Allahın qüdrəti barədə iki sual və onların cavabı

Allahın qüdrəti barədə iki sual və onların cavabı
Qadın və Din
10.09.2017 29
İslam əqidəsində Allahın sifətləri (xüsusiyyətləri) əsasən sübutiyyə və
səlbiyyə adlı iki hissəyə bölünür. Sübutiyyə sifətləri Allahın elə
sifətləridir ki, onların Allahda olması vacibdir. Allah sübutiyyə
sifətlərsiz mövcud ola bilməz.



Bunlar səlbiyyə sifətlərinin ziddidir. Sübutiyyə sifətlərinin sayı
və adı barədə istər şiə və sünni məzhəbləri arasında, istərsə də, eyni
məzhəbin daxilində bəzi fərqlər mövcuddur. Bütün müsəlman məktəblərində
qəbul edilmiş sübutiyyə sifətlətindən biri də QÜDRƏT sifətidir.



Allahın qüdrəti Onun özü qədər nəhayətsiz və qeyri-məhduddur.
Yaradılış aləminin hər zərrəsinə nəzər salsaq, Yaradanın sonsuz
qüdrətinin nişanələrini görərik. Allah-təala sonsuz elmi ilə lazım
bildiyi hər şeyi yaratmışdır. Kainatda hər şey gözəl bir qanun əsasında,
kamil şəkildə, ədalət və nizam-intizamla yaradılıb, hər şey lazım olan
miqdardadır. Allah-təala Özü bu barədə belə buyurur: "Şübhəsiz ki, Biz
hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq" (Qəmər, 49).



Allah-təala insanın ağlına gələn və gəlməyən, insanın bacardığı və
bacarmadığı, asan və çətin, böyük və kiçik işlərin hamısına qadirdir.
Allahdan başqa hər şey bu qüdrətdən acizdir. Allah-təalanın müqəddəs
zatında isə acizlik üçün yer yoxdur: "Göylərdə və yerdə Allahı aciz edə
biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə)
qadirdir!" (Fatir, 44). Qurani-kərimdə Allahın hədsiz qüdrəti dönə-dönə
xatırlanır. Allahın qüdrəti hər istiqamətdə eyni gücə malikdir. Onun
üçün hər iş eyni dərəcədə asandır, Onun qüdrəti hər şeyi əhatə edir.
Quranda buyurulur: "Allah hər şeyə qadirdir" (bu ifadə Qurani-kərimin
mətnində 40 dəfədən çox işlənmişdir).



Allah-təalanın qüdrətinin sonsuzluğundan söz düşəndə bir neçə sual
qarşıya çıxır. Çox zaman dini bilgiləri yüksək olmayan insanlar
tərəfindən bu sualların verildiyinin və onlara cavab axtarıldığının
şahidi oluruq.



Sual: Görəsən, Allah pis və bəyənilməyən işlər görməyə də qadirdir, yoxsa Onun qüdrəti yalnız xeyirlə məhdudlaşır?



Cavab: Allah hər işi görməyə qadirdir və Ona heç nə mane ola
bilməz. Lakin Allah heç zaman şər işlər görməz və belə işlərə razı
olmaz. Çünki bu, Onun mərhəmət, ədalət, kəramət və sairə sifətlərinə
ziddir. Şər törətmək zülm deməkdir, Allah isə zülmkarlıqdan uzaqdır.



İnsanın özündən asılı olmayaraq başına gələn bəzi hadisələr əslində
onun xeyrinə olsa da, insan onu şər kimi anlayır. Allahın bütün qüdrəti
yalnız xeyrə yönəlmişdir, amma insan bəzən baş verən hadisələrin
mənasını dərk etmir. Çünki insan şüuru həqiqətləri tamamilə dərk
etməkdən acizdir. Bu ona bənzəyir ki, xəstələnmiş körpəyə sağalması üçün
iynə vururlar. Onu gələcəkdə gözləyən xəstəlik təhlükəsi iynə
ağrısından qat-qat dəhşətlidir. Amma körpə bunu anlamadığı üçün
müqavimət göstərir, ağlayır və qışqırır.



İnsan bəzən qəsdən, bəzən də bilməyərəkdən Allahın əmrlərini
pozaraq, yaxşı işlər əvəzinə pis işlər görür. O, Allah tərəfindən
verilmiş ixtiyar azadlığı vasitəsilə yaxşı və ya pis əməlləri özü seçir.
Etdiyi hər əmələ görə də insan özü Allah qarşısında cavabdehdir. Başına
gələn hər bir müsibət üçün insan Allahı deyil, yalnız özünü günahkar
bilməlidir.



Sual: Görəsən, Allah qeyri-mümkün işləri görməyə qadirdirmi?
Məsələn, Allah Özü kimi ikinci Allah yarada bilərmi? Yaxud Allah
ölçüləri dəyişməmək şərti ilə Yer kürəsini yumurtanın daxilində
yerləşdirə bilərmi?



Cavab: Bir daha qeyd edirik ki, bu cür suallar barədə adətən dini
bilikləri aşağı səviyyədə olan şəxslər düşünürlər. Təbiətdə bəzi
şeylərin mövcudluğu mümkün deyildir. Bu, Allahın qüdrətinin naqisliyini
göstərmir; Allah hər şeyə qadirdir. Lakin Allahın qüdrətinin yönəldiyi
cisimlər həmin qeyri-mümkün və ziddiyyətli xüsusiyyətləri daşımağa qadir
deyillər.



Məsələn, Allah Öz tayını yaratsa, həmin tay başqası tərəfindən
yaradılmış və başqasından asılı olacaqdır. Halbuki, Allah yaradılmazdır
və heç nədən asılı deyildir. Demək, Allahın tayı Allah ola bilməz; bu,
Allahın deyil, həmin tayın əskikliyi və nöqsanıdır.



Eləcə də, Allah Yer kürəsini yumurtanın daxilinə yerləşdirməyə
qadirdir. Amma yumurta (öz ölçüsündə qalmaq şərti ilə) Yer kürəsini öz
daxilində saxlaya bilməz. Buna görə həmin işlər qeyri-mümkün hesab
edilir. Əslində nöqsan Allahda deyil, onun qüdrətini daşımağa qadir
olmayan məxluqatdadır. Misal üçün, okeanın suyunu bir stəkanın daxilində
yerləşdirmək qeyri-mümkündür. Nöqsan suda deyil, stəkandadır ki, tutumu
azdır.



Təsəvvür edin ki, mahir bir dərziyə paltar tikmək sifariş edirik.
Amma ona parça əvəzinə bir neçə kərpic verib tələb edirik ki,
kərpiclərdən parça keyfiyyətinə malik paltar tiksin. Dərzi öz istedadını
itirməmişdir, o öz qüdrətində qalır. Lakin kərpic paltar materialı ola
bilməz və bunu gözləmək də ağıllı insana yaraşmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!