Linzalar: ziyanı daha çoxdur?

Linzalar: ziyanı daha çoxdur?
Faydalı məsləhətlər
10.09.2017 36
Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir.



Son zamanlar həm rəngli, həm də optik linzaların müxtəlif çeşidləri
gözlərin rəngini dəyişmək, onlara parıltı, müxtəlif çalar verməklə
yanaşı, eynəkləri də əvəz etməsi onlara olan tələbatı daha da artırır.
Linzasevərlər çox vaxt bu həvəsi istədiyi göz rənginə sahib ola bilməklə
izah edirlər.Linzalar həm də eynək taxmaq istəməyən və bunu özünə
kompleks edən görmə qabiliyyəti zəif olan adamlar üçün də əvəzsizdir.
Lakin mütəxəssislər bildirir ki, linzaların müsbət cəhətləri ilə yanaşı,
mənfi cəhətləri də var. Belə ki, keyfiyyətsiz və ya istifadə və
təmizlənmə qaydalarına düzgün riayət olunmayan linzalar gözlərdə
müxtəlif infeksiyaların yaranmasına, görmə qabiliyyətinin itirilməsinə
də səbəb olur.



Qeyd edək ki, Türkiyə və Amerika mətbuatının yazdığına görə, sözügedən
ölkələrdə linzalar ucbatından görmə qabiliyyətini itirən xeyli insan
var. Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün
görmə qabiliyyətini itirir. Linzalarla bağlı problemlər onların
keyfiyyətsiz və saxta variantlarının da bazarda yer alması ilə izah
olunur.



Oftalmoloq Səbinə Qasımovanın sözlərinə görə, linzaların şəffaf, rəngli,
çalar verən, qeyri-adi effektli, korrektə edən və optik növləri var:
"Şəffaf, çalar verən linzalar açıq rəngdə gözləri olanlara məsləhətdir.
Tünd gözlər üçünsə bu linzaların heç bir əhəmiyyəti yoxdur. Rəngli
linzalar isə bütün göz rəngləri üçün münasibdir. Onların vasitəsilə
istənilən göz rəngini tamam dəyişmək olar. Belə linza alarkən üzərində
göz bəbəyinin kənar haşiyəsinin çəkildiyinə fikir vermək lazımdır. Əgər
bu olmasa, gözlər çox süni görünəcək. Gözlərdə olan bəzi qüsurları,
çatışmazlıqları gizlətmək üçünsə kosmetik linzalardan istifadə eymək
olar. Korrektə edən rəngli linzalar isə həm gözə istənilən rəngi verir,
həm də görmə qabiliyyətini korrektə edir”.



Bəzək üçün istifadə olunan linzalar gözlərə qeyri-adi naxış və rəng verə
bilər. Bu linzalarla gözləri vampir gözlərinə bənzətmək, bəbəyini
ulduz, xətt və s. formada göstərmək olur. Onlar vasitəsilə yeni obrazlar
yaratmaq mümkündür. Lakin bu cür linzalardan adi adamlar istifadə
etmir. Daha çox aktyor, müğənnilər müxtəlif obrazlar yaratmaq üçün
istifadə edirlər. Gündəlik həyatda isə belə linzalar təbii görünmür.
Müalicəvi linzalardan isə həm gözlərin müdafiəsi, həm də müalicəsi üçün
istifadə olunur. Zövqə görə belə linzalar həm rəngli, həm də şəffaf ola
bilər.



Linzaları seçərkən mütəxəssis məsləhətinə ehtiyac olduğunu deyən
oftalmoloq bildirib ki, linzanın rənginin yaraşdığını yoxlamaq üçün 1
günlük və ya 1-2 həftəlik istifadə üçün nəzərdə tutulan linzaları
istifadə daha münasibdir. Bu müddət ərzində tanışlarınızın da
fikirlərini nəzərə alıb linzanın rənginin sizə yaraşıb-yaraşmadığını
dəqiqləşdirə bilərsiniz. "Bəzən linzalar gözə düşmür və müxtəlif
narahatlıqlar yaradır. Qısamüddətli linzaları almaqla az pul xərcləyərək
bunu da yoxlamaq olar. Əgər linza gözünüzə uyğun gələrsə, həmin modeldə
uzun müddət istifadə üçün nəzərdə tutulan linzalardan istifadə edə
bilərsiniz”.



Həmsöhbətimiz linza istifadə edərkən yararlılıq müddətinə fikir verməyi
də vacib bilir. Dediyinə görə, çox vaxt istifadəçilər bu tarixləri
qarışdırırlar. Belə ki, yararlılıq müddəti linza açılmayana qədər
saxlaya bildiyin müddətdir. İstifadə müddəti isə linza açıldıqdan sonra
hesablanır. "Linzaların yararlılıq müddəti 2-3 il olsa da, istifadə
müddəti fərqli ola bilər. Misal üçün, 1 günlük, həftəlik, aylıq, 6 aylıq
da linzalar olur. Belə linzalardan 1-3 il istifadə isə ciddi fəsadlarla
nəticələnə bilər. Bütün bu göstəricilər isə linzanın qabında
göstərilməlidir”.



Oftalmoloqun dediyinə görə, linza istifadə edərkən onları vaxtında
çıxarmaq lazımdır. Bu vaxt müxtəlif linzalarda fərqli ola bilər. Belə
ki, rəngli linzaların istifadə müddəti adətən 7 saat olur. Linzaları
göstərilən müddətdən artıq taxmaq və linza ilə yatmaq isə olmaz.
Linzaları çıxarandan sonra xüsusi məhlul əlavə olunmuş qabına qoymaq
lazımdır. Bununla yanaşı, linzaların suyu hər gün dəyişdirilməli,
linzaların təmizlənmə qaydasına da düzgün riayət olunmalıdır. Bu haqda
məlumat isə hər bir linzanın qablaşdırılmasında yazılmalıdır”.



Bəzən linzalardan gözlər qaşınır, yanır və ya ağrımağa başlayır. Belə
olan təqdirdə linzaların saxlandığı mayeyə fikir vermək lazımdır. Ola
bilsin ki, linzalar gözünüzə uyğun gəlsə də, saxlandığı maye ona uyğun
deyil. Bu zaman mayeni dəyişmək olar. Həkim qeyd edir ki, gözlərdəki bu
narahatlıq hədsiz həssaslıqla da izah oluna bilər. Yaxşı olar ki, bu cür
problemlərlə üzləşəndə həssas gözlər üçün nəzərdə tutulan mayedən
istifadə edəsiniz.



Müsahibimizin sözlərinə görə, linzalar yaxşı təmizlənmədikdə və düzgün
saxlanmadıqda gözdə müxtəlif infeksiyalar əmələ gəlir. Linzalar müxtəlif
allergik reaksiyalar, gözlərdə quruluq da yaradır. "Yaxşı olar ki,
linzalardan istifadə edən adam müntəzəm olaraq oftalmoloqun yanına
getsin. Ona görə ki, keyfiyyətsiz linzadan istifadə onun görmə
qabiliyyətinə təsir edə bilər. Ən əsası isə linzalar istifadə müddəti
bitdikdən sonra atılmalıdır. İstifadə və yararlılıq müddəti bitən
linzalardan istifadə göz bəbəyinə zərər verir. İstifadəçilər nəzərə
almalıdırlar ki, linzaların istifadə və saxlanma qaydalarına
səhlənkarlıq, uzun müddət kompüterin qarşısında linza taxıb oturmaq da
görmə qabiliyyətinə mənfi təsir göstərə bilər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!