsi mümkün
olacaq bir iş deyildi. Amma o dövrdə Hz. Xədicə mümkün görünməyən bir
işi mümkün edə bildi. Artıq o, onu əhatə edən təbəqənin təzyiqlərinə və
etirazlarına məhəl qoymadan qəti qərarını vermişdi: Hz. Xədicə Məhəmmədə
(s.ə.v.) evlənmək təklifi edəcəkdi: "Mən öz qövmümün arasında izzət və
şərəfə malik olduğuna, düzlüyü, doğruluğu sevdiyinə, tapşırılan hər
hansı əmanətə xəyanət etmədiyinə, gözəl xasiyyətinə görə səninlə
evlənmək istəyirəm", - deyə Hz. Məhəmmədə (s.ə.v.) xəbər göndərdi. Hz.
Məhəmməd, əvvəlcə, Hz. Xədicənin bu təklifinə səbirlə və təmkinlə
yanaşdı. O: "Mənim maddi imkanlarım azdır, belə olduğu halda, sənin kimi
zəngin birisi ilə necə evlənə bilərəm", - deyə Həzrəti Xədicəyə cavab
verdi. Hz. Xədicənin bu məqamda dediyi sözlər islami evlilik anlayışı
üçün çoxlarına bir nümunə ola bilər. O: "Sən etibar edilməli,
güvənilməli bir adamsan, düzlüyü sevənsən, gözəlxasiyyətlisən və bunun
üçün də səni sevirəm", - deyə bildirdi. Bu sözlər Hz. Məhəmmədi (s.ə.v.)
duyğulandırdı və o, son qərarını vermək üçün əmisi Əbu Taliblə
məsləhətləşməyi qərara aldı. Əbu Talib də bu evliliyə etiraz etmədi.
Çünki o, Hz. Xədicənin izzətli, namuslu bir qadın olduğunu yaxşı bilir
və ona xüsusi hörmət bəsləyirdi. Ona görə də Əbu Talib Qureyş
qəbiləsinin öndə gedən tanınmış adamlarını toplayaraq, onlara Hz.
Məhəmmədi (s.ə.v.) təriflədi və onun Hz. Xədicə ilə evlənmək istəyini
onlara bildirdi. Ondan sonra söz alan Varaka bin Nofəl də Hz. Məhəmmədi
tərifləyərək onun nüfuzlu bir soydan olduğunu və belə bir soyla qohum
olmağı özləri üçün şərəf hesab etdiyini deyərək bu evliliyə razı
olduğunu söylədi. Tərəflər arasında əldə edilən razılığa görə, Hz.
Xədicə ilə Hz. Məhəmmədin (s.ə.v.) nikahı bağlandı və qarşı tərəfə cehiz
kimi 400 dinar (bəzi məlumatlara görə, 20 dəvə) verildi. Beləliklə, Hz.
Xədicə ilə Hz. Məhəmməd (s.ə.v.) evləndilər. Əslində Hz. Xədicənin ən
yaxın adamlarından olan Varaka bin Nofəl bu mübarək evliliyin baş
tutacağı barədə hələ əvvəlcədən bilirdi. Belə ki, bir gecə Hz. Xədicə
yuxusunda günəşin Məkkə üzərindən doğduğunu və onun yavaş-yavaş aşağı
enərək evinə girdiyini görmüşdü. O, yuxusunu Varaka bin Nofələ danışanda
sonuncu Hz. Xədicəyə belə bir muştuluq vermişdi: "Sən şöhrəti bütün
aləmi tutacaq birisi ilə ailə həyatı quracaqsan". İndi onun sözləri düz
çıxmışdı.
Hz. Xədicə Hz. Məhəmmədlə (s.ə.v.) ailə həyatı quranda 40 yaşında idi.
Hz. Məhəmmədin isə (s.ə.v.) həmin dövrdə 25 yaşı var idi. Onlar Hz
Məhəmmədə (s.ə.v.) peyğəmbərlik verilməzdən əvvəl 15 il , peyğəmbərlik
veriləndən sonra isə 10 il birgə ailə həyatı (cəmi 25 il) yaşadılar. 
