Hər kəs hər şeyini özü ilə aparır

Hər kəs hər şeyini özü ilə aparır
Qadın və Din
10.09.2017 13
Kim
deyib ki, insan heç bir şeyi özü ilə aparmır? Yalandır, insan hər
şeyini özü ilə aparır. Bu dünyada qalanlar isə özü ilə apardıqlarının
daşlaşmış, kağıza çevrilmiş, maddiləşmiş və bəsitləşmiş şəkilləridir.
İnsan hər şeyini özü ilə aparır, bu dünyada heç bir şeyi qalmır.

İnsanın
bu dünyada heç nəyi qalmır, kimin nəyi varsa, özü ilə aparır. Belə
olmasaydı, Allah-Taala (c.c.) insanın yaxşı əməllərinin, pis əməllərinin
qarşılığı zərrə qədər də olsa veriləcəkdir, buyurardımı?!

İnsan
mal-mülk sahibi deyil, malı da, mülkü də verən Allahdır. İnsan
savabının və günahının sahibidir və onları da hər zaman özü ilə daşıyır.

Çox
söhbətlər danışırlar ki, kəfənin cibi olmur, yaxud da öləndə adama bir
cüt corabı da çox görürlər... Bütün bunlar işin təfərrüatıdır, yəni çox
kiçik tərəfi, işin mahiyyəti isə başqa tərəfdədir. Heç düşünmüsünüzmü,
bizim qazandıqlarımız və ya itirdiklərimiz əməllərimizin nəticəsidir.
Əməllərin kökündə də niyyətlər dayanır. Biz kökü, bünövrəni, gövdəni
unudub, budağa, yarpağa görə qərar verdiyimizə görə də dünyagörüşümüz bu
cür formalaşır: insan özü ilə heç nə aparmır. Ağ yalandır, kimin nəyi
varsa, özü ilə aparır.

Çox
mətləblər haqqında düşüncələrimizi dəyişməliyik. Çətini ölənə qədər
deyil, öləndən sonradır. Bizsə hər şeyi ölümə qədər hesablayanda
fəlakətə uğrayırıq. Elə bu xətalı düşüncənin nəticəsidir ki, başı dara
düşən boğazını kəndirə keçirir. Yazıq elə bilir ki, canını qurtarır.
Amma bilmir ki, soxulcandan qorxub əjdahanın ağzına cumur.

Ölüm dediyin dönüşü olmayan bir yoldur. Heç bir əsas olmadığı halda, özünü bu yola atmaq diri-gözlü cəhənnəm quyusuna girməkdir.

İnsanın
hər şeyini borclu olduğu tək varlıq Allah-Taaladır. İnsanı sevmək
gözəldir, amma sevdiklərinə bağlanmaq təhlükəlidir. Ya sən bağlandığını
itirirsən, ya bağlandığın səni itirir. Hər iki halda ağrıdır, üzüntüdür.
Biz faniyik, ötəriyik, Əbədi, Baqi olansa yalnız Allahdır. Fani olan
itər, itirər. Əbədiyə bağlanansa itməz, itirməz.

Göy
üzündə dəstə halında uçan quşlar kimiyik. Sağımızdan, solumuzdan,
önümüzdən, arxamızdan kimsə dəstədən ayrılıb qara torpağa düşür. İbrət
axtarana bundan da böyük ibrətmi olar? İbrət axtarana ölüm ən gözəl
ibrətdir, bir gün o sənin də qapını döyəcək. Bütün yaradılmışlar ölümü
dadacaq.

Kiminə qorxudur, kiminə həsrətlə gözlədiyi bir səfər kimidir ölüm yolçuluğu. Ustad Nəcib Fazil nə deyir, bilirsinizmi?

Ölüm gözəl şey, budur pərdə ardından xəbər,

Ölüm gözəl olmazsa, ölərmiydi Peyğəmbər?!

Ölüm,
əlbəttə, gözəldir, amma anlayana, yaşayana, o yola hazırlaşana; qapının
ağzına yaxınlaşdıqca içində qorxu deyil, sevgi hissi boy verənə; Yunus
Əmrə demişkən, bu dünyada bişənə, yetişənə, dünyadan ayrılmağı Allaha və
Peyğəmbərə qovuşmaq kimi görənlərə. Bu cür ölüm toy-bayramdır,
Mövlananın təbirincə desək, vüsaldır, sevdiyinə qovuşmaqdır.

Ölümün
də mərtəbələri var. Şəhid olmaq - Allahın əmanət olaraq verdiklərini
tərtəmiz, ən gözəl halı ilə Allaha qaytarmaqdır. Ölüm də var ki, qurd
ağzında parçalanmaq kimidir. Namaz möhürdür, gündəlik həyatında işlədiyi
bütün xeyir əməllərini "Allahım, Sənin rizan üçün Sənin önündə əyildim,
bütün xeyir işlərimi Sənin üçün işlədim" düşüncəsiylə alnı ilə
möhürləməkdir. Namazla dəstəklənməyən əməl möhürsüz sənəd kimidir,
keçərmi, keçməzmi, Allah bilir.

O
qədər yanlış deyimlərimiz, düşüncəni azdıran məsəllərimiz var ki...
Hərdən bilgilərimizi, düşüncələrimizi əldən keçirməli, saf-çürük
eləməliyik. Yoxsa, atalar sözü adı ilə həb kimi udduğumuz zəhər
tuluqları bizi həqiqətdən çox uzaq salar.

Kim
desə ki, insan özü ilə heç nə aparmır, yalan danışır. O şeyləri ki,
Allah verib, burda qoyub gedirsən, o şeyləri ki, özün qazanırsan, heç
zərrəsi də burda qalmır, hamısı səninlə gedir. Tam əmin ola bilərsən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!