Yoxsa Allahdan qorxmursunuz?

Yoxsa Allahdan qorxmursunuz?
Qadın və Din
10.09.2017 3
"Həqiqətən, İlyas da peyğəmbərlərdəndir! Bir zaman o, öz tayfasına belə demişdi: "Yoxsa
Allahdan qorxmursunuz? Yoxsa siz yaradanların ən yaxşısını, həm sizin
Rəbbiniz, həm də (sizdən) əvvəl gələn atalarınızın (babalarınızın) Rəbbi
olan Allahı qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz?" Lakin onlar
onu təkzib etdilər, buna görə də (Cəhənnəmə) gətiriləcəklər. Yalnız
Allahın müxlis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün
yaxşı ad goyduq. "İlyasinə (İlyasa) salam olsun! Həqiqətən, Biz yaxşı
əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin
bəndələrimizdən idi!" (əs-Saffat, 37/123-132) 



İlyas (ə) Qurani-Kərimdə adı
keçən peyğəmbərlərdəndir (əl-Ənam, 6/85; əs-Saffat, 37/123). O,
tayfasını "Tövhid"ə dəvət etmiş və onlara belə xitab etmişdi:



Yoxsa Allahdan qorxmursunuz?



"Yoxsa siz yaradanların ən yaxşısını, həm sizin Rəbbiniz, həm də
(sizdən) əvvəl gələn atalarınızın (babalarınızın) Rəbbi olan Allahı
qoyub Bələ ibadət edirsiniz?"



İlyas (ə) tövhid inancından uzaqlaşıb, bütə sitayiş etməyə başlayan
İsrail oğullarına peyğəmbər olaraq göndərilmişdi. Ayədə qeyd olunan
"Bəl" də həzrət İlyasın qövmünün sitayiş etdiyi bütün adı idi.
Yaşadıqları şəhərin adı "Bək" olsa da, sitayiş etdikləri bütün adına
görə bu şəhərin adı tarixi mənbələrdə "Bələbək" olaraq keçir.



Bütə sitayiş edən qövm, İlyasın (ə) dəvətinə əhəmiyyət vermədi və iman
etmədi, əvvəlki peyğəmbərlərin dəvətlərinə məhəl qoymayan tayfalar
kimi. Qurani-Kərim xüsusilə bu məsələyə diqqət çəkmiş və İsrail
oğullarının müəyyən zamanlarda nankorluq etdiklərini vurğulamışdır
(əl-Bəqara, 2/83-85; əl-Casiyə, 45/16-17).



Halbuki, o şərəf sahibi elçilər, elmlə əməli, həyatla əxlaqı, hikmətlə
irfanı, dünya ilə axirəti yaxınlaşdıran və bütünləşdirən bəşəriyyət
liderləri, hikmət işığı və hidayət rəhbərləri idilər. Onlar insanları
küfrün bataqlığından uzaqlaşdırıb, tək olan Allahın tövhid yoluna, elm
və inancın aydınlığına dəvət edirdilər...



Beləliklə, İlyas onların "Yaradanların ən yaxşısını" qoyub, Bələ
ibadət etmələrinə, Tövhid inancını təməldən yıxıb, bütpərəstliyə geri
dönmələrinə çox pis münasibət göstərmişdi. Həzrət İlyas uzun müddət
mücadilə aparsa da, onları doğru yola gətirə bilmədi, nəticədə onu
yalanlamaqla Haqqı rədd və inkar etdilər. Bəli, "Onu təkzib etdilər"
(əs-Saffat, 37/127).



Dünyada imansızlıqlarının cəzasını çəkmiş bu xalq axirətdə də pərişan olacaqdır. Belə ki,



"Buna görə də onlar (Cəhənnəmə) gətiriləcəklər" - deyə bildirildi.
Lakin hər millətdə olduğu kimi onların arasında da ixlaslı olanlar vardı
ki, onlar üçün də:



"Yalnız Allahın müxlis bəndələrindən başqa!" deyə qeyd olunmuşdur.



İlyas (ə) özündən sonrakılar üçün də zikr edilmişdi. Çünki Allah onun haqqında belə demişdir:



"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. İlyasa salam olsun!"



Göründüyü kimi, ayələrdə İlyasın (ə) İsrail oğullarını Haqqa
dəvətindən qısa xülasə verilmiş, onun dəvətindən nümunələr qeyd
edilmişdir. Əvvəlcə həzrət İlyasın xəbərdarlıq edərək, Haqqa dəvət
etdiyi millətinin Allahdan qorxmadığı, pis əməllərdən ehtiyat
etmədikləri, eyni zamanda Allahı tərk edib, bütpərəstliyə geri
döndükləri haqqında məlumat verilmişdir. Daha sonra isə əsas məzmun belə
ifadə edilmişdir:



1. İnsan əli ilə düzəldilmiş Bəl
və ona bənzər butlər ilahi icad və sənətin yanında heç bir məna və dəyər
daşımaz. Çünki kainatı da, orada var olan bütün varlıqları da yaradan
Allahdır.



2. Allah keçmişdə olanların və gələcəkdə olacaqların yeganə yaradanı və tərbiyə edənidir.



İlyasın (ə) təbliğ və dəvətini tayfasının böyük əksəriyyəti inkar etsə
də, ona inananlar da olmuşdu. Daha sonra Haqq ilə batilin davamlı
olaraq mücadilə etdiyi göstərilmiş və qiyamətə qədər bunun belə davam
edəcəyi, lakin batilin hər zaman yox olmağa məhkum olduğu da
bildirilmişdir. Beləliklə, İlyas peyğəmbər də vəzifəsini Iayiqiylə
yerinə yetirərək, ilahi xeyir-dua ilə təltif olunmuş və özündən sonra
gələnləra şərəfli bir ad qoymuşdur.



Nəticə etibarilə belə bir qənaət hasil olur ki, belə gözəl şöhrət
Allahın yaxşı insanlara mükafatıdır. Belə olduğu halda, özündən sonra
gözəl bir ad, bu göy qübbəsinin altında xoş səda qoymaq üçün çalışmaq
lazımdır. Şübhə yoxdur ki, bunun ən əsas şərti imandır. İlyas Peyğəmbər
kimi digər bütün peyğəmbərlər dünyada va axirətdə Allahın salam sifətinin təcəllisi ilə şərəflənmişlər. Onları tamamilə qəbul edən möminlərin də bu sifətdən nəsib alacağına şübhə yoxdur.



Salam olsun İlyasa (ə) va ona tabe olanlara!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!