Quran sözünün mənası

Quran sözünün mənası
Qadın və Din
10.09.2017 2
Allah-Təalanın Rəsuluna vəhy etdiyi Qurani-Kərim haqq ilə batili
bir-birindən ayıran, dərdlərə dəva, qəlblərə nur və öyüd mənbəyi,
hidayət rəhbəri və feyz qaynağıdır. İlahi kitabların ən böyüyü və
bənzərsiz bir nurdur. Dost və düşməni diz çökdürən, onları özünə heyran
qoyan, nazil olduğu gündən bəri əslini, təzəliyini və gəncliyini qoruyan
yeganə ilahi kitabdır.



"Quran” kəlməsi ən geniş yayılmış və məqbul sayılan fikrə görə,
"qaraə” felinin məsdər şəkli olub "oxumaq” deməkdir. "Qiyamə” surəsinin
17-ci və 18-ci ayələrində bu mənadan bəhs edilir. "Quran” sözü "oxunan”,
"tilavət edilən” mənalarını da verir. İslamın zühurundan sonra bu kəlmə
Allahın kitabının xüsusi adına çevrilmişdir.



Allah (cəllə cəlaluhu) bəşəriyyətə göndərdiyi bu son kitabını müxtəlif
isimlərlə də adlandırmışdır. "Quran”dan sonra ən məşhur ad
"əl-Kitab”dır. Digər məşhur adlarına "əl-Furqan” (həqiqəti yanlış və
batildən ayıran) və "ət-Tənzil” (hissə-hissə nazil edilən vəhy) kimi
isimləri də misal göstərə bilərik. Bunlardan başqa Qurani-Kərimin
"əz-Zikr”, "ən-Nur”, "əş-Şəfa” kimi elə özündən götürülən, bəzi
alimlərin fikrincə, sayı əlli beşə, hətta doxsana çatan isimləri də
vardır. Bunların çoxu, əslində, Quranın məxsusi adı deyil,
xüsusiyyətlərini bildirir.



Quranın tərifi

Qurani-Kərimə müxtəlif aspektlərdən təriflər verilmişdir. Bir neçəsinə burada nəzər salaq:



Quran Həzrət Məhəmmədə (sallallahu aleyhi və səlləm) vəhy yolu ilə
nazil olmuş, səhifələrdə yazılmış, təvatürlə nəql edilmiş, tilavəti
(oxunması) ibadət sayılan ilahi kəlamdır.



Quran miladi 610-632-ci illər arasında, iyirmi üç illik risalət
dövründə Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) müxtəlif
vəsilələrlə Allah tərəfindən göndərilmiş vəhylərin məcmusudur.

Quran bəşərin ruhi-mənəvi və maddi-cismani cəhətlərini ehtiva etməklə
yüksəklərin fövqündən bəşəriyyətin üfüqünə doğmuş ən mükəmməl bəyanlar
və ilahi qanunlar toplusudur.

Quran bütün mövcudatın Sahibi Allahın əzəli kəlamı və fərmanıdır.

Quran bütün aləmlərin Rəbbi olan Allahın bəndələrə göndərdiyi bənzərsiz bir iltifat və lütfdür.

Quran o əbədi və dəyişməz ilahi prinsipləri ilə bütün bəşəriyyətin
xoşbəxtlik mənbəyi və o səadətə aparan ən kəsə, ən işıqlı yol olaraq
misilsiz ilahi xitabdır.

Quran varlığın və hadisələrin tərcümanı, makro və mikro aləmlərin
müfəssiri, bu dünyada qeyb aləminin dili, bəşəriyyətə ilahi iltifatların
sənədi, İslamiyyətin özü, əsası, nuru və ziyası, axirət aləmlərinin
xəritəsi və ona inananların səadət vəsiləsi olduğu kimi, eyni zamanda
açıq-gizli, bilavasitə və bilvasitə bir dua məcmusudur.

Təvatür − dini mətinlərdə yalan olması qeyri-mümkün olan bir sözün və
ya xəbərin etibarlı və doğru sözlü insanlardan gəlməsi. Yalan ehtimalı
olmayan və bir camaatdan gələn qüvvətli xəbər.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!