Balakənin ət qutabı resepti

Balakənin ət qutabı resepti
Yeməklər
10.09.2017 41
12 ədəd-6 nəfərlik



Tərkibi:

Xəmir üçün:


4 fincan + yoğurmaq üçün əlavə un (bir fincan = 150 qram un)

2 xörək qaşığı duz

2 fincan otaq tempraturunda su



İçlik üçün:

450-500 qram ət maşınından keçirilmiş qoyun yaxud mal əti və ya qarışıq –yarı qoyun,yarı mal əti

2 ədəd ət maşınından keçirilmiş orta ölçülü soğan – təxminən bir fincan

1 xörək qaşığı palçıq lavaşana yaxud ½ fincan təzə nar dənələri (miqdarı zövqə görə müəyyən olunur)

Zövqə görə duz və istiot .Şimal-qərb zonalarında,xüsusi ilə də Balakəndə qutab üçün hazırlanmış içliyə 1 cimdik şüyüd toxumu,1 qədər doğranmış sarımsaq və doğranmış təzə keşniş də qatırlar.



Bunlardan əlavə:

Əgər qutab 1-ci üsulla bişiriləcəksə bir qədər şit yağı/ərinməmiş kərə yağı, 2-ci üsulla bişiriləcəksə qızartmaq üçün bitki yağı və üzərinə səpmək üçün sumaq lazım olacaq.



Hazırlanması:

Xəmirin hazırlanması:


Böyük bir qaba un əlavə olunur,duz vurulur qarışdırılır. Unun içində yuva açılır,su az-az əlavə olunmaqla xəmir halını tutanadək əllə qarışdırılır. Xəmir formasına gəldikdə sonra üzərinə un səpilmiş yuxa yayan taxtanın üzərində 10 dəqiqə yoğrulur. Yoğurarkən ələ yapışmasın deyə tez-tez un səpilir.Lakin unu çox qatmaq olmaz,əks halda xəmir bərkiyər və yaymaq mümkün olmaz. Həm də yuxa yayarkən kifayət qədər un istifadə olunduğunu da nəzərə almaq lazımdır. Yoğrulmuş xəmir 12 bərabər ölçülü hissələrə bölünüb əllə kündələnməlidir. Bir kündəylə işlərkən digərlərinin üzərini dəsmalla örmək lazımdır ki,kündələr qurumasın.



İçliyin hazırlanma qaydası:

Bir qaba içlik üçün lazım olan ərzaqlar tökülür və yaxşıca qarışdırılır. Əgər lavaşana əvəzinə nar dənələri istifadə olunacaqsa o zaman ərzaqları elə qarışdırmaq lazımdır ki, narlar əzilməsin.



Yuxanın yayılması:

Kündənin biri üzəri bir qədər unlanmış yuxayayan taxtanın üzərinə qoyulur və üstünə də bir qədər un səpilir.Kündə əllə basılıb yastılanır və oxlovla açılır.Diametri təxminən 12 sm  olanadək xəmiri fırladaraq oxlovlar açmaq lazımdır. Sonra isə açılmış xəmirin üzərinə yenə azca un səpilir və əllə xəmirin üzərinə tam yayılır. Belə olduqda yuxa nə oxlova yapışar, nə də yuxanı yayayarkən onda deşiklər əmələ gələr,həm də asanlıqla yayıla bilər. Yuxanı öz tərəfinizdənki kənarlarından başlayaraq axıradək oxlova bükməklə sonra cəld açmaq lazımdır. Bu zaman oxlov özünüzə paralel olaraq hərəkət etməlidir. Bu qayda ilə hər dəfə yuxanı açarkən üzərinə azca un səpilməlidir. 25 sm ölçüsündə dairə alınanadək yuxa açılmalıdır.



İçliyin doldurulması: Hazır yuxanın üzərinə yarıyadək ətli içlik qoyulub yayılır. İçlik sıx,lakin nazik olmalıdır. Sonra yuxanın digər yarısı ətli içliyin üzərinə qatlanıb,kənarları barmaqla ehmalca basılaraq bitişdirilir. Qutablar aşağıdakı iki üsülla bişirilə bilər.



1-ci üsul: (Balakən zonasında qutab yalnız sacda/tavada bişirilir və bizim ailədə həmişə bu üsuldan istifadə edilib). Öncədən qızdırılmış sac yaxud yapışmayan tavada qutabın növbə ilə əvvəl bir,sonra isə digər tərəfi üzərində zərif qəhvəyi qabarcılar əmələ gələnədək qızardılır. Hazır bişbiş qutablar boşqaba qoyulur və elə isti halda üzərinə firça ilə yağ çəkilir. Qutablar bu qayda ilə qızardılıb yağlanaraq bir boşqabda üst-üstə yığılır. Sonda üzərinə sumaq səpilib süfrəyə verilməlidir.



2-ci üsul: (Bəzi yerlərdə bu üsuldan istifadə edilir). 1 xörək qaşığı bitki yağı yapışmayan tava tökülüb qızdırlır. Üzəri qızılı rəng alanadək qutabların hər iki tərəfi qızardılır. Hər dəfə qızartma zamanı lazım gələrsə yağ əlavə olunmalıdır. Qızardılmış qutablar sonra salfetin üzərinə qoyulub yağı çəkilməlidir. (Bu üsulla bişirilimiş qutablar sonradan yağlanmır.) Hazır qutabların üzərinə sumaq səpilib dərhal süfrəyə verilməlidir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!