Atasız doğulan və beşikdə danışan körpə

Atasız doğulan və beşikdə danışan körpə
Qadın və Din
10.09.2017 10
Allahın
dinini təbliğ etməklə vəzifələnmiş peyğəmbərlər həm peyğəmbərlikdən
əvvəl, həm də peyğəmbərlik zamanında böyük Yaradıcının xüsusi nəzarəti
altında olmuş, yəni Allah-Təala tərəfindən qonunmuşlar.

Lazım
gəldikdə onların ailələri də gözəl bir şəkildə Allah (c.c.) tərəfindən
dəstəklənmişdir. Quranda qeyd olunan həzrət İsanın (ə) doğulması və
anası həzrət Məryəmin ona münasibəti bu hadisələrə nümunədir. Həzrət
Məryəm, Allahın güc və qüdrətinin bir əsəri olaraq, bakirə qız ikən oğlu
İsaya hamilə qalmış və körpə İsa atasız dünyaya gəlmişdi. Böyük
Yaradanın hazırladığı bir ssenari olaraq həzrət İsanın yenicə doğulduğu
günlərdə beşikdə danışması hadisəsi o günlərdə millətinin içində çətin
vəziyyətdə qalan anası Məryəmi töhmətdən qurtarmaqla birlikdə, gələcəkdə
"İsa Allahın oğludur" iddiası ilə (əl-Bəqara, 2/116; əl-Maidə, 5/72-73)
tövhid inancından uzaqlaşan xristianların bu batil iddialarını illər
öncəsində çürütməyi hədəfləmişdi.

Quranda
qeyd edildiyinə görə, həzrət Məryəm İmranın qızıdır. İmran ailəsi
həzrət İbrahimin nəslindən gəlir. İmranın həyat yoldaşı qızı Məryəmə
hamilə olduğunda, Allaha xidmət etmək üçün bətnindəki körpəsini nəzir
etdiyini bildırmışdi. Məryəm dünyaya gələndə Allah-Təala tərəfindən ona
baxmaq və onu qorumaq üçün Zəkəriyyə (ə) vəzifələndirilmişdi. Buna
baxmayaraq, Məryəmin yemək-içmək kimi təməl ehtiyac maddələri möcüzəvi
bir şəkildə Allah tərəfındən göndərilirdi. Kiçik yaşlarından etibarən
Zəkəriyyənin (ə) məscidində ibadətlə məşğul olan həzrət Məryəm, Allahın
özəl seçdiyi, ruhunu təmizlədiyi və qulluğuna dəvət etdiyi xüsusi
qullarındandır (Ali-İmran, 3/42-43).

İnsanlardan
uzaq, məsciddə xüsusi bir otaqda qalan həzrət Məryəmə Allah-Təala bir
gün Cəbraili (ə) göndərdi. Həzrət Məryəm ona insan cildində görünən
Cəbraildən qorxub, onu incitməsin deyə Allaha sığınır. Cəbrail (ə)
məsələnin nə yerdə olduğunu izah edərək, Allahın elçisi olduğunu və onu
bir övladla müjdələmək üçün gəldiyini bildirir. Bu zaman həzrət Məryəm
heyrətlər içində "mənə insan əli dəymədi və mən namussuz biri də
olmadığım halda mənim necə uşağım ola bilər?" deyə bağırdı. Cəbrail (ə)
də bu fəryada belə cavab verdi:

"Bəli,
elədir. Rəbbim buyurur: Bu, mənim üçün çox asandır. Onu insanlara
möcüzə, dərgahımızdan mərhəmət olsun deyə belə təqdir etdik. Bu, əzəldən
təqdir edilmiş bir hökmdür. " (Məryəm, 19/16-21; Ali-lmran, 3/45-47).

Beləliklə
də, həzrət Məryəm həzrət İsaya hamilə qaldı. Əsl təhlükə də elə bundan
sonra başladı, ətrafdakıların töhmətlə qarşılayacağı bu vəziyyəti necə
izah edəcəkdi? Əlbəttə ki, bu, izahı olmayan bir vəziyyət idi. Buna görə
o, artıq məsciddən ayrılıb, hər kəsdən uzaq bir yerə çəkilməyi seçdi
(Məryəm 19/22). Təbii ki, əgər o, evli bir qadın olsaydı, bu
çətinliklərə düşməyəcəkdi. Çünki evli bir qadın üçün hamilə qalmaq təbii
hadisədir. Lakin həzrət Məryəm bakirə olduğu halda, Allah-Təalanın
istəyi ilə bu hadisə baş verdi. Bu, İlahi bir yazı idi.

Cəmiyyətdən
uzaq bir yerdə yaşayan həzrət Məryəm hamiləlik gunlərini orada davam
etdirdi və doğuş sancıları başlayanda oradakı xurma ağacının altına
girdi. Doğuş sancıları ilə birlikdə töhmət qorxuları da o qədər artdı
ki, "kaş bundan əvvəl öləydim və unudulub getmiş olaydım" dedi. Bu zaman
Cəbrail (ə) Allahın əmri ilə onun yanına gəldi və dedi:

"Kədərlənmə,
Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını
özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün
aydın olsun, Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək
olsan, belə de: "Mən Rəhman üçün oruc (sükut orucu) tutmağı nəzir
etmişəm, ona görə də bu gün heç kəslə danışmayacam!" (Məryəm, 19/23-26).

Bu
ifadələr, hadisənin Allah-Təala (c.c.) tərəfındən idarə edildiyinə,
yaşananların müqəddəs bir hadisə olduğuna, eyni zamanda həzrət Məryəmin
yalqız olmadığına və Allah-Təala tərəfindən qorunduğuna işarə idi. Həm
də elə bil ki, həzrət Məryəmə bu əmrlə "sən uşaqla əlaqəli ətrafdakılara
bir şey deməyə, hesab verməyə borclu deyilsən, onlara cavab vermək
vəzifəsi bizə aiddir" deyilirdi, təskinlik verilirdi. Beləliklə, Məryəm
az da olsa sakitləşdi. Həzrət Məryəm bu mənəvi dəstəyi aldıqdan sonra
qucağındakı körpə ilə öz tayfasının yanına gedə bilərdi. Elə də etdi.
Lakın təəssüflər olsun ki, qorxduğu başına gəldi və tayfası onu çox pis
qarşıladı. Dedilər: "Ey Məryəm! Sən çox pis iş tutdun! Ey Harunun
bacısı! Sənin atan pis kişi, anan da zinakar deyildi (Məryəm, 19/27-28) .

Bu
zaman həzrət Məryəm işarə ilə körpəni göstərdi, yəni "nə baş verdiyini
ondan soruşun". Adamlar: "Biz beşikdəki çağa ilə nə danışaq?" dedikləri
zaman körpə İsa dil açıb belə dedi:

-Şübhəsiz,
mən Allahın quluyam. (Rəbbim) mənə Kitab (İncili) verdi və məni
peyğəmbər seçdi. Harada olursam olum, Rəbbim məni mübarək və fəzilətli
qıldı. Yaşadığım müddətcə mənə namazı və zəkatı əmr etdi. O, məni
həmçinin anama qarşı itaətkar qıldı. Məni zülmkar və asi eləmədi.
Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də Allahın salamı
mənim üzərimə olsun!"

Göründüyü
kimi, körpə İsa bu sözləri ilə anasını töhmətdən qurtarmaqla yanaşı,
özünün də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu elan etmiş
oldu. Bu əsnada peyğəmbərlərin əmin-amanlıq içində olduqlarını, yəni
salama layiq olduqlarını ifadə edərək, namaz, zəkat və ata-anaya
hörmətin əhəmiyyətini də vurğuladı.

Beşikdəki İsanın sözlərindən sonra Cənabi-Haqq məsələnin məğzini bizə belə bildirir:

"Barəsində
şübhəyə düşdükləri Məryəm oğlu İsa budur! Allaha (özü üçün) övlad
götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi
yaratmaq istədikdə ona yalnız: "Ol!" deyər, o da dərhal olar" (Məryəm,
19/34-35).

Allah-Təala
bu ayələri ilə həzrət İsanın dünyaya atasız gəldiyini cəmiyyətin gözü
önündə heç kimin inkar edə bilməyəcəyi bir şəkildə ortaya qoydu. Bu
hadisə və ayə "İsa Allahın oğludur" iddiasının nə qədər böyük günah və
yanlışlıq olduğunu gün kimi ortaya qoyur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!