Keyfiyyətsiz sabun almayın

Keyfiyyətsiz sabun almayın
Faydalı məsləhətlər
10.09.2017 42
Sabun
yuyucu vasitə kimi istifadə edilən səthi-aktiv maddə olub yağ
turşularının kaustik soda və potaş kimi qələvilərin suda qaynadılması
nəticəsində əldə edilir. Yağ turşuları əsasən bitki (pambıq, soya,
palma) və heyvan mənşəli məhsullardan əldə edilir. Bu yağların
qələvilərlə qaynadılması nəticəsində qliserin və yağ turşularının
duzları, yəni sabun meydana gəlir. Sonrakı mərhələdə sabun gərəksiz duz,
qələvi və qliserindən təmizlənir. 



İqtisadi
İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların
hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara sabun alarkən
diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən alınan
məlumata görə, keyfiyyətsiz sabun insan orqanizmi üçün çox təhlükəlidir.
Ümumiyyətlə, istehlakçılar bilməlidir ki, sabunda ətirverici və
rəngləndirici maddələr nə qədər az istifadə olunursa, bu daha yaxşıdır.
Sabun quru, qaranlıq və soyuq yerdə saxlanmalıdır. Əgər sabun istehsalçı
tərəfindən qablaşdırılmayıbsa o zaman onu evdə sellofan paketdə
saxlamaq olar. Saxlama müddəti istehsal tarixindən etibarən orta hesabla
3 il təşkil edir. 



Ev
şəraitində hazırlanan sabunlar təbii komponentlərdən hazırlandığına
görə daha keyfiyyətli hesab olunurlar. Hətta bu yolla hazırlanmış
sabunlarda rəngləndirici maddələr belə təbii mənşəli olur. Belə
sabunların möhkəm bağlanmış şüşə qablarda və sellofan materiala bükərək
qaranlıq quru yerdə saxlanması məsləhət görülür. Bu məhsulun qoxusunun
saxlanmasına və ya qurumamasına, yaxud artıq rütubətin əmələ gəlməsinin
qarşısının alınmasına kömək edir. Əldə hazırlanmış sabunun saxlama
müddəti 1-2 ildir. 



Sabunun
keyfiyyəti ilk növbədə istehsalında istifadə olunan yağların
keyfiyyətindən asılıdır. Ən yaxşı növ sabunlar təbii bitki yağları və
heyvan mənşəli qida yağlarından əldə edilir. Aşağı keyfiyyətli sabun
növləri isə təbii xammalın neft emalı məhsulları (naften turşuları,
kanifol) ilə əvəz edilməsi nəticəsində alınır. Bu cür əvəzedicilərin çox
istifadə edilməsi nəticəsində əslində xəfif olması gərəkən sabun köpüyü
yapışqan hal alır. 



Sabunun
təmizlənmə dərəcəsi də onun keyfiyyətində həlledici rol oynayır. Pis
təmizlənmiş sabun köpüklənmir və dəridə qıcıqlanmaya səbəb olur. Sabunun
keyfiyyətinə təsir edən digər bir amil isə ondakı yağ turşularının
miqdarıdır. Yağ turşuları nə qədər çox olarsa, sabun bir o qədər
keyfiyyətli hesab edilir. Sabun istehsalında istifadə edilən əlavələr
onun təyinatını və xüsusiyyətlərini müəyyən edir. 



Sabunun
təyinatına görə fərqlənən müxtəlif növləri var. İstehlakçılar müxtəlif
sabun növlərinin xüsusiyyətlərini bilməli və bunlardan düzgün istifadə
etməyi bacarmalıdırlar. 



Məsələn
bərk əl sabunu əllərin mütəmadi gigiyenası üçün istifadə edilir.
Gündəlik istifadə edilən əl sabununun tərkibində antiseptik və dəriyə
sakitləşdirici təsir göstərən müalicəvi otların ekstraktlarının olması
tövsiyyə edilir. Eyni zamanda duru, uşaq, kosmetik, təbii, antibakterial
sabun növlərindən də geniş istifadə edilir. Məqsədinizdən asılı olaraq
müvafiq əlavələr qatılmış sabunlardan istifadə edilməlidir. Belə ki,
istehsalında bal və arıçılıq məhsulları əlavə olunan sabunlar dərini
qidalandırır, yumşaldır və canlandırır, çobanyastığı ekstraktı qatılan
sabunlar dərinin üzərindəki qoruyucu təbəqəni gücləndirir və s. 



Nəzərə
almaq lazımdır ki, fitokomponentlər (bitki mənşəli komponentlər) güclü
allergen ola bilərlər. Bu səbəbdən sabun seçiminə fərdi yanaşılmalıdır. 

Ticarət
şəbəkəsinə sabunların bəziləri bağlamada, bəziləri isə açıq halda
buraxılır. Sabunun qablaşdırma materialları normativ sənədlərin
tələblərinə uyğun olan, saxlama müddəti ərzində təhlükəsizlik və
saxlanmasını təmin edən materiallardan hazırlanmalıdır. 



Qablaşdırılarkən
karton, ağac və polimer qabların istifadəsinə icazə verilir.
Qablaşdırılmış sabunun üzərində istehsalçısının adı və ünvanı, istehsal
tarixi, əmtəə nişanı, nominal çəkisi göstərilməlidir. 



Keyfiyyətli
sabunu həm də qoxusuna görə təyin etmək olar. İstənilən sabunun əsas
komponentləri xoşagəlməz qoxuya malikdir. Onun üçün də kosmetik sabun
istehsalçıları ona müxtəlif ətirvericilər əlavə edirlər. Sabunun
tərkibində xüsusi kimyəvi maddələr vardır ki, bu da ona əmtəə görünüşünü
və özünəməxsus keyfiyyətini daha uzun müddət saxlamağa imkan verir. 



Mağazaların
vitrinlərində çox sayda müxtəlif formalı sabunlar arasında seçim etmək
üçün birinci növbədə onların etiketindəki məlumatlarla tanış olmağa
çalışın. Eyni zamanda almaq istədiyiniz sabun haqqında satıcıdan da
məlumat almaq hüququnuz vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!