Tonal krem istifadəsi zamanı ən çox rast gəlinən yanlışlar

Tonal krem istifadəsi zamanı ən çox rast gəlinən yanlışlar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 98
Tonal krem makiyajın təməlidir. Doğru tonal kremdən istifadə etməklə üzdəki ton fərqliliklərini,qüsurları örtməkdən tutmuş ləkələri,qızartı və sızanaqları gizlətməyə qədər bir çox şeyə nail olmaq olar. Bəs tonal kremi doğru seçmədikdə necə? Bu dəfə elə bundan danışacağam.



Yanlış tonal krem istifadəsi xanımlar arasında tez-tez rast gəlinən makiyaj xətalarının başında gəlir. Nəticədə üzdə qeyri-təbii,xoşagəlməz görüntülər yaranır. Tonal krem istifadəsi zamanı ən çox edilən səhvlərə gəlin birlikdə nəzər salaq:



1.Yanlış tonal krem seçimi

Yanlış tonal krem istifadəsinin başında yanlış tonal krem seçimi gəlir. Dəri tonuna uyğun olmayan rəngdə seçilmiş tonal kremlərdən istifadə zamanı tonal krem üzdə maska kimi görünür. Bu isə təbiilikdən uzaq bir görüntüyə gətirib çıxarır. Bu cür mənzərə ilə qarşılaşmamaq üçün öz ideal tonal kreminizi bir an öncə müəyyən etməyə çalışın. Əgər bunu necə edəcəyinizi bilmirsinizsə yenə də narahat olmağa ehtiyac yoxdur. Çünki blogumun oxucuları üçün növbəti yazılarımda mütləq bu barədə ətraflı və dəqiq şəkildə yazacağam.



2.Gərəyindən artıq tonal krem istifadəsi

Tonal kremin üzünüzdə nəzərəçarpan olmaması və şit görünməməsi üçün həddindən artıq tonal krem istifadəsindən və üst-üstə bir neçə qat tonal krem çəkməkdən bir an öncə əl çəkməli olacaqsınız. Problemli dərilər də daxil olmaqla heç bir dəri tipində çox miqdarda tonal krem istifadə etməyə heç də ehtiyac yoxdur. Əgər üzünüzdə çoxlu sayda sızanaq və ləkə yoxdursa, sadəcə üz tonunuzu bərabərləşdirmək məqsədilə azacıq tonal kremdən istifadə etməyiniz yetərli olacaq.



3.Qeyri-bərabər yayılmış tonal krem

Tonal kremin üz dərisindən seçilməməsi üçün onu üzdə tam bərabər yaymaq vacibdir. Qeyri-bərabər paylanmış tonal kremlər təbii ki üzdə bəzi hissələrin daha tünd bəzi hissələrin isə nisbətən daha açıq rəngdə görünməsinə səbəb olur. Tonal kremi bərabər şəkildə üzdə rahat yaymaq üçün artıq müxtəlif forma və ölçülərdə süngərlər və fırçalar var. Düzgün vasitə seçimi ilə tonal kremi üzdə təbii görünəcək şəkildə yaymaq artıq çətin deyil.



4.Quruyub çatlamış dəriyə tonal krem vurmaq

Çatlamış və qabıqlı üz dərisinə tonal krem vurmaq demək olar ki, dəhşətlidir. Elə tonal krem yoxdur ki dəridəki çatlara və qabıqlı hissələrə yığılıb xoşagəlməz görüntü yaratmasın. Bunun üçün üzünüzü vaxtı vaxtında nəmləndirməyi və ölü dəridən yaxşıca təmizləməyi unutmayın. Əgər yenə də üzünüzdə nəzərə çarpan dərəcədə quru və çatlamış dəri varsa onda həmin gün üzünüzə tonal krem vurmamağa çalışın.



5.Üz tonunun digər bədən üzvlərinin rəngindən kəskin seçilməsi

Son olaraq qeyd edəcəyim bu tonal krem səhvi ən kobud makiyaj səhvlərindən biri hesab olunur. Makiyaj zamanı üzü tonal kremlə tonlaşdırarkən kremi üzə yaydığınız makiyaj fırçasını,süngəri və ya tonal kremi tətbiq etdiyiniz vasitə hansıdırsa fərq etməz, yüngülcə qulaq və boyun nahiyələrinə doğru da hərəkət etdirməyi unutmayın. Əks halda makiyaj etdiyiniz zaman siz hiss etməsəniz də işıqda üz tonunuzla qulaq və boyun tonunuz kəskin fərqlənəcək. Xüsusən də saçlarınızı yığdığınız günlərdə üzlə birlikdə qulaqları da azacıq tonlaşdırmağı unutmayın.



Həcər İsmayılovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!