Gözəlləşdirir, yoxsa öldürür?

Gözəlləşdirir, yoxsa öldürür?
Maraqlı məlumatlar
10.09.2017 21
Botulinumun 75 mikroqramı bir insanı öldürmək üçün kifayətdir

İnsan
gündəlik əhvalını üz mimikaları ilə daha yaxşı bildirir. Gülmək,
əsəbiləşmək, üzgün görünmək üçün üzdəki mimik əzələlərin rolu böyükdür.
İllər ötdükcə bu mimik əzələlər üzdə mimik qırışlar meydana gətirir.
Belə qırışlar isə insanlarda, xüsusən xanımlarda narahatlığa səbəb olur
və "gözəllik qurban tələb edir" prinsipinə əsaslanaraq müxtəlif
prosedurlara əl atılır. Belə prosedurlar isə hər zaman xoş nəticələr
yaratmır.
Alın və göz kənarındakı qırışlar insanı daha yaşlı
göstərdiyi üçün xüsusən bu qırışlardan şikayətlənən insanlar kifayət
qədərdir. Qırışların yaranma səbəbləri isə insanın üz dərisindən,
əzələlərin quruluşundan, yaşdan və bu kimi bir çox amillərdən asılıdır.
Çarə isə əksər insanlar üçün eynidir: Botoks.
Həkim kosmetoloq
Narınc Feyzullayevanın sözlərinə görə, bu gün botoksdan istifadə edən
insanlar kifayət qədərdir. Botoks tək qırışların deyil, eləcə də
həddindən artıq tərləmənin qarşısını almaq üçün istifadə olunur: "Mimik
qırışlardan qurtulmaq xanımlar üçün ən böyük arzudur. Lakin hər insan
botoksa ürək etmir. Təbii massajla da qırışlardan qurtulmaq mümkündür,
amma bu, uzunmüddətli prosedurdur. Ona görə, botoks hazırda ən çox tələb
olunan bir üsuldur. Botoks göz ətrafındakı qaz ayağı qırışlarında,
alındakı düz xətlərdə, boyundakı cizgilərdə, gülən zaman ağız ətrafında
yaranan qırışlarda istifadə olunur".
Tibbdə botulizm adlı bir
xəstəlik var. Bu xəstəlik üz əzələlərinin iflicidir. Bu xəstəlik nadir
yayılan bir xəstəlik olsa da realdır. Bədənə yayılan infeksiya zamanla
nəfəs yollarını iflic edir və nəticədə xəstə ölümə qədər gedib çıxır.
Həkim-kosmetoloq bildirir ki, özəl şirkətlər botulizmə səbəb olan
toksinləri Botoks markası altında satırlar. Kosmetologiyada da məhz bu
məhlullardan istifadə edilir: "Botulinum maddəsi həmin maddədir ki,
sinirlərə təsir edir və onların hissiyyatını itirir. Sinir hissiyyatının
azaldılması, yaxud tamamilə yox edilməsi də sinir vasitəsi ilə hərəkət
edən sahələrin iflicinə gətirib çıxarır. Botoks mimiki əzələlərə tətbiq
olunduqda əzələlərin hərəkəti zəifləyir. Zəifləyən əzələlər artıq
dərinin qatlanmasına şərait yaratmır və qırışlar da zamanla azalır. Bu
məddə az dozada dəriyə yeridilir və kiçik iflic olan sahədə
hamarlaşmalar müşahidə olunur".

Botoksdan əl çəkməyən xanımlarda
isə ağız ətrafında hissiyyatsızlıq yaranır ki, bu da ağız suyunun axması
zamanı hiss etməmək, eləcə də heç də xoş olmayan robot görünümü verir.
Botoksdan həddindən artıq tərləyən insanlar üçün də müalicə kimi
istifadə olunur. Üz qırışları qədər olmasa da bu problemə görə də
müraciət edənlər kifayət qədərdir. Botoks tər vəzilərinə yeridildikdə,
tər vəzisi ilə sinir ucları arasında əlaqə iflic olur. Bu da tər
vəzilərinin normadan artıq işləməsinin qarşısını alır. Ən çox ovucların
içinə tətbiq olunur.
N.Feyzullayevanın dediyinə görə, botoks
xüsusi iynələrlə tətbiq olunur və bu sahədə bacarığı, biliyi olmayan
naşı insanın etməsi xoşa gəlməyən halların ortaya çıxmasına səbəb olar.
Məhlul da üzdə xüsusi hissələrə düzgün yeridilməlidir: "Mimik əzələlərin
hərəkətlərində azalma olması istənilirsə, o zaman məhlul əzələlərin
arasına yeridilir. Nəticə 4-7 gün arasında özünü göstərəcək. Qalıcılıq
müddəti isə 6-7 aya yaxındır. Effektini itirməyə başladıqda isə həmin
sahəyə botoks yenidən tətbiq oluna bilər. Botoks bu sahədə təcrübəsi
olmayan insan tərəfindən tətbiq olunduqda həm nəticəsi olmaya bilər, həm
də qısa müddətli göz qapaqlarının sallanması müşahidə oluna bilər.
Tətbiq olunduğu zaman kiçik ağrılar olur, sonradan isə həmin sahədə
şişmə, qızarma, göyərmə ola bilər. Bu isə keçicidir. Ən pis halda isə
udma, danışma, nəfəs almada problemlər, bədəndə və gözlərdə zəiflik və
allergik problemlər ortaya çıxır".
İngiltərəli həkimlər isə bu
gün gözəl göstərən botoks tətbiqinin 10 il sonra real təhlükə olduğunu
bildirir. 10 il sonra botoksun fəsadları infeksiya və ağrılar kimi
ortaya çıxır. Həkimlər 2000-ci ilin əvvəllərində botoksdan istifadə edən
insanların indi fəsadlarla üzləşdiyini və 2020-ci ildə belə insanların
sayının dəfələrlə artacağını bildirirlər.
Kosmetoloq botoksun nə
vaxtsa fəsad verəcəyinin də bir ehtimal olduğunu bildirir və qeyd edir
ki, üzə yeridilən bütün maddələr, silikonlar nə vaxtsa fəsad vermə
ehtimalına malikdir: "Qeyd etdiyim kimi, botulinum ən zəhərli və
öldürücü maddələrdən biridir. Nəzərə alsaq ki, zaman keçdikcə botoksa
tələb artır, onda illər sonra keyfiyyətsiz və saxta botoks maddəsinin də
olması qaçılmazdır. Belə maddələrin fəsadlarının isə olacağı istisna
edilmir".
Elə hallar var ki, əzələlər qeyri-ixtiyari hərəkət
edir. Göz qapağının səyriməsi, hıçqırıq, tik xəstələri və s. Bu
toksinlər məhz belə halların qarşısını almaq üçün istifadəsi nəzərdə
tutulub, təxmini 25 il əvvəl laborotoriya şəraitində hazırlanıb və
istifadə dozası müəyyənləşdirilib. Müalicə məqsədi ilə istifadə olunan
bu toksin işə yarayıb. Zamanla göz ətrafının hamarlaşması müşahidə
olunub və bundan sonra bütün dünyaya yayılmağa başlayıb. Amma yenə də öz
təhlükəsini qoruyaraq.
Botulinumun 75 mikroqramı bir insanı
öldürmək üçün kifayətdir. Zəhərin 1 kilosu isə dünyadakı insanların
hamısını öldürəcək qədər güclüdür.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!