Allahın əmri, Peyğəmbərin buyruğu ilə...

Allahın əmri, Peyğəmbərin buyruğu ilə...
Qadın və Din
10.09.2017 14
Elçiliyin öz qanunları var, mətləb üstünə gələndə, yəni səbəbi, ziyarəti açıqlayanda bir qayda olaraq belə deyirlər:

"Allahın əmri, Peyğəmbərin buyruğu ilə qızınızı oğlumuza istəməyə
gəlmişik". Kim bilir, bəlkə, elə bu niyyətlə, yəni Allahın əmrini,
Peyğəmbərimizin buyruğunu əsas tutaraq qapı döymək özü ilk xeyir-duadır
və o xeyir-dua işıq olub bir ailənin gələcək yoluna işıq salmağa
başlayır.

Əlbəttə, bu niyyət, bu düşüncə ilə qurulan ailə sağlam olar, hər zərbədən, hər ağırlıqdan dağılmaz.

Dədə-baba qaydası ilə molladan kəsilən kəbin isə Allah-Taalanı bu
nikaha şahid tutmaqdır, ondan yeni qurulan ailəyə xeyir-bərəkət
diləməkdir. Yəni: "Allahım, Sənin əmrinə əməl edərək biz ailə qurduq.
Sən bu nikaha şahid ol, üstümüzdən xeyir-bərəkətini əskik eləmə. Mən
həyat yoldaşımı Sənin müəyyən etdiyin şərtlər çərçivəsində Sənin
əmanətin kimi qəbul edirəm".

***

Yaşlılar yaxşı bilirlər ki, köhnə mollalar kəbin kəsəndə
"varlıqda-yoxluqda da, xəstəlikdə-sağlamlıqda, xoş gündə-dar gündə"
birlikdə olmaq, bir-birinə dəstək olmaq şərti ilə bu işə xeyir-dua
verirdilər. Əslində o məsələləri gənclərin özləri irəlicədən öz
aralarında həll etməli, bir-birinə vəd verməlidirlər ki, sonradan kimin
haqlı, kimin haqsız olduğu açıq-aydın görünsün. Bu, həqiqətən də, çox
önəmli məsələdir.

Bəzi alimlər deyirlər ki, əsas olan rəsmi nikahdır. Yəni tərəflər
şahidlərin də hüzurunda könüllü olaraq ailə qurmaq istədiklərini bəyan
edirlər, üstəlik də məclisə gələnlər onların izdivacına həm şahid olur,
həm də xeyir-dua verirlər. Rəsmi nikah həm də ona görə əsasdır ki, bütün
hüquqi məsələlər onunla həll olunur, molla nikahı qanuni sənəd
sayılmır, sadəcə, izdivacın Allah-Taala tərəfindən bərəkətləndirilməsinə
yönəlmiş duadır. Bütün bunlarla yanaşı, qadına veriləcək mehr
məsələsinə ciddi yanaşmaq lazımdır, çünki bu, qadının Quranla təsbit
olunmuş müstəsna haqqıdır. Digər tərəfdən isə, qadının hər hansı acı
hadisəyə qarşı müəyyən qədər sığortasıdır.

***

Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, həyat yoldaşı Allahın əmanətidir.
Əmanət nədir, bilirsinizmi? - Elə bilin ki, siz o xanımı Allah-Taalanın
əlindən təhvil almısınız və alanda da sizə deyilib ki, ona olan
münasibətinizə görə də cavab verəcəksiniz. Əmanətin borcdan fərqi odur
ki, borcun qarşılığını ödəyərək də işin altından çıxmaq olar, əmanətdə
isə aldığın şeyin əslini, özünü geri vermək əsasdır.

Məsələnin başqa bir tərəfinə aydınlıq gətirək: iki nəfər bir araya
gəlib, ortaq bir dükan açanda, bir iş başlayanda yüz ölçüb, bir
biçirlər; əlli yerdən sənəd gətirirlər, hər şeyi notarius üzərindən
rəsmiləşdirirlər ki, sonradan çıxacaq problemləri həll etmək çətin
olmasın. Sən həyat yoldaşınla ən dəyərli nemətin olan ömrünü
paylaşırsan, niyə həssas olmayasan? Sənin həyatının dəyəri bir budkanın,
dükanın dəyəri qədər deyilmi? Peyğəmbərimiz də dönə-dönə buyurur ki,
evlənəcəyiniz adamla görüşün, danışın, bir-birinizi öyrənin, sonra
qərarınızı verin. Allah Rəsulu (s.ə.s.) onu da buyurur ki, ortaq bir iş
görəndə aranızda şahidlər tutun, yazılı sənəd imzalayın. Yəni şahidlər
sizin şərtlərinizə, bir-birinizə verdiyiniz vədə şahid olsunlar.

