Nə edək ki, ibadətlərimiz riyadan uzaq olsun?

Nə edək ki, ibadətlərimiz riyadan uzaq olsun?
Qadın və Din
10.09.2017 27
Qəlb hüzuru - namazın ruhudur və qəlb hüzurunun yaranmasına şərait
yaradan amillərdən biri namazın sözlərinə diqqət etməkdir. Qəlb hüzuru
ilk əvvəl namazın sözlərinə diqqət edərək hasil olar. Ancaq bu
mərhələdən keçib həqiqi qəlb hüzuruna çatmaq lazımdır. Həqiqi qəlb
hüzuru odur ki, özünü Allahın dərgahında görəsən, Onun böyüklüyünü və
ali sifətlərini dərk edəsən.

Bəs nə edək ki, qəlb hüzuruna malik olub, riyadan uzaq olaq?

Deyerler.org bildirir ki, əlbəttə, bu sualın iki tərəfi vardır. Bir
tərəfi odur ki, namazda qəlb hüzuruna malik olaq və o biri tərəfdən isə
riyadan uzaqlaşa bilək. Bu iki mövzunun bir-biri ilə sıx rabitəsi
vardır. Hər nə qədər riyadan amanda qalmağı bacarsan, bir o qədər də
qəlb hüzuru əldə etməyə müvəffəq olarsan. Riyadan uzaq olmaq və qəlb
hüzurunu əldə etmək üçün riyanın həqiqətinə nəzər salmaq lazımdır. Öz
rəftar və əməllərimizdə gərək elə yollardan istifadə edək ki, riyadan
uzaq ola bilək.

"Riya" sözünün mənası "görmək" deməkdir. Dinimizdə isə insanların
qəlbində məqama malik olmaq istəməkdir. İnsanların yanında yaxşı əməllər
edərək, onların gözünə girməkdir.

İnsan o zaman ki, gözəl əməllərini başqalarının diqqətini cəlb etmək üçün yerinə yetirər - bu əmələ riya deyərlər.

Əgər ibadətlərimizin riyadan uzaq olmasını istəyiriksə, gərək onu xalis
surətdə Allah üçün yerinə yetirək. Allahın razılığından savayı başqa
hədəfimiz olmasın. Başqa niyyətləri ibadətimizə daxil etməyək. Molla
Məhdi Nəraqi "Meracüs-Səadə" kitabında yazır: "Şeytan bəndələrin işini
fəsada salmaq və ibadətlərini riyaya bulaşdırmaq üçün insanları
niyyətlərində, qiraət və təharətdə vəsvəsəyə salar. Əgər insan bir neçə
dəqiqə etina etməsə və dinin buyurduğuna əməl etsə, ondan əl çəkər. Onun
əməl və ibadətini riyaya bulaşdırmağa müvəffəq olmaz. Ancaq əgər
şeytanın vəsvəsələrinə qulaq versə və hər bir əməlində şəkkə etsə, işi o
yerə gəlib çatar ki, ibadətdən qalar və əməlləri riyaya qarışmış olar".

Riyadan uzaq olmaq üçün nəfsini gizli ibadət etməyə vadar etmək
lazımdır. Necə ki, pis əməllərini başqalarının görməsini istəməz, ibadət
və yaxşı əməllərini də gizli qapı arxasında yerinə yetirməlidir. Heç
vaxt başqalarının onun ibadətini görməyini istəməməlidir. Əgər ciddi
qərara alsaq və tək hədəfimiz İlahi razılıq olsa, Allah bizə bu sahədə
yardım edəcəkdir. Çünki Allah Təala buyurur ki, hər kim Bizim yolumuza
qədəm basar, Biz ona yardım edərik.

İmam Əli (ə) buyurur: "Əməl və niyyətdə ixlaslı olun. Həqiqətən niyyətin
paklığı və xalis əməl, əməlin qəbul olmasına, ibadət və Allah
bəndəliyinin dəyərli olmasına səbəb olar".

İxlas riyanın zəminələrini aradan apardığı kimi, qəlb hüzurunun
yaranmasında da təsirlidir. Namazda qəlb hüzurunu əldə etmək üçün bu
nöqtələrə diqqət etmək lazımdır:

1. Xəlvət yerdə namaz qılmaq.

2. Diqqəti dağıdan amilləri aradan qaldırmaq.

3. Namazın mənasına, cümlələrinə və sözlərinə diqqət etmək. Namazı,
özünün nə qədər zəif olduğuna və Allahın böyüklüyünə diqqət edərək
yerinə yetirmək.

4. Namazın müqəddimələrinə diqqət etmək: mənəvi ab-hava ilə alınan dəstəmaz, azan, iqamə kimi müstəhəbləri yerinə yetirmək.

5. Bacardığı qədər namazı əvvəl vaxtda qılmaq.

6. Bacardığı qədər namazı məsciddə, camaat namazı ilə qılmaq.

7. Xəyal qüvvəsini kontrol etmək. İnsan namazın əvvəlindən qəti qərara
alsın ki, bütün diqqəti Allahda olacaqdır. Nə zaman xəyal onun diqqətini
oğurlamaq istəsə, tez bir zamanda onu geri qaytarmaq.

Əllamə Təbatəbai buyurur: "Namazda fikir gecə və gündüz düşüncələrinin
ardınca olar. O kəs ki, səhərdən zöhrə qədər diqqəti Allahda olmaz,
namaz zamanı Allahı yada salmağı davam etdirə bilməz".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!