Allahı gözlə görmək mümkündürmü?

Allahı gözlə görmək mümkündürmü?
Qadın və Din
10.09.2017 10
Allah-təalanın
istər bu dünyada, istərsə də axirətdə görünüb-görünməməsi məsələsinə
İslam dinində münasibət fərqlidir. Bir qisim alimlər bəzi ayələrin
təfsirinə və hədislərə əsaslanaraq, Allahın bu dünyada görünməsini
mümkün, qiyamətdə görünəcəyini isə vacib bilmişlər.

Digər dəstə isə, ayə və hədislərə əsaslanaraq, Allahın nə bu dünyada, nə də axirətdə görünə bilmədiyini söyləyir.

Hər
iki tərəf öz fikrini əsaslandırmaq üçün müxtəlif sübutlardan, əqli
(fəlsəfə, kəlam və məntiqə əsaslanan) və nəqli (Qurana və sünnəyə
əsaslanan) dəlillərdən istifadə edir.

Birinci
dəstənin fikrincə, insanların bu dünyada Allahı görə bilmələri nəzəri
cəhətdən mümkündür. Hərçənd ki, belə bir hadisənin baş verdiyini iddia
etmək olmaz. Amma axirətdə möminlər öz Rəbblərini mütləq görəcəklər.

Allahın
gözlə görüləcəyinə inananlar bəzi Quran ayələrini buna uyğun olaraq
təfsir edirlər. Məsələn, Quranda buyurulur ki, Musa Peyğəmbər (ə)
Bəni-İsrail qövmünü fironun zülmündən xilas edib Misirdən çıxardı və ulu
əcdadlarının vətəni olan Kənan torpağına apardı. Yol boyunca peyğəmbər
Allahın izni ilə müxtəlif möcüzələr göstərməklə camaatın imanını
artırmağa çalışırdı. Bəni-İsrail qövmü isə ardıcıl olaraq nankorluq
göstərir, Həzrət Musadan (ə) ən çətin tələblər edir, bu tələblər yerinə
yetiriləndə yenə narazılıq bildirirdilər. Gah Allah tərəfindən səmadan
endirilən xüsusi qidaya (mənn və səlva adlı yemək) hörmətsizlik edir,
gah şənbə günü qadağanını pozur, gah da peyğəmbər hər qəbilə üçün ayrıca
bulaq yaratmasa, su içməyəcəklərini bildirirdilər. Həmin nankorluqların
biri də bundan ibarət idi: Bəni-İsrail qövmü Həzrət Musa Peyğəmbərdən
(ə) tələb etdi ki, öz Allahını onlara göstərsin. Dedilər ki, əgər onlar
da Allahı gözlə görsələr, iman gətirərlər. Həzrət Musa (ə) əlacsız
qalıb, həmin adamların bir neçəsini özü ilə götürdü və Allahdan vəhy
aldığı Sina dağına gəldi.

Hadisənin
ardı Quranda belə təsvir edilir: "Musa təyin etdiyimiz vaxtda (Sina
dağına) gəldikdə Rəbbi onunla danışdı. (Musa:) "Ey Rəbbim! Özünü mənə
göstər, sənə baxım!” – dedi. Allah: "Sən məni əsla görə bilməzsən. Lakin
bu dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən”, –
buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu
parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən
paksan, müqəddəssən! Sənə tövbə etdim. Mən (İsrail oğullarından səni
görməyin mümkün olmadiğına) iman gətirənlərin birincisiyəm!” –
dedi” (Əraf, 143).

Bu
ayə Allahı bu dünyada görə bilməyin mümkünlüyünü iddia edənlər
tərəfindən sübut kimi irəli sürülür. Onlar iddia edirlər ki, əgər Həzrət
Musa (ə) kimi əzəmətli bir peyğəmbər Allahın ona görünməsini
istəmişdirsə, deməli, bu, mümkün olan işdir. Əgər Allahı görmək
arzusunda olmaq günah iş sayılsaydı, peyğəmbər bu arzuya düşməzdi. Çünki
bu hərəkət peyğəmbərlərin günahsızlıq sifəti ilə ziddiyyət təşkil edir.

Əks
tərəf isə həmin iddiaya qarşı bu cavabı irəli sürür: Quran ayələrindən
məlumdur ki, bəzi peyğəmbərlər öz qövmlərinin batil inanclarını ifşa
etmək üçün ilk baxışda şirk və günah kimi görünən sözlər söyləyiblər.
Əslində isə, bu, qarşı tərəfin inancının puç olduğunu göstərmək üçün bir
üsul idi. Peyğəmbərlər əvvəlcə özlərini elə göstərirdilər ki, guya əks
tərəfin iddiası ilə razılaşırlar. Amma sonra həlledici bir zərbə ilə
həmin iddianı darmadağın edib, haqqı üzə çıxarırdılar. Məsələn, göy
cisimlərinə pərəstiş edən bir qövmün içində yaşamış İbrahim Xəlilullah
Peyğəmbər (ə) insanları Allaha doğru hidayət etmək üçün əvvəlcə özünün
də Günəşə, Aya və ulduzlara pərəstiş etdiyini bildirmişdi:"Gecə
qaranlığı (İbrahimi) bürüdükdə o, bir ulduz görüb: "Bu, mənim
Rəbbimdir!” – dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmırəm”, –
söylədi. Doğan Ayı görüb: "Bu, mənim Rəbbimdir” – dedi. (Ay) batdıqda
isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən
zəlalətə düşənlərdən olardım”, – söylədi. Doğan Günəşi görüb: "Bu, mənim
Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: "Ey
camaatım, həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
Həqiqətən, mən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana
çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”(Ənam, 76-79).

Allahın
Musa Peyğəmbərə (ə) xitabən: "Bu dağa bax. Əgər o, yerində dura bilsə,
sən də məni görə bilərsən” – buyurması əslində bu işin
qeyri-mümkünlüyünə əvvəlcədən verilmiş işarə kimi qəbul edilməlidir.
Yəni Allah-təala bu xəbərdarlıqla öz peyğəmbərinə çatdırmaq istəyir ki,
məni adi gözlə görmək mümkün deyil, necə ki, heç nəyin, hətta dağın da
mənim təcəllama dözməyə bacarığı yoxdur. Xalq dilində "dəvənin quyruğu
yerə dəyəndə (və ya qulağının ardını görəndə) filan hadisəni də
görərsən” ifadəsi hansı mənanı bildirirsə, Allahın bu kəlamı da oxşar
mənanı bəyan edir.

Əlbəttə,
burada Allahın dağa özünü göstərməsindən söz getmir. Çünki dağın gözü
yoxdur ki, nəyi isə görsün, şüuru da yoxdur ki, bunu anlasın. Dağ yalnız
fiziki təsirdən dağıla, parçalana, partlaya bilər. Dağın
parçalanmasının səbəbi də Allahın öz nurunu ona yönəltməsi olmuşdu. Bu
nurun hansı şəkildə olduğunu söyləmək çətindir. Ola bilər ki, bu nur hər
hansı şəkildə çox güclü dalğa formasında təzahür etmiş və qarşısında
duran obyekti fiziki cəhətdən yox etmək qüvvəsinə malik olmuşdur. Həmin
nur birbaşa Həzrət Musanı (ə) və yanındakıları hədəfə almadığı üçün
onlar sadəcə olaraq bu mənzərədən, yəni gözləri qarşısında nəhəng dağın
parçalanmasından dəhşətə gəlib huşlarını itirmişdilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!