Məşuqəsini evimizə gətirdi və gözümün qabağındaca...

Məşuqəsini evimizə gətirdi və gözümün qabağındaca...
Maraqlı məlumatlar
10.09.2017 33
Müqəddimə Ömrünün ən
yaxşı illərini, sağlam dövrünü Rusiyada "nataşa”lara həsr etdikdən,
yəni yaşı 30-35-ə çatdıqdan sonra azərbaycanlı oğlanların ağlına gəlir
ki, bəs, evlənmək lazımdır. Evlənmək üçünsə Azərbaycana gəlməyə belə
ehtiyac duymurlar. Elə Rusiyanın hansısa, rusların özünün də yadından
çıxmış vilayətindən evlərinə zəng edib haray-həşir salırlar ki, qız
tapın, evlənirəm...
Gəldik, işin əsas məqamına. Bilənlər bilir
ki, bizim ölkədə qız tapmaqdan asan heç nə yoxdur. Bu funksiyanı ya
oğlanın anası, bacısı, ya da qonşuları həyata keçirir. Oğlanın maddi
imkanı yaxşıdırsa, qardaşının arvadı, xalaları da bu işə yaxından
müdaxilə edirlər. Xala və bibilər öz qızlarını, qardaş arvadı isə öz
bacısını ərə vermək üçün planlar hazırlayır. Rusiyada olduğu üçün heç
kimin tanımadığı, "matah” elan edilmiş bu "subay oğlan” nəhayət ki,
birini seçib evlənir. "Evlənir” deyəndə ki, qohumlardan birinin qızına
elçi göndərib toy edir. Bir həftə sonra da qızı qoltuğuna vurub uzaq
diyarlara aparır.
Gerisi isə qalır, necə deyərlər, Allah ümidinə...
Ailə qurub Rusiyanın hansısa şəhərinə gəlin köçən qızların taleyi çox vaxt yaxşı olmur...
Rusiyada
yaşayan, işləyən oğlana ərə gedən, sonradan ailə həyatında ciddi
zorakılıqlarla qarşılaşan qadınlardan birinin taleyini sizə təqdim
edirik. (Qadının adı onun özünün istəyilə dəyişdirilib).
Şərti adı Zeynəb
Zeynəbin
19 yaşı olanda xalasıgil onlara elçiliyə gəlir və Rusiyanın
Nijni-Novqorod vilayətində yaşayan oğlu üçün onu istəyirlər. Heç bir
təhsili olmayan, Zərdab rayonunun ucqar kəndində böyüyən qız üçün bu
təklif "cənnətə düşmək” kimi cazibədar görünür...  Palçığı dizə çıxan
kənddən yaxa qurtarmaq üçün heç düşünmədən "hə” deyir. Ailəsi də razılıq
verdikdən sonra Zeynəbi xalası oğluna ərə verirlər.
Xalası oğlu
Rasim uzun illər Rusiyada yaşadığına görə Zeynəb nişanlısının üzünü
toydan bir qədər əvvəl onlar üçün qurulan nişan məclisində görür...
Aralarında
7 yaş fərq vardı. Nişanlılıq dövrü isə cəmi 2 həftə çəkir. Bu müddətdə
onlar cəmi iki dəfə, onda da ailə üzvlərinin yanında görüşürlər...
Evlilik həyatı
Zeynəb danışır ki, Rusiyaya köçdükdən sonra ərinin ona münasibəti kəskin şəkildə dəyişməyə başlayıb:
"Nijni-Novqorodda
şəxsi mağazası vardı. Səhər tezdən işə gedirdi. Gün ərzində Rasim heç
2-3 saat evdə olmurdu. İlk vaxtlarda elə bir ciddi problemimiz yox idi.
Mən onun işlərinə qarışmırdım. Daha doğrusu, işlərindən xəbərsiz idim.
Amma get-gedə həyatımızdakı səssizlik pozulmağa başlayırdı. Mən təbii
ki, dözməyə çalışırdım. Qürbət ölkədə dərdimi deyəcəyim bir adamım,
tanışım-rəfiqəm, demək olar, ondan başqa tanıdığım bir kimsəm yox idi.