Bəzi İslam əleyhdarı mürtəce qruplar Hz Məhəmmədin (s.ə.v.) bu
evliliyini onun guya Hz. Xədicənin var-dövlətindən istifadə etməyə
çalışması kimi dəyərləndirir və bununla bağlı ictimai rəy
formalaşdırmağa cəhd edirlər. Buna paralel olaraq, onlar Hz. Xədicənin
də Hz. Məhəmmədlə (s.ə.v.) evlənmək barədə qərar qəbul etməsini bu
müqəddəs qadının ticarət işlərini daha da yaxşılaşdırmaq istəyi kimi
qələmə verirlər. Amma kim necə düşünür-düşünsün, fərqi yoxdur, ortada
danılmaz bir həqiqət var: bu da, bu ilahi evliliyin iki saf insana
Allahın böyük lütfü olmasıdır. Nəhayət, bu evlilik şəxsi mənfəət
üzərində qurulmamışdı və əgər belə olsaydı, onda hər iki tərəf
özlərindən daha varlısını, daha zənginini tapa bilərdi. İslam
Peyğəmbərinin ilk həyat yoldaşının yaşantıları "Sizin üçün daxilən
rahatlıq tapa biləcəyiniz həyat yoldaşları yaratdıq" ayəsində verilib.
Hz. Xədicə Hz. Məhəmmədə ürəkdən bağlı olan, ona inanan, ona ən ağır
vaxtlarında dəstək verən, dərdini bölüşdürən saf bir ömür-gün yoldaşı
idi. İlk vəhyin gəlməsindən sonra müşriklərin müsəlmanlar üzərinə etdiyi
aramsız təzyiqlərə, onları aclıq içində məhv etmək, tutduqları yoldan
döndərmək üçün çörəklə, yemək-içməklə sınağa çəkmələrinə baxmayaraq, Hz.
Xədicə ərinin yanından bir an da olsa ayrılmamış, çəkdiyi əziyyətlərdən
sarsılmamış və vəfalı həyat yoldaşı olaraq ölənə kimi mətanətini
itirməmiş, Kainat Günəşinin başı üzərində şam kimi yanmışdı. O,
həqiqətən, sönməz sevgisi, İslam dininə sədaqəti, vəfalılığı ilə özündən
sonra gələn milyonlarla müsəlman qadın üçün bir həyat örnəyinə
çevrildi.
Həzrəti Xədicə, həqiqətən də, bu günə kimi dünyaya gələn qadınların ən
müqəddəsi olaraq qalmaqda davam edir və əbədiyyətə kimi də saflıq və
paklıq mücəssəməsi olaraq qalacaqdır.


İslam Peyğəmbərini ilk təsdiq edən qadın
Hz. Məhəmmədə (s.ə.v.) ilk vəhy gəldi... Dağlarda xəlvəti bir guşəyə
çəkilən Hz. Məhəmməd (s.ə.v.) Məkkəyə qayıdanda tamam başqa bir adama
çevrilmişdi. Onun bu halını heç də hamı anlaya bilmək qabiliyyətində
deyildi. Amma Hz. Xədicə ərinin dağlarda xəlvəti guşəyə çəkilməsini və
oradan qayıtmasını səbirsizliklə gözlədiyi üçün həyat yoldaşında baş
verən dəyişikliyi dərhal anladı və onun dediklərini səbirlə dinlədi. Hz.
Məhəmmədin (s.ə.v.) vəhy barədə söylədiklərinə heyranlıqla qulaq asan
Hz. Xədicə heç bir tərəddüd etmədən dərhal: "Sən doğru danışırsan,
əmanətə xəyanət edən deyilsən, haqq və ədaləti həmişə müdafiə edənsən,
ən ağır zamanlarında insanlara dərhal yardım göstərənsən, Haqq-Təala heç
vaxt buna görə səni yalqız buraxmayacaqdır", - deyərək onun
peyğəmbərliyini ilk təsdiq edən, ona ilk inanan və İslam dininə ilk iman
gətirən qadın oldu. Və onun adı əbədiyyətə qədər də İslam dininə ilk
iman gətirən, İslam peyğəmbərini ilk tanıyan qadın olaraq qalacaq...
