Allaha borc vermək istərdinmi?

Allaha borc vermək istərdinmi?
Qadın və Din
10.09.2017 39
Əziz dost!

Allaha borc vermək istərdinmi heç?

Heç ürəyindən nə vaxtsa ona borc vermək keçdimi?Keçmədisə bunu həmən etsən peşman olmazsan, dost...

"Borc
olaraq nə verə bilirəm” deyə çox düşünmə... Çünki sənin sahib olduğun
hər şey əslində Onundur. Hətta övladın belə... Dünyada hər şeyin sahibi
O-dur, O!...

Deyə
bilərsən ki, əgər hər şey Allaha məxsusdursa, hər şeyin sahibi
Allahdırsa, o zaman mən ona nə borc verə bilərəm? – Haqlı sualdır.

 

Amma var...

"Quran”da belə deyilir: "Mənə gözəl bir borc verin!”

Biz Allahımıza təkcə bir şey borc verə bilərik. Onun adı İMANdır...

 

İman
etmək Ona gözəl bir borc vermək deməkdir... Əgər qəlbdən, tam
səmimiyyətinlə verirsənsə əmin ol ki, o sənə qat-qat artığını verəcək.
Əmin ol!... – Sadəcə səmimi İman... Bu imanın necə olmasını isə Şəms
Təbrizi gözəl izah edirdi. O deyirdi ki, bəzi insanlar var, məhz
cəhənnəm dəhşəti, yaxud cənnət rüşvəti üçün iman eləyirlər. Kim kimi
aldadır?! Bəziləri hətta qıldıqları namazın belə hesabını tuturlar. İman
səmimi olmalıdır... Həzrəti Musanın dağda rastlaşdığı çoban kimi...
Gerçək İmanın necə olduğu bu tarixi hekayədə o qədər gözəl izah olunur
ki...

 * * *

Həzrəti
Musa bir gün dağları dolaşanda uzaqdan yoxsul və yalqız bir çoban
görür. Ətrafda heç kim yox imiş... Çoban dizi üstə çöküb, əllərini göyə
açıb dua edirmiş. Bu durum Musanın elə xoşuna gəlir ki, çobana
yaxınlaşır. Çobanın ona kiminsə yaxınlaşdığından xəbəri də olmur. Çünki
dayanmadan yalvarır, dua edirmiş. Sevinərək çobana yaxınlaşan Musa
çobanın dualarını eşidəndə çox pis olur. Çoban deyirmiş:  "Allahım! Mən
Səni o qədər çox sevirəm ki!... Nə istəsən edərəm, yetər ki, Sən istə.
Sürüdəki ən yağlı qoyunumu belə kəs desən, gözümü qırpmadan Sənin üçün
kəsərəm. Qoyunun qovurması çox gözəldir. Allahım, quyruq yağını götürüb
plovuna tökürsən, dadından doymaq olmur”... Sözünə - "dua”sına davam
edir çoban: "Allahım, yetər ki, Sən istə, ayaqlarını yuyaram.
Qulaqlarını təmizləyərəm, bitlərini qıraram. Mən Səni nə qədər çox
sevirəm. Sənə çox heyranam!”

Musa
bu eşitdiyi dualardan çox əsəbiləşir və qışqıraraq çobanın duasını
kəsir:  "Sus, cahil adam! Neylədiyini bilirsənmi? Allah bəyəm insandırmı
ki, plov yesin? Allahın ayaqlarımı var, yuyasan? Bu cür duamı olar? Bu
cür duamı edərlər? Gör, nə qədər günaha batırsan. Dərhal tövbə elə!”

 

Çoban
Musanın bu sözlərini eşidən kimi o qədər pis olur ki... Özünü günahkar
hiss etməyə başlayır. Tövbə edir, bir daha belə dualar etməyəcəyinə söz
verir, üzr istəyir. Həmin gün Musa axşama qədər oturub çobana duaları,
necə dua etməyi öyrədir, əzbərlədir və "Allah məndən razı olar, yaxşı
bir iş gördüm” deyərək yoluna davam edir. Amma o gecə bir səs eşidər
Həzrəti Musa. Səslənən Rəbbimiz imiş:  "Ey Musa, sən bu gün nə elədin?
Sən ayırmağa gəlmişdin, yoxsa görüşdürməyə? O qərib çobanı danladın.
Onun mənə nə qədər yaxın olduğunu dərk edə bilmədin. Ağzından çıxan
sözləri bilməsə də, o çoban inancında çox səmimi idi. Qəlbi təmiz,
niyyəti saf idi. Biz sözlərə deyil, niyyətə baxarıq. Sözlərə baxsaydıq,
yer üzündə insan qalmazdı! Biz çobandan razıydıq. Başqasına mədh olan
söz sənə ağıdı. Ona bal olan sənə zəhərdir. Sən eşitdiklərini inkar və
küfr saydın, amma biləsən bir qəbahəti varsa belə onunku çox şirin
qəbahətiydi”.

 

Bəli, saf niyyət! Səmimiyyət!...

İman
saf niyyətli və səmimi olmalıdır. Saf niyyətlə və səmimiyyətlə edilmiş
iman bizim Allaha verə biləcəyimiz yeganə borcdur ki, onun da əvəzini o
bizə qat-qat ödəyər...

Əziz dost, söylə, Allaha borc vermək istəyirsənmi?...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!