***

Gənclər arasında sevgi, əlbəttə, çox böyük nemətdir. Sevib evlənməyin
öz gözəllikləri var; amma nə qədər sevmiş olsanız belə, yenə bu
şərtlərlə tanış olmaq və onları qəbul etdiyini bir-birinə etiraf etmək
işi sağlam yerə bağlamaq deməkdir. Bəzən sevgi yaz dumanı kimi tez
çəkilib gedə bilər. O zaman ailənin davamiyyəti qəbul edilmiş o
şərtlərlə bağlı olacaq. Tərəflərin bir-birinə qarşı sevgi hissi ilə
yanaşı, səmimiyyəti, şəfqəti, fədakarlığı ailənin qorunub saxlanmasında
mühüm rol oynayacaq.

Bəli, sevib evlənmək çox gözəldir və hər kəsə də biz bu səadəti
arzulayırıq; amma nə qədər sevirsiniz sevin, Allah-Taalanın müəyyən
elədiyi şərtləri öyrənərək, qəbul edərək və bir-birinizə etiraf edərək
bu izdivac sənədinə imza atın. Görəcəksiniz ki, bu zaman o izdivac daha
bərəkətli, daha xeyirli olur (davam edəcək).

Ailə məsələləri ilə bağlı çox mühüm bilgiləri diqqətinizə təqdim edirik:

- Allah-Taala Qurani-Kərimin Nur surəsində insanlara evlənməyi əmr edir
və kasıblıqdan qorxmamağı, ailənin gələcəkdə zənginləşəcəyini vəd edir.

- Qurani-Kərimin Rum surəsində nikahın üç böyük özəlliyi bildirilir:
"Kişi ilə qadının şəhvət məsələsində bir-biri ilə təmin olunması,
ər-arvad arasında sevginin yaranması və onların bir-birinə qarşı şəfqət
duyğusu bəsləmələri".

- Kişi və qadın bir-birinin tarazlayıcısı və tamamlayıcısıdır.
Qurani-Kərimdə: "Qadınlar sizin üçün, siz də qadınlar üçün örtüsünüz,
libassınız" buyurulmaqdadır. Yəni kişisiz qadın, qadınsız da kişi
əskikdir, tam deyil.

- Qurani-Kərimdə o da bildirilir ki, qadınlar kişilər üçün övlad
yetişdirən tarla hökmündədirlər. Yəni evlilikdə cinsi təminat, sevgi,
səmimiyyət, rahatlıqla yanaşı, ən önəmli qayə nəsil artırmaqdır.

- Peyğəmbərimiz bir hədisi-şəriflərində buyururlar ki, dünyaya övlad
gətirən qaradərili qadın doğmayan gözəl qadından daha xeyirlidir.

- Peyğəmbərimiz başqa bir hədisində belə buyurur: "Evlənin, çoxalın,
çünki mən digər ümmətlərə qarşı sizin çoxluğunuzla fəxr edəcəyəm".

- Peyğəmbərimiz buyurur: "Dörd xüsusiyyətinə görə qadınla evlənirlər:
sərvəti, gözəlliyi, əsil-nəcabəti və dindarlığı ilə". Peyğəmbərimiz
dindar qadınla evlənməyi tövsiyə edir.

- Evlilik zamanı nikahın elan edilməsi şərtdir, hər kəs bundan xəbərdar
olsun deyə. Hətta Peyğəmbərimiz nikah zamanı ziyafət verilməsini,
şənlik edilməsini təşviq etmişdir, dəvət edilənləri də bu dəvəti qəbul
etməyə çağırmışdır.

- Peyğəmbərimiz buyurur: "Hamınız çobansınız və hər kəs də öz nəzarəti
altında olandan məsuldur. Kişilər ailəsinin çobanıdır, qadın ərinin, evi
və uşaqlarının çobanıdır. Hamınız nəzarətiniz altında olanlardan
məsulsunuz".