Sonra Kainatın Günəşi və ona ilk iman gətirən Hz. Xədicə mağarada baş
verən hadisələri və ilk vəhyi anlatmaq üçün özlərinə ən yaxın bildikləri
sevimli Varaka bin Nofəlin yanına getdilər. İbranicə (yəhudi dilində)
oxumağı və yazmağı bilən, İncill və Tövratı oxuyaraq onları dərindən
öyrənən Varaka bin Nofəl Hz. Məhəmmədin (s.ə.v.) başına gələnləri eşidən
kimi: "Səninlə danışan, sənə vəhy çatdıranlar Allahın mələkləri
olublar, Sənə peyğəmbərlik verilib", - dedi. Yeri gəlmişkən, onu da
deyək ki, hələ Hz. Məhəmmədə (s.ə.v.) peyğəmbərlik verilməzdən xeyli
əvvəllər də Varaka bin Nofəl tez-tez: "Qureyşdən bir nəfər Allah
tərəfindən insanları doğru yola dəvət etmək üçün göndəriləcək və bu
qəbilənin ən zəngin qadınlarından biri ilə evlənəcək", - deyirdi. Amma
ilk vəhydən sonra uzun bir müddət peyğəmbərə vəhy gəlmədi və Hz.
Məhəmməd (s.ə.v) bundan narahat oldu. Amma Hz. Xədicə ömür-gün
yoldaşının bu halını görərək: "Hər şey Uca Allahın əlindədir və baş
verənlərə görə üzülməyinə dəyməz", - deyə ona təsəlli verməyə çalışırdı.
Burada bir məsələyə də diqqəti cəlb etmək istəyirik. Hz. Xədicə İslam
Peyğəmbəri ilə birlikdə Hz. Cəbrayıl tərəfindən öyrədilən, namaz qılan
ilk müqəddəslərimizdəndir.
Hz. Xədicənin Hz. Məhəmmədlə (s.ə.v.) evlilikdən 6 uşağı oldu və İslam
Peyğəmbərinin nəsli bu müqəddəs qadının doğduğu Hz. Fatima ilə davam
etdi. Hz. Xədicə Haqqın dərgahına qovuşan günə kimi Əhli-Beytin (Hz.
Məhəmmədin (s.ə.v.) ailəsinin) ana qadını olaraq qaldı. O, İslam
düşmənlərinə qan uddurduğuna görə "Allahın aslanı" adı verilən Hz. Əli
və onun sevimli həyat yoldaşı Hz. Fatimanı tərbiyə edərək İslam aləminə
ən böyük xidmətini etmişdi.
Hər kəs ona yalançı deyərkən o, Ona inandı
Hz. Xədicənin kainatın sonuncu peyğəmbərinə sözlə izah edilə
bilinməyəcək və yer üzündə ölçülməsi mümkün olmayan misilsiz xidmətləri
günümüzdə qəlbində Uca Allah eşqini, Hz. Məhəmməd (s.ə.v.) sevgisini
yaşadan insanlar üçün nur qaynağı olaraq qalmaqda davam edir. Yenə də
bir az əvvələ qayıtmaq, bu müqəddəs qadının ucalığını oxucularımıza daha
dərindən çatdırmaq istəyirik. Hz. Məhəmməd (s.ə.v.) Hira dağında
xəlvəti bir guşəyə çəkildiyi zaman ona ac qalmasın deyə yemək apararaq,
onun hər diləyini, hər arzusunu yerinə yetirəndə yenə də Hz. Xədicə idi.
