Qurban kəsmək haqqında

Qurban kəsmək haqqında
Qadın və Din
10.09.2017 9
Aşağıda
qurbanlıqla bağlı oxucular tərəfindən tez-tez verilən suallara cavab
olaraq qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu
məlumatlar Sizə təqdim olunur.



Hansı heyvan növlərindən qurban kəsmək olar?

İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək
olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü
ayələridir. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan ev heyvanlarından
olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə
«ənam» qisminə aid olan heyvanların yuxarıda aı çəkilən dörd cinsdən
olduğu vurğulanıb.

Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, «Qurban bayramı günü
mütləq qan axıtmaq lazımdır» düşüncəsi ilə adı çəkilən heyvanları
kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və sairə kəsməsi qurban
sayılmaz. 



Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?

Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor,
buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı
Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və
zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5
yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə
keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya
keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha
yaxşıdır. Bunlar cəfəri fiqhinə aid olan hökmlərdir. Əhli-sünnə
məzhəbinə görə, qoyun və keçinin bir yaşına dolması şərtdir. Amma əgər
bir yaşından kiçik olan quzu ölçülərinə görə bir yaşlı qoyun kimi
görünərsə, kəsilməsinə icazə verilir. Əhli-sünnəyə görə. inəyin ən azı
2, dəvənin ən azı 5 yaşı tamam olmalıdır.



Qurbanlıq heyvan mütləq erkək olmalıdır? Dişi heyvanı qurban kəsmək olarmı?

Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə
təsəvvürlər yəqin ki, ilk növbədə Həzrət İsmailin (ə) əvəzinə endirilmiş
heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.



Şərikli halda qurban kəsmək olarmı?

Əhli-sünnə məzhəbinə görə, qoyun və keçini başqası ilə şərikli halda
kəsmək olmaz və bu heyvanlar bir nəfərin tərəfindən qurban edilməlidir.
Amma inək və dəvə qurbanında 7 nəfərə kimi adam şərik ola bilər. Şiə
məzhəbinə görə, hər kəsin müstəqil surətdə qurban kəsməsi (kəsdirməsi)
lazımdır. Yalnız həcc zamanı son dərəcə zəruri hallarda bir neçə adamın
şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata
görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar. 

Lakin bu deyilənlər, Həcc mərasimi zamanı qurban kəsənlərə aiddir. Öz
vətənində olanlar və Həcdə olmayanlar üçün qurban vacib deyil, müstəhəbb
olduğu üçün, Qurban günü şərikli qurban kəsmək qadağan deyil. Tək
qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Amma
imkan varsa, tək kəsmələri daha yaxşıdır. Bu halda Qurban tam kamil
hesab olunacaq.



Qurban yalnız Qurban bayramı günü kəsilməlidirmi?

Əlbəttə, qurbanlıq heyvanı Qurban bayramı günü (eydül-əzha) kəsmək daha
yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin
eybi yoxdur.



Qurbanı necə kəsmək lazımdır?

Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar
(qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsən dəmir (polad)
bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o
birilərini kəsmək olmaz (dəvənin kəsilməsi bundan bir qədər fərqlidir).
Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları
qibləyə sarı olmaqla (sol böyrü üstə) yatırılır. Qurbanı kəsən zaman
Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz
damarlarını üzəndə «bismillah» və ya buna bənzər Allah adı olan
zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş
heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər
qan gəlməlidir. Bəzi müctəhidlər boğazı üzüldükdən sonra heyvanın
hərəkət etməsini (gözünü qırpması, ayağını ya quyruğunu tərpətməsi və
s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı
kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda
şərt bilirlər (yəni heyvanın kəsilməzdən əvvəl ölməsi şübhəsi
yaranarsa).

Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn,
qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir
ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət
etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını
bağlayıb, quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan
dizinə kimi və ya sinəsinə kimi bağlayıb, arxa ayaqlarını açıq saxlamaq
müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı
kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb
şərtdir. Həmçinin, heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və
boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və
təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha
yaxşıdır.

Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan
başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək
məkruhdur. Həmçinin, zəruri ehtiyac olmadan cümə gününə keçən gecə və
cümə günü günortaya kimi heyvan kəsmək də məkruhdur. (Əlbəttə, əgər
Qurban bayramı cümə gününə təsadüf edirsə, bu məkruhluq aradan qalxar).



Qurban kəsərkən hansı duaları oxumaq tələb edilir?

Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn, «bismillah»
demək) vacibdir. Hər hansı başqa duanı oxumaq vacib deyil, müstəhəbdir.
Qurban kəsərkən oxunan geniş yayılmış müstəhəb dua belədir: 

«Vəccəhtü vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən müslimən və
ma əna minəl-müşrikin. İnnə səlati və nüsüki və məhyayə və məmati
lillahi rəbbil-aləmin. La şərikə ləhü və bizalikə ümirtü və əna
minəl-müslimin. Allahümmə minkə və lək. Bismillahi vəllahü əkbər».
Tərcüməsi: «Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri
yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim
namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah
üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr
olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və
Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır». Qurbanı
kəsəndən sonra deyilir: «Allahümmə təqəbbəl minni». Tərcüməsi:
«Allahım, (bu qurbanı) məndən qəbul et».



Qurbanlıq ətini necə bölüşdürmək lazımdır?

Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə
bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına
(ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı
olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. Hədislərdən
məlum olur ki, İmam Zeynül-abidin (ə) və İmam Mühəmməd Baqir (ə)
qurbanlıq ətini məhz bu şəkildə bölüşdürürmüşlər (Əllamə Məclisi.
Biharül-ənvar, 99-cu cild, səh. 296, 16-cı hədis).

Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını
ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər. Həzrət Mühəmməd
Peyğəmbər (s) vida həcci zamanı kəsdiyi dəvələrin ətini bütünlükdə
paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə
həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi. 



Qurbanlıq heyvanın hansı bədən üzvlərini yemək olmaz?

Qurban niyyətilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq,
heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır.
Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin,
erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq,
düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni,
onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün
hədəqəsi. 



Qurbanlıq heyvanın da yuxarıda adı çəkilən bədən üzvlərini yemək haramdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!