Anamgilə də əlim çatmırdı. Həm də çatsa, nə edə bilərdim ki?..
Hamiləydim, ailəmin dağılmasını istəmirdim. Mümkün olduğu qədər onun
hərəkətlərinə, məni döyüb-incitməsinə, kötək və təhqirlərinə əhəmiyyət
verməməyə cəhd edirdim...
Amma... Münasibətlər get-gedə kəskinləşirdi:
"Əvvəllər
sərxoş halda evə gələn, dostlarını başına yığıb kef məclisləri quran,
erməniləri süfrəmizin başında oturdan Rasim artıq mənə həyat yoldaşı,
doğulacaq uşağının anası kimi yox, qulluqçu kimi baxmağa başlamışdı...”
Zeynəb danışır ki, Rasim başqa qadınlarla intim münasibətini artıq arvadından gizlətmirmiş:
"Mənim
onun hərəkətlərinə hansısa reaksiyanı verməyə, narazılığımı bildirməyə
ixtiyarım yox idi. Ağzımı açmamış "xoşuna gəlmirsə, qayıdıb atanın evinə
gedə bilərsən” deyirdi. Rasim münasibəti olan rus qadınlarını evimizə
gətirməyə başlamışdı. Mən onlara süfrə açırdım, bişirdiyim yeməkləri
masaya düzürdüm, onların qulluğunda dururdum. Onlar yeyib-içib
keflənəndən sonra yataq otağına keçirdilər...
Bu, sadəcə olaraq,
dəhşət idi. Ərim gözümün qabağında yad qadınları mənim yatağıma salırdı.
Hətta o, qadınlarla cinsi əlaqəyə girdikdən sonra məni çağırıb su
istəyirdi. Az qalırdı başıma hava gəlsin. Hər gün döyülürdüm. Onun
–şillə-təpiklərindən üz-gözüm qan içində olurdu. Bəzən mənə elə gəlirdi
ki, cəhənnəmin düz ortasındayam... Ya da əsirlikdəyəm, mənə bu
işgəncəni, zülmü çəkdirən düşmənlərdi. Çünki normal adam heç düşməni ilə
də belə davrana bilməzdi. Bəzən günlərlə ac-susuz qalırdım. O, hətta
hamiləliyimi də nəzərə almırdı...”

Yeni doğulan uşaq
Zeynəb
ərinin əxlaqsız hərəkətlərindən sonra bir müddət onunla cinsi əlaqəyə
girməkdən imtina etsə də, Rasim onu dəfələrlə zorlayır:
"Rusiyada
yaşadığım müddətdə cəmi bir dəfə küçəyə çıxdım. Onda da sancılarım
başlamışdı. Məni doğum evinə apardı. Uşağım dünyaya gəldikdən sonra üç
gün xəstəxanada qaldım. Bir dəfə də yanıma gəlmədi. Yeni doğulmuş
uşağını görmək üçün növbəyə dayanan, arvadına gül dəstələri yollayan
kişiləri pəncərədən həsədlə seyr edirdim...
Xəstəxananı tərk edib
evə gəldik. Artıq döyülməyim üçün bir səbəb də yaranmışdı: uşaq
ağlamasın, uşağın səsi ona və məşuqələrinə mane olmasın... Belə yaşamaq
artıq mümkün deyildi. Uşağa süd verməliydim. Aclıqdan və stressdən südüm
quruyurdu... Günlərimi döyülərək keçirdim. Uşaq xəstələnirdi,
müayinəyə, peyvəndə aparmaq lazım gəlirdi, amma Rasimə bunu demək mümkün
deyildi. Yüksək qan təzyiqindən əziyyət çəkirdim...”
Bütün
bunlara baxmayaraq, Rasim öz çirkin əməllərini davam etdirib. Evdə içki
və narkotika məclisi davam edib. Rusiyada yaşadığı müddətdə Zeynəb
keçirdiyi əsəb gərginliyi, sarsıntılar nəticəsində diabet xəstəliyi
tapıb:
"Bəzən qonşuluqdakı qadınların mənə yazıqları gəlirdi.