O, Hz. Məhəmmədin (s.ə.v.) hər üzüntüsünü dərhal hiss edərək onu
ovundurmağa, ona ruh yüksəkliyi verməyə çalışardı. Məkkədə vəziyyət
həddindən artıq ağırlaşmağa başlayanda Hz. Xədicə "of" belə demədən
bütün var-dövlətini və sərvətini müsəlmanların ehtiyaclarının ödənilməsi
üçün sərf etdi. Üç il davam edən bu iqtisadı embarqo zamanı Hz. Xədicə
səbirlə, mətanətlə baş verənlərə sinə gərmiş, heç zaman qarşılaşdığı bu
ağır durumundan şikayət etməmiş, daima Uca Allaha şükür etmişdi. Hz.
Xədicə hicrətdən üç il əvvəl, 619-cu ildə müşriklərin baykotu aradan
qaldırmasından sonra 63 yaşında ikən Haqqın dərgahına qovuşdu. Onun
Haqqın dərgahına qovuşmasından az sonra Hz. Məhəmmədin (s.ə.v.) sevimli
əmisi, ən ağır günlərində ona arxa duran və qardaşı oğlunu hər vasitə
ilə müşriklərdən qorumağa çalışan Əbu Talib də o dünyaya köç etdi.
Həzrəti Məhəmmədin (s.ə.v.) iki sevimli adamını itirdiyi həmin il İslam
tarixində "hüzn ili" olaraq anılır. Hz. Xədicə vəfatından sonra da
müsəlmanların anası kimi heç vaxt unudulmadı. Hz. Məhəmməd (s.ə.v.) də
həyatının sonuna kimi Hz. Xədicəni tez-tez xatırlayırdı. Hz. Əlinin
sözlərinə görə, Hz. Məhəmməd (s.ə.v.) sonradan evləndiyi xanımlarının
yanında hər gün Hz. Xədicəni xatırlayar və bu zaman göz yaşlarını
saxlaya bilməzdi. Buna qısqanclıqla yanaşan Hz. Ayişəyə isə Hz. Məhəmməd
(s.ə.v.) belə demişdi: "Ey Ayişə, mənə vəhy gəlməsinə və
peyğəmbərliyimə heç kəs inanmayanda Xədicə mənə inandı və İslama iman
gətirdi. Mənə "yalan söyləyirsən" deyilərkən, o, "doğru deyirsən" dedi.
İnsanlar maddi varlıqlarını qoruyub saxlayanda və onu daha da artırmağa
çalışanda Xədicə var-dövlətini qarşıma qoyaraq İslam yolunda onu
istədiyim kimi xərcləməyimi istədi. Ən ağır günlərimdə və təkləndiyim
vaxtlarımda o: "Üzülmə, pis günlərin yerini daha yaxşı günlər əvəz
edəcək", - deyə mənə dəstək verdi. Mən Xədicəni bunun üçün heç vaxt
unuda bilmirəm". 
Yenə də Kainatın Günəşinin dediyinə görə, "Xədicənin könlündə heç
kimsədə olmayan bir özəllik vardı, O, insanın qəlbindəki kədəri dərhal
duyar və onu ovunduraraq xoş ovqat bəxş edərdi".
Onu da deyək ki, Xədicə sözü ərəb dilində vaxtından əvvəl dünyaya gələn,
anadan olan mənasını verir. Amma O, vaxtında dünyaya gəlmişdi, lakin
əziyyətli günlərdən sonra gələcək xoş anları görə bilmədi. Uca Allah Hz.
Xədicənin fədakarlığını, saflığını və imanını Cəbrayılla göndərdiyi
salamla mükafatlandırmışdı. Hz. Xədicə Allahın salam göndərdiyi az sayda
qadınlardan biri idi. Hz. Məhəmməd (s.ə.v.) ölüm döşəyində yatan
sevimli ömür-gün yoldaşına belə bir müjdə vermişdi: "Ey Xədicə, sevin.
Uca Allah səni İmranın qızı Məryəm və Fironun zövcəsi Asiyaya bərabər
tutmuşdur".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!