Hz. İbrahimin (ə.s) gecə yolçuluğu

Hz. İbrahimin (ə.s) gecə yolçuluğu
Qadın və Din
10.09.2017 6
Həzrət İbrahim (ə.) heç vaxt ulduzlara sitayiş kimi şirkə girməmişdir. Onun müşahidələri haqqında Quranda belə buyurulur:

"Gecə
qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: "Bu, mənim Rəbbimdir!”, –
dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmirəm”, – söylədi.

(Sonra)
doğan ayı görüb: "Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə:
"Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə
düşənlərdən olardım”, – söylədi.

(Daha
sonra) doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” –
dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin
Allaha şərik qoşduqlarınızdan uzağam!”

Həzrət
İbrahim (ə.) dünyaya hənif olaraq gəlmişdi. Onun ayədə keçən ulduz, ay
və günəşə həqiqi mənada "Rəbbim” deməsi mümkün deyildir. Belə bir iddia
etmək üçün, gərək bu ayələrdən əvvəl gələn ayəni görməməzliyə vuraq. Ayə
belə deyir: "İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul
edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!””

Növbəti ayə isə bu məzmundadır:

"Beləcə
İbrahimə göylərin və yerin mələkutunu (səltənətini, oradakı
qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını)
göstərdik ki, tam qənaətlə, yəqinən inananlardan olsun!”

Bu
duyğu, bu düşüncəyə sahib və bu cür məna aləminə açıq bir nəbinin,
ulduzlara – müvəqqəti də olsa – "Rəbbim” deməsi mümkün deyil. Əsatirlə
dolu kitablar nə deyir-desin, bizim qənaətimiz budur. Həm də Həzrət
İbrahimə (ə.) təkcə mülk deyil, mələkut aləmi, yəni varlığın pərdə
arxası, əsl mahiyyəti də göstərilmişdi… Və O, bu sayədə tam inananlardan
olmuşdu. Hətta yəqinin son mərtəbəsi olan haqqəl-yəqin mərtəbəsinə
çatmışdı. Buna görə də başda ilk iki ayə Həzrət İbrahimin Haqla necə
bütünləşdiyini göstərir. Bu ayələrdən görünür ki, o, qövmünə nə isə
anlatmaq istəyir. Elə isə məsələni bu nöqtədən götürüb yenidən təhlil
etməliyik.

Əvvəla,
Həzrət İbrahimin qövmü ulduzlara sitayiş edirdi. Elə cahiliyyə dövrünün
insanları da Şira ulduzu adlanan "Sirus”a tapınırdı. O dövrün
astronomik məlumatlarına görə, çox böyük və parlaq olduğundan Şiraya bir
məbud kimi ibadət edirdilər. Qədim Babildə də ulduza tapınırdılar.
Həzrət İbrahim (ə.) əvvəlcə uzaqdan çox kiçik görünən bu ulduza baxdı.
İnsanların diqqətini ona cəmlədi. Onlara üstüörtülü xəbərdarlıq da etdi.
Həmişə doğru danışırdı. Hətta o, hər dəfə dəlil gətirəndə onların göydə
sitayiş etdiyi bir ilahı (ulduzu) və onların yerdəki təmsilçisi olan
bütləri yerlə-yeksan edirdi. Bəli, Həzrət İbrahim (ə.) ağıl və məntiq
müstəvisində onların bütlərini bir-bir aşırırdı ki, onsuz da, o,
bütləri, bütlərə sitayişi yıxmaq üçün gəlmişdi.

Həzrət
İbrahim sözlərdən elə məharətlə istifadə etdi ki, qövmü onun bütlərə
dəyər verdiyini sandı. Peyğəmbər də onları mübahisə zəmininə çəkə bildi.
Bunu başqa cür etmək mümkün deyildi. "Bizim ilahlarımızdan bəhs edir”, –
deyə ona qulaq asdılar və onlar hiss etmədən başlayan bu mübahisə
Həzrət İbrahimin (ə.) – yuxarıda verilən – son sözləri ilə sona çatdı
ki, bu da imanın küfr üzərində qələbəsi idi.

Bəli,
onları ulduzda, ayda, günəşdə gəzdirdi… Və hamısının əvvəl-axır batıb
getdiyini göstərdi. Yəni hamısı gəldi, doğuldu, yüksəldi və batdı. Buna
görə də müəyyən qanunlar çərçivəsində doğulan, batan, var olduqdan sonra
yox olan şeylər kainata hökm edə bilməzlər. Gəlib gedənlər özləri kimi
gəlib gedənlərə necə hökm edə bilərlər?

Ulduzun
batıb getməsinə görə dediyi "Batıb gedənləri sevmirəm” sözü ilk
xəbərdarlıq idi. Batıb gedənlər qəlbdə özünə yer etməməlidir. Onlar
arxalarınca sürünüb getməyə heç də layiq deyillər, çünki batıb gedirlər.
Mənə qürub etməyən bir sevgili lazımdır. O, mənə məndən daha yaxın
olmalı və qəlbimin bütün arzularını bilməlidir. Həm də arzularımı yerinə
yetirməyə qadir olmalıdır.

Ardınca
bir addım da atır. Ayı göstərir. Halbuki bir az sonra o da qeyb olub
gedəcək. Və sözün bu məqamında camaata xitab etmədən onların zalımlığını
da iynələyir: "Əgər Rəbbim mənə hidayət verməsəydi, mən də zalımlardan
olardım”.

 

Üçüncü
addımda isə günəşə baxır. Günəş onların etiqadında ən böyük ilah
sayılır. Əvvəla, ən əkiçikdən başladı, ilk iki bütü ardıcıllıqla aşırdı.
İndi sıra ən böyüklərinə gəldi. O da batıb gedincə orada olanların
vicdanına səslənərək: "Mən, həqiqətən, sizin Allaha şərik
qoşduqlarınızdan uzağam”, – deyəcəkdi. Bəli, artıq növbə son sözə çatıb…
Və Həzrət İbrahim (ə.) bütün səmimiyyəti ilə hayqırdı:

"Mən,
həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri
yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!””

 

Bu
son cümləni başdan demiş olsaydı, onu dinləyən olmazdı. Əvvəlcə onların
səviyyə və anlayışına qarışmadı. Onlar da onu dinləməyə başladılar. Hər
halda sözlərinin "doza”sını belə "tədricilik” prinsipi əsasında
nizamlamasaydı, bu qədər təsirli ola bilməzdi.

Həzrət
İbrahim (ə.), لاَ اِلَهَ إلاَّ اللّٰهُ (Allahdan başqa ilah yoxdur)
həqiqətini hər qəlbə nəqş etmək üçün peyğəmbər fətanətinə uyğun yolla
getdi. Həzrət İbrahimin bu metodu Quran məntiqi ilə üst-üstə düşür. Bu
təbii idi, o da eyni vəhy mənbəyindən istifadə edir və eyni həqiqətə
tərcüman olurdu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!