Təyəmmüm necə edilir?

Təyəmmüm necə edilir?
Qadın və Din
10.09.2017 23
Şəriətə
görə, namaz və oruc kimi ibadət əməllərini yerinə yetirmək,
Qurani-kərimin yazısına toxunmaq üçün insan pak olmalıdır. Yəni bunun
üçün ya dəstəmaz, ya da qüsl almaq lazımdır (yerindən asılı olaraq).
Amma bəzən su ilə paklanmaq mümkün olmur.



Bu
zaman şəriətin yüngülləşdirici hökmündən – yəni təyəmmümdən istifadə
etməyə icazə verilir. Təyəmmüm hökmü Həzrət Mühəmməd Peyğəmbərə (s)
hərbi yürüşlərin birində (Bəni-Müstəliq qəzvəsində, hicrətin 5-ci və ya
6-cı ili) aşağıdakı ayə vasitəsilə vəhy edildi: "Xəstələndiyiniz,
səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq
etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə
və əllərinızə sürtün. Allah sizi çətinliyə salmaq istə¬məz, lakin O,
sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə
şükr edəsiniz” (Maidə, 6). Bu ayə nazil olduqdan sonra səhrada su tapa
bilməyən müsəlmanlar ilk dəfə namazı təyəmmümlə qıldılar.



Aşağıdakı hallarda ibadəti təyəmmümlə etməyə icazə vardır:



1.
İnsan su tapmasa və ya mövcud olan su dəstəmaz (yaxud qüsl) üçün
kifayət etməsə. Amma su yoxdur deyə, bəhanə gətirib təyəmmüm almaq
olmaz. Suyu axtarmaq üçün gəzmək lazımdır. Amma əgər yaxınlıqda suyun
olmaması dəqiq məlumdursa (yəni ümid yoxdursa), suyu axtarmağa dəyməz.



Bəzən
bina evlərində yaşayan şəxslər bir və ya bir neçə gün su gəlməyəndə
namazı təyəmmümlə qılırlar. Belə etmək olmaz. Əgər sizin yaşadığınız
binada su yoxdursa, yaxın binadakı qonşudan bir vedrə su almaq olar. Və
ya həyətdəki su kranlarından su doldurmaq olar. Bir günlük vacib
namazlar üçün dəstəmaz almağa 4-5 litr su tamamilə kifayət edir. Bu suyu
əldə etmək o qədər də çətin deyil.



2.
Əgər sudan istifadə etmək insanın sağlamlığı üçün təhlükəlidirsə və
bunu həkim deyirsə, dəstəmazın və qüslün əvəzinə təyəmmüm etmək olar.
Bəzən insanlar soyuq havada qüsl almaqdan qorxub, "isti suyumuz gəlmir,
hamam soyuqdur, saçım gec quruyur” bəhanəsi ilə təyəmmümlə namaz
qılırlar. Bu da düzgün deyil. Qüsl üçün kifayət edəcək qədər suyu hər
hansı qızdırıcının köməyi ilə isitmək olar. Ən uzağı, ümumi hamamlarda
yuyunmaq imkanı da var. Saçı gec quruyan qadınlar isə saçlarını dəsmalla
örtüb, özlərini soyuqdan qorumalıdırlar.Yalnız su həqiqətən ziyan
edəcəksə, təyəmmümə icazə verilir.



3. Əgər bədən və ya
paltar murdar olubsa və mövcud olan su yalnız murdarlığı pak etməyə bəs
edirsə və bundan sonra su qurtarırsa, onda təyəmmüm etməyə icazə
verilir. Əgər adamın bir qədər suyu olsa, amma bu su dəstəmaza (qüslə)
çatmasa, yaxud əgər dəstəmaz (qüsl) alandan sonra içməyə suyu qalmasa,
yenə bu halda təyəmmüm etməlidir.



Təyəmmümü torpaq, qum və daş
üzərinə etmək olar. Cəfəri məzhəbində gəc və əhəngdaşı üzərinə də
təyəmmüm etməyə icazə var. Təyəmmüm edilən yer pak olmalıdır, yəni o
yerin murdar olması barədə məlumat olmamalıdır. Təyəmmüm edilən səthin
üzərində heç olmazsa azacıq toz olmalıdır. Təyəmmüm etməzdən əvvəl
dəstəmaz və qüsldə olduğu kimi, əllərdə və sifətdəki maneələr çıxarılır
(üzük, qolbaq, eynək və s.).



Cəfəri
məzhəbinə görə, təyəmmümün qaydası belədir: Niyyət edib hər iki ovcun
içini yerə vurub qoşalaşdırır və ovucun içini alının yuxarısından
başlayıb, qaşların yuxarısına kimi sürtürlər (saç bitən yerdən başlayıb,
qaşların arasına kimi – yuxarıdan aşağıya doğru). Bu zaman diqqət
edilməlidir ki, tam alın, gicgahlar daxil olmaqla sürtülsün. Sonra sol
əlin ovcunu sağ əlin üst tərəfinə, biləkdən barmaqların ucuna kimi, daha
sonra sağ əlin ovcunu sol əlin üstünə, biləkdən barmaqların ucuna kimi
məsh edirlər. Bu zaman da əlin tam üstü sürtülmüş olmalıdır.



Əhli-sünnə
məzhəbinə görə isə niyyət edib əli yerə vurduqdan sonra bütün sifətə
(sifətin dəstəmazda yuyulan bütün hissələri əhatə olunmalıdır) yuxarıdan
aşağı və əllərə barmaqların ucundan dirsəyə kimi sürtürlər. Bu zaman da
əvvəlcə sol əl sağ əlin üstünə, sağ əl sol əlin üstünə çəkilir.
(Malikilər və hənbəlilər də biləyə kimi məsh etməyi fərz sayırlar,
dirsəyə kimi məsh etmək isə onlarda sünnətdir).



Əhli-sünnə
ilə şiələrin təyəmmümündə fərqlərdən biri də ovucların içini yerə neçə
dəfə vurmaqdadır. Sünnilər təyəmmümü iki zərbə ilə edirlər (bir dəfə
sifət, bir dəfə də əllər üçün). Şiəlikdə isə, geniş yayılmış fikrə görə,
yalnız təyəmmümün əvvəlində ovuclar bir dəfə yerə vurulur. Amma bəzi
şiə müctəhidləri ehtiyata əsasən fətva veriblər ki, yuxarıdakı qayda ilə
təyəmmüm edəndən sonra yenə ovucları yerə vurub əllərin üzərinə çəkmək
lazımdır (bu yolla təyəmmüm həm bir zərbə ilə, həm də iki zərbə ilə
yerinə yetirilmiş olur).



Əgər adam bilsə ki, namaz vaxtının bitməsinə az qalmış su əldə edəcək, onda namazı həmin vaxta kimi təxirə salmalıdır.

Dəstəmazı
və qüslü batil edən hallar təyəmmümü də batil edir. Təyəmmüm yalnız uzr
müddəti boyunca qüvvədədir. Yəni su tapılandan sonra (və ya suyun
bədənə dəyməsini əngəlləyən xəstəlik aradan qalxandan sonra)
ibadətləri yenə dəstəmaz və qüsllə etmək lazımdır. Təyəmmümlə edilmiş
ibadətləri qəza etməyə isə ehtiyac yoxdurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!