Mənə yemək, uşağa öz uşaqlarının köhnə paltarlarını verirdilər. Uşağın
bir yaşı tamam olmaq üzrəydi, amma hələ "metrika”sı alınmamışdı. Zillət
çəkirdim. Uşaq hər dəfə ağlayanda Rasim özündən çıxırdı, bəzən elə
qışqırırdı ki, səsə qonşular yığışırdı. Doğma övladını yatağından
götürüb yerə çırpan atanı təsəvvür etmək çətindir yəqin ki...”
Həmsöhbətim
deyir ki, uşaq o vaxtdan beyindaxili xəstəlikdən əziyyət çəkir. Hətta
qadının iddiasına görə, bir ara Rasim uşağı satmağı da düşünüb. Zeynəb
ağlayıb- yalvarıb deyə, bu fikrindən daşınıb:
"Ərə getdiyim
gündən sonra  anamgillə cəmi dörd dəfə əlaqə saxlaya bildim. Hər dəfə də
qorxumdan vəziyyətimizin yaxşı olduğunu, xoşbəxt olduğumuzu deyirdim.
Çox qorxurdum. Əvvəla, anamgilin elə bir maddi imkanı yox idi ki, mənə
sahib çıxa biləydilər. Üstəlik, Rasimin qardaşlarıma bir xətər
toxunduracağından çəkinirdim. İstəmirdim ki, onları öz problemlərimlə
yükləyim. Valideynlərimin heç bir dəfə də olsun, gəlib məni yoluxmağa
yol pulları belə yox idi. Onlara nə deyə bilərdim?..”

Xilas günü
Günlərin
birində isə qəfil gələn qonaq onların rüsvayçı ailə münasibətlərini
aşkara  çıxarır. Azərbaycandan Nijni-Novqoroda gəlmiş uzaq qohumlarından
birinin oğlu Rasimlə birgə onlara qonaq gəlir. Evdə nə isə bir
anormallıq olduğunu, ərlə arvadın münasibətlərinin sağlam müstəvidə
olmadığını  anlayır. Rasim işə getdikdən sonra Zeynəbi dərdini danışmağa
məcbur edir. Həmin oğlan Bakıya qayıdan kimi Zeynəbin qardaşlarına
bacılarının başına gələnləri nəql edir. Rusiyaya gələn qardaşlarla Rasim
arasında insident yaşanır. Rasim onlara bacılarını da götürüb gedə
biləcəklərini, lakin uşağı verməyi düşünmədiyini deyir. Uşağı yalnız 6
000 dollar qarşılığında Rusiyadan çıxara biləcəklərini, yalnız pul
qarşılığında sənədləri imzalayıb razılıq verəcəyini bildirir.
Zeynəb
nəql edir ki, qardaşları həmin məbləği böyük çətinliklə toplaya
bilirlər. Rasim tələb etdiyi vəsaiti aldıqdan sonra da uşağı anasına
verməkdən imtina edir.
Zeynəbin qardaşları vəkil tutaraq
məhkəməyə müraciət edir. Məhkəmə  Zeynəbin xeyrinə, özü də bir günün
içində qərar çıxarır. Uşağın doğum haqqında şəhadətnaməsi alındıqdan
sonra Zeynəb oğlu ilə Rusiyanı tərk edə bilir...
Son
Zeynəb
hazırda oğlu ilə Bakıda yaşayır. Artıq müstəqil həyata qədəm bassa da,
yaşadığı məşəqqətlərdən, fiziki, psixoloji və mənəvi iztirablardan hələ
özünə gələ bilməyib. Övladı isə Uşaq Nevroloji Xəstəxanasının daimi
sakinidir. Dəfələrlər yerə çırpılan, anasının bətnində belə stresslərdən
kənar qala bilməyən körpənin sağlamlığı sual altındadır. Bakıya
gəldikdən sonra həkimlər uşağın sağ ayağında da problem olduğunu
aşkarlayıblar...
Hələ ki, qohumlarıgildə yaşayan, onların
himayəsinə sığınan Zeynəbin problemləri də davam edir. İndi o, özünə iş
tapmalı, özünü və oğlunu maddi cəhətədən təmin etməli, həm də... xəstə
uşağını müalicə etdirməlidir...
Bir qadının zərif çiyinləri bu qədər problemi daşıya biləcəkmi?..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!