- Peyğəmbərimiz evlənmək istəyən bir səhabəyə deyir ki, getsin
evlənəcəyi qadını görsün, onu bəyənsin, çünki evliliyin davamı üçün bu
önəmlidir.

- Nikah evlənən tərəflərin bir-biri qarşısında götürdüyü öhdəlikdir, şərtdir.

- Boşanmaq halal olsa da, Allah-Taalanın sevmədiyi halaldır.

- Peyğəmbərimiz buyurur ki, istər dul olsun, istər bakirə qız, o
istəməzsə, məcburi şəkildə ərə verilə bilməz. Verilibsə, o bu nikahı
poza bilər.

- Nikah zamanı hər iki tərəf özləri və ya vəkillərinin vasitəsilə öz
iradələrini bəyan etməlidir ki, nikahı könüllü qəbul edir, yoxsa yox.

***

Allah-Taalanın hikmətinə baxın ki, evlilik məsələsində hər şey
ləzzətdən rəhmətə (xahiş edirik, bu sözü ölüm mənasında deyil, mərhəmət,
xeyir anlamında qəbul edəsiniz- Ə.Ç.) doğrudur. Əgər belə olmasaydı,
bəlkə də, insan artmazdı, yer üzündə nəsli tükənərdi. Demək, sevgi,
səmimiyyət nə qədər şirin olsa da, işin aksesuarıdır, hədəf nəsil
artımıdır, həm də ədəbinə uyğun, insan adına layiq. Ona görə də
alyanağa, güldodağa, süzgün baxışa kor olanlar gerçəyi görə bilmir,
əksər hallarda da sonradan peşman olurlar. Nə qədər sevirsənsev, amma
tədbiri də unutma. Sevgi qoşa qanaddır, amma hər kəs mənzilbaşına uçaraq
yetişmir. İnsanlıq, səmimiyyət bir yaşdan sonra sevgidən daha güclü,
daha etibarlı olur. Əslinə qalanda ipəkqurdunun son şəkli kəpənək olduğu
kimi, həqiqi ailə sevgisinin varacağı mənzil də sədaqətdir,
səmimiyyətdir, insanlıqdır.

***

Gənclərimizin ən böyük xətası "evlənəndən sonra hər şey yoluna düşər"
qənaətidir. Təcrübə göstərir ki, artıq bu qənaət əksər hallarda özünü
doğrultmur. Elə olur ki, illər uzunu nişanlı qalanlar ən mühüm
məsələləri dilə gətirmir, evliliyin ilk aylarında dava-dalaş düşür.
Məsələn, oğlan bir dəfə də olsun dilinə gətirmir ki, evlənəndən sonra
anası ilə birlikdə yaşamağa davam edəcəklər. Qız da ürəyində düşünür ki,
toydan sonra ana ilə aranı yavaş-yavaş ayırır. Amma olmur və nəticədə
ailə dağılır.

Sonradan meydana çıxan bu cür konflikt motivlərinin sayını kifayət
qədər artırmaq olar. Gəlin tələb edir ki, şəhərə köçsünlər, əri istəmir;
gəlin evin idarəçiliyini ələ almağa çalışır, əri imkan vermır; gəlin
daha firavan yaşamaq istəyir, amma əri az pul gətirir...

***

Ev var, cəhənnəm çuxurudur; ev var, cənnət bağçasıdır. Qapıya çatırsan,
əlini cibinə salıb açarı çıxarmaq istəyirsən ki, qapı üzünə açılır.
Bilirsən ki, səni ayağının səsindən tanıyıb, qapıya qaçıb. İllərin
ayrılığından dönürmüşsən kimi sevgi dolu gözlər dikilir üzünə: "Xoş
gəldin!" Bütün yorğunluğunu, incikliyini, kimdənsə küsgünlüyünü elə
astanadaca soyunub atır, yepyeni bir adam kimi içəri girirsən.

Kim bu mənzərənin qəhrəmanı olmaq istəməz ki? - Əlbəttə, hər kəs
istəyər. Amma istədiyinə qovuşmaq üçün yuxarıda deyilənləri ciddi-ciddi
düşünməli və kor sevginin basqısı altında deyil, ağlın, iradənin
işığında qərar verməyi bacarmalısan. Vəssalam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!