20 il Quranla danışan qadın

20 il Quranla danışan qadın
Qadın və Din
10.09.2017 7
Qurani-kərimin
ecazkar xüsusiyyətləri barədə indiyə kimi çox yazılmış və
danışılmışdır. Bu tədqiqatlarda Müqəddəs Kitabın mətnindəki söz və
hərflərin təkrarlanma mexanizmi, hərflərin növbələşmə qanunauyğunluğu,
kəlmələrin rəngarəng məna çalarları, bir çox elmi kəşflər barədə
əvvəlcədən xəbər verilməsi, ayələrin asanlıqla əzbərlənə bilməsi və s.
cəhətlər ön plana çəkilmişdir. Lakin Quranın ecazlarından biri də bundan
ibarətdir ki, o, gündəlik həyatda insanın bir çox ehtiyaclarını ödəyə
bilən ayələrdən təşkil olunmuşdur, yəni insan gün ərzində ən azı bir
neçə suala yalnız Quran ayələri vasitəsilə cavab verə bilər və bu zaman
başqa kəlmələr işlətməyə ehtiyac qalmaz. Tarixdə Quranın bu ecazını
həyata keçirməyə müvəffəq olmuş bir qadın haqqında məlumat verilir. O,
bir neçə il Həzrət Fatimə (ə)-ya xidmət etmək şərəfinə nail olmuş,
nümunəvi elmi və əxlaqı ilə seçilmiş Fizzədir. Nə qədər qəribə görünsə
də, rəvayətlərə görə, Fizzə düz iyirmi il (bəzi rəvayətlərə görə, hətta
qırx il) yalnız Quran ayələri vasitəsilə danışmış, söhbətlərində
ayələrdən savayı heç bir söz işlətməmişdir.



Fizzə kim idi?



Fizzə hələ Həzrət
Məhəmməd (s)-ın sağlığında cihadların birində müsəlmanlara əsir düşmüş,
Peyğəmbər də onu Həzrət Əli (ə)-a və həzrət Fatimə (ə)-a
bağışlamışdır.Onun milli mənşəyi barədə məlumatlar tam dəqiq deyildir.
Tarix kitablarında Fizzənin Nubiyalı (Şimali Afrikalı) olduğu yazılır.
Bəzi rəvayətlərdə isə onun hətta hökmdar qızı olması xatırlanır.

Fizzə Həzrət
Fatimə (ə)-ın evində bir neçə il xidmət etmiş, bu illər ərzində
Əhli-beyt (ə)-ın iman və əxlaq məktəbində tərbiyə almışdır. O, əvvəlcə
Əbu Sələbə Həbəşi adlı müsəlmana ərə getmiş, onun vəfatından sonra isə
Süleyk ibn Qətəfanla ailə qurmuşdur. Bu izdivaclardan Fizzənin bir neçə
övladı dünyaya gəlmişdir.

Fizzənin
məqamının ucalığı barədə bunu demək kifayətdir ki, Qurani-kərimin
"Həl-Əta” (76-cı surə; bu surə "İnsan” və "Dəhr” adları ilə də
tanınmışdır) surəsinin nazil olmasında o, Əhli-beytlə şərik idi.



Fizzənin bütün söhbəti yalnız Quran ayələri idi



Abdullah ibn Mübarək rəvayət edir ki, bir gün Məkkəyə gedərkən səhrada azıb qalmış bir qarıya rast gəldim.

Qarıdan soruşdum ki, sən kimsən? Mənə Quran ayəsi ilə cavab verdi:

"Salam de, onlar tezliklə biləcəklər” (Zuxruf, 89).

Başa düşdüm ki, salam vermədiyimə görə qarı məni tənbeh edir. Salam verdim, cavabında bu ayəni oxudu:

"Rəhmli Allahdan onlara salam deyiləcəkdir” (Ya-Sin, 58).

Soruşdum: " Sən bu səhrada nə edirsən? ”. Cavab verdi:

"Hər kimi Allah azdırsa, hidayət olmaz” (Əraf, 186).

Başa düşdüm ki, qarı səhrada azıb yolu itirib.

Soruşdum ki,
cinlərdənsən, yoxsa insansan? (O dövrdə ərəblər arasında cinlərin
varlığına inam elə güclü idi ki, bəzən hər hansı varlığın cin, yoxsa
insan olduğuna şübhə edirdilər). Qarı cavabında bu ayəni oxudu:

"Ey Adəm oğlu, zinətlərinizi götürün! ” (Əraf, 31).

Başa düşdüm ki, qarı Bəni-Adəmdəndir. Xəbər aldım: "Haradan gəlirsən? ”. Cavab verdi:

"Onlar uzaqdan çağrılırlar” (Fussilət, 44).

Bildim ki, uzaqdan gəlir. Hara getdiyini soruşdum, belə dedi:

"Öz bəndəsini bir gecə Məscidül-həramdan Məscidül-Əqsaya aparan Allah pak və müqəddəsdir” (İsra, 1).

Başa düşdüm ki, qarı həccə gedirmiş. Maraqlandım ki, neçə gündür səhradasan? Cavab verdi:

"Üç bütöv gecə” (Məryəm, 10).

Dedim ki, bəs bu müddətdə çörəyi və suyu haradan tapırdın? Bu ayəni oxudu:

"Məni yedirib-içirən Odur! (yəni Allahdır) ” (Şüəra, 79).

Soruşdum: "Bəs necə dəstəmaz alırdın? ” Cavab verdi:

"Əgər su tapmasanız, pak torpaqla təyəmmüm edin” (Maidə, 6).

Başa düşdüm ki, su olmadığından təyəmmüm edirmiş.

Soruşdum: "Yemək istəyirsənmi? ”. Bu ayəni oxudu:

"Sonra gecəyə kimi oruc tutun” (Bəqərə, 187).

Anladım ki, oruc tutur. Dedim: "Axı, ramazan ayı deyil”. Cavab verdi:

"Hər kim
könüllü olaraq, vacib olandan artıq xeyirli bir iş görsə, bilsin ki,
Allah razı qalan və hər şeydən xəbərdardır” (Bəqərə, 158).

Ayədən bildim ki, qarı müstəhəbbi oruc tutub.

Qarının daim Quran ayələri ilə danışması mənə çox qəribə gəldi. Səbəbini soruşanda bu ayəni oxudu:

"Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən (iki mələk) var” (Qaf, 18).

Soruşdum: "Hansı qəbilədənsən? ”. Belə dedi:

"Bilmədiyin işin ardınca getmə” (İsra, 36).

Başa düşdüm ki, deyəsən, yersiz sual vermişəm. Ona görə qarıdan üzr istədim. Bu ayə ilə cavabımı verdi:

"Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! ” (Yusuf, 92).

Başa düşdüm ki, qarı yersiz sualıma görə üzrümü qəbul edib məni bağışladı.

Dedim: "İstəyirsənmi dəvəmə minəsən? ”. Cavab verdi:

"Allah gördüyünüz hər bir yaxşı işi bilir” (Bəqərə, 197).

Başa düşdüm ki,
dəvəyə minməyə etiraz etmir. Əvvəlcə fikirləşdim ki, qarını tərkimə
alım və dəvənin belində ikimiz də gedək. Qarı bu fikrimi ayə ilə rədd
etdi:

"Əgər yerdə və göydə Allahdan savayı başqa tanrılar da olsaydılar, hər ikisi (yer və göy) dağılardı” (Ənbiya, 22).

Anladım ki, onu tərkimə almağımı istəmir və dəvəyə tək minmək arzusundadır. Mən dəvəni yatıranda qarı bu ayəni oxudu:

"Möminlərə de ki, gözlərini yumsunlar” (Nur, 30).

Başa düşdüm ki,
qarı dəvəyə minərkən mənim ona baxmağımı istəmir. Üzümü kənara
çevirdim. Qarı dəvənin tərkinə qalxmaq istəyəndə paltarının ətəyi
dəvənin ayağı altında qalıb cırıldı. O bu ayəni oxudu:

"Başınızahər nə müsibət gəlsə, bilin ki, öz əlinizlə qazanmısınız” (Şura, 30).

Mən dəvəni bir daha yatırtdım. Qarı aşağıdakı ayəni oxuya-oxuya dəvəyə süvar oldu:

"Bizə bunu (dəvəni) tabe edən (Allah) müqəddəsdir” (Zuxruf, 13).

Mən əvvəlcə dəvəni sürətlə sürürdüm. Qarı dedi:

"Yerişində müvazinəti gözlə və səsini yüksəltmə! ” (Loqman, 19).

Soruşdum: "Ərin varmı? ”. Cavab verdi:

"Ey imangətirənlər, qanınızı qaraldacaq şeylər barədə soruşmayın! ” (Maidə, 101).

Başa düşdüm ki, yenə yersiz sual vermişəm.

İrəlidə bir
karvan göründü. Mən həmin karvana doğru yol aldım. Qarıdan soruşdum ki,
övladın yaxud başqa qohumun varmı? Bu ayə ilə cavab verdi:

"Mal və övlad dünya həyatının zinətidir” (Kəhf, 46).

Başa düşdüm ki, uşaqları var. Soruşdum: "Uşaqların hansı peşənin sahibidirlər? ” Cavab verdi:

"Allah əlamətlər yaratdı; insanlar ulduz vasitəsilə öz yollarını taparlar” (Nəhl, 16).

Anladım ki. qarının oğulları bələdçidirlər. Oğullarının adını xəbər alanda bu ayələri oxudu:

"Allah İbrahimi özünə dost tutdu” (Nisa, 125).

"Allah Musa ilə sözlə danışdı” (Nisa, 164).

"Ey Yəhya, kitabdan möhkəm yapış! ” (Məryəm, 12).

Mən karvanın
qarşısında durub qarının oğullarının adını (İbrahim, Musa və Yəhya)
çağırdım. Onlar tez bizə yaxınlaşdılar. Qarı oğullarını görəndə söylədi:

"İndi birinizi bu pulla şəhərə göndərin ki, görsün ən təmiz yemək hansıdırsa, ondan sizə ruzi gətirsin” (Kəhf, 19).

Qarının
oğulların dan biri gedib yemək hazırladı. Qarı, Həzrət Şüeyb Peyğəmbərin
(ə) qızının dilindən söylənilən bu ayə ilə oğlanlara tapşırdı ki, ona
bələdçilik edib gətirdiyim üçün mənə pul versinlər:

"Ata, bunu muzd la çoban tut! Çünki bu güclü və əmanətdar adam muzdla tutduqlarının hamısından daha xeyirlidir” (Qəsəs, 26).

Oğlanlar mənə bir miqdar pul verdilər. Qarı daha çox pul verilməsini təkid etmək üçün dedi:

"Allah istədiyi şəxs üçün qat-qat artırar” (Bəqərə, 261).

Oğulları mənim muzdumu artırdılar.

Mən həmin
qarının kimliyi barədə soruşdum. Dedilər ki, bu, vaxtilə Həzrət Fatimə
(ə)-nın kənizi olmuş Fizzədir. Özü də 20 ildir ki, yalnız Quran ayələri
vasitəsilə danışır, Quran ayəsindən savayı heç nə söyləmirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!