Qiyamət

Qiyamət
Qadın və Din
10.09.2017 4
Hər dəfə hansısa təbiət hadisəsindən, zəlzələdən, daşqından, sunamidən
sonra, bir qayda olaraq, qiyamət haqqında söhbətlər daha tez-tez gündəmə
gəlir. Hətta telekanallarımızda alimlərimiz, ilahiyyətçılarımız,
psixoloqlarımız "dəyirmi masa" ətrafında toplaşaraq mövzu ilə bağlı
fikir mübadiləsi də aparırlar.



Qiyamət qaçılmaz gerçəkdir, bu sözün tərcüməsi "dikəlmək, ayağa
qalxmaq" mənalarına gəlir, özü də kainatın dağılması anlamında
işlədilir.



Adama deyən lazımdır ki...

Son yüzilliklərdə bu mövzü müxtəlif məqamlarda tez-tez gündəmə gəlir və
bir müddət sonra yenidən səngiyir. İndi də kimlərsə yenidən söhbəti
qızışdırır və hətta belə deyənlər də var ki, yaxın gələcəkdə, məsələn,
filan ildə qiyamət qopmalıdır. Nə qədər də məntiqsiz və mənasız
polemika! Adama deyən lazımdır ki, niyə gedib öz başının hayına
qalmırsan, öz əməllərini hesaba çəkmirsən, kainatın sabahından narahat
olursan? O şey ki, Allahın (c.c.) sirlərindəndir və Rəsulullah (s.ə.s.)
da dəqiq bir zaman göstərməyib, sənin nəyinə lazımdır ki, onunla bağlı
baş sındırırsan?



Hər dəfə qiyamət haqqında düşünəndə uca Peyğəmbərimiz Həzrəti
Məhəmmədin (s.ə.s.) bir hədisi-şərifi bütün düşüncələrimi, ovqatımı
tənzimləyir: "Əgər ağac əkdiyiniz yerdə qiyamətin qopduğunu görsəniz,
siz öz işinizə davam edin".



Quran işığında "məhəlli qiyamətlər"



Qurani-Kərimdə çox mühüm tarixi hadisələrdən bəhs edilir. Kimi o
hadisələri tarixin bir parçası, kimi də, ən maraqlı oxu mətni və ya
nağıl kimi qəbul edir. Amma Qurani-Kərim öyrənmək, orada oxuduqlarından
ibrət almaq və həyatını düzgün istiqamətdə və düzgün şərtlər içində
qurmağı öyrədir bizə. Qurani-Kərim bizə öyrədir ki, qiyamət, hər şeydən
öncə, toplumun əxlaqında, insanların bir-birinə münasibətində və eləcə
də Haqqa qarşı davranışlarında başlayır. Bu mənada, Yer üzünün ilkin
qiyaməti Nuh dövründə başlayıb. Doğrudur, həmin hadisədə kainat
dağılmayıb, amma insanlar öləndən sonra kainatın qalıb-qalmamasının onun
üçün nə əhəmiyyəti var axı? Nuh hadisəsində ancaq gəmiyə minənlər xilas
ola bildilər, çünki onlar doğru yolda, doğru istiqamətdə idilər. Suda
boğulanlar isə azğınlar və Allahı inkar edənlər idilər.



Lut qövmündə azğınlığın və qiyamət şərtlərini yetişdirən başqa iyrənc
mənzərələrlə tanış oluruq. Həzrəti Musanın başına gələnləri göz önünə
gətirin, bəla gəlir, Misir kafirləri öz inadlarından dönəcəklərini vəd
edirlər, amma bəla sovuşan kimi öz yollarına davam edirlər. Nəticədə
kafirlərin böyüyü Firon və ordusu Qırmızı dənizin sularında qərq olur.



Quranda bəhs edilən Ad və Səmum qövmləri də öz azğınlıqları ucbatından
Allahın qəzəbinə gəlirlər. İnsan üçün əsas olan da elə bu nöqtədir:
Allahın mərhəmətini qazanmaq, yoxsa qəzəbinə tuş gəlmək? Qəzəbə tuş
gələnlərin qiyamət ssenariləri uydurmalarına nə ehtiyac var ki?



Yaponiya örnəyi

Bir neçə il əvvəl Yaponiyada baş vermiş sunami, elə bilirəm ki,
hamımızın yadındadır. Mən o qənaətdəyəm ki, Yaponiyada baş verənlər,
inşallah, nəticə etibarilə onların xeyrinə olacaq. Ekranda gördüyüm bir
kadrı heç unuda bilmirəm: 42 min nəfərlik bir qəsəbə sunami ilə yerlə
yeksan olub, ölənlərin sayı belə məlum deyil. Yerli inancın şərtlərinə
görə, ölülər yandırılmalıdır, ancaq qəsəbədəki krimatoriya aparatları
sunami zamanı ya axıb gedib, ya da xarab olub. Haradansa bir aparat
tapıblar, o da 3-4 saat ərzində cəmi bircə meyit yandıra bilər. Amma
qəsəbənin hər yerindən cəsəd qoxusu gəlir. Çıxış yolu tapmayan sakinlər
uzun bir xəndək qazıblar və istəməsələr də öz ölülərini dəfn eləməyə
məcburdurlar. O mənzərəyə baxanda ağlımdan keçən bu oldu ki, Allah-Təala
onları məcburi qaydada doğru yola yönəldib. Amma bütün başlanğıclar,
doğuşlar, təbii ki, sancısız, ağrısız olmur. Yaponlar, mənim qənaətimə
görə, yeni bir mərhələnin qapısına gəliblər və inşallah, zahirən fəlakət
kimi görünən bu hadisələr yaponlara çox şeylər qazandıracaq.



Bilirsənmi güc nədir?

İnsan qiyamət haqqında düşünməkdənsə, öz əxlaqına, ədəb-ərkanına,
insanlarla və Allahla münasibətinə baxsa, daha xeyirli olar, qiyamət
ssenariləri kimlər üçünsə dopinq kimi bir şeydir, ölümdən o tərəfi
düşünməyənlər üçün bəlkə də bir növ təsəllidir. Əslində isə hər bir
insanın ölümü elə onun qiyamətidir.



Hər bir cəmiyyətin gücü ordusunda, silah-sursatında, yeraltı-yerüstü
sərvətində, valyutasında deyil, ədalətindədir, onu təşkil edən fərdlərin
əxlaqında, ədəbində, bir-birinə və Allaha qarşı davranışlarındadır.
Quran işığında bir daha aydın görünür ki, istər fərd olsun, istər
toplum, özünü bəlaya layiq hala gətirməyincə Allah-Təala onun cəzasını
vermir. Əgər qiyaməti bir cəza kimi düşünürsünüzsə, bunun ilkin səbəbini
özünüzdə axtarmalısınız. Quran onu da bildirir ki, başınıza gələn bütün
yaxşı işləri Allahdan, müsibətləri isə özünüzdən bilin. Təkcə bu mesaj
düşünmək üçün o qədər geniş meydan açır ki, o ənginlikdə heyrətə düşməyə
bilmirsən.



Nə gözəl müjdə!



Yazımızı Peyğəmbərimizin (s.ə.s) çox gözəl bir söhbəti ilə tamamlamaq istəyirik:



Bir bədəvi ərəb Rəsulullahın yanına gəlir və soruşur:



- Ya Rəsulullah, qiyamət nə zaman olacaq?



Rəsulullah da sualı sualla qarşılayır?



- Qiyamətə nə hazırlığın var?



Bədəvi ərəb belə deyir:



- Adi qaydada ibadətimdən başqa heç bir şeyim yoxdur, amma bir təsəllim var ki, Allahı və Onun Rəsulunu sevirəm.



Qiyamətə qədər bütün Adəm oğluna veriləcək ən xoş müjdələrdən bir də elə bu anda Allah Rəsulunun dilindən qopur:



- Qiyamət günü hər kəs sevdikləri ilə birlikdə olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!