Virtual aləm ailələri dağıdırmı?

Virtual aləm ailələri dağıdırmı?
Maraqlı məlumatlar
10.09.2017 53
Eyni evi bölüşən şəxslər bir-birilə danışmağa vaxt ayırmırlar
Son illərdə sıx şəkildə istifadə edilən internet insanların həyatının vazkeçilməz hissəsinə çevrilib.
İnternet boşanmaların səbəbidirmi?
Bu gün internetdən müxtəlif məqsədlər üçün istifadə edilir. İnternetdə
ciddi iş əlaqələri, dostluq, əyləncə, oyunlar kimi çoxlarının istifadə
etdiyi saytlardan istifadə ilə yanaşı, hətta internet üzərindən qurulan
evliliklər, aldatmalar kimi hadisələrə də sıx rast gəlinir. İnternet
əslində faydalı sahələrdə istifadə müddətində çox faydalı bir
texnologiya vasitəsidir, ancaq zamanla internet asılılığı artmağa
başladı ki, insanın ətrafında tapa bilmədiyi məlumatı, yaxud əyləncəli
şəraiti internetdə tapması bu asılılıqda aktiv rol oynadı.
Ancaq internet istifadəsinin genişlənməsi bəzi problemləri də özü ilə
birlikdə gətirdi. Məsələn, dostluqlar artıq internet üzərindən davam
etdiyi üçün heç kim əvvəlki kimi birlikdə vaxt keçirməyə maraq
göstərmir. Bu vəziyyət isə insanların cəmiyyətdən təcrid olunmasına
gətirib çıxarır. Məsum bir şəkildə başlayan internet istifadəsində pis
niyyətli, maddi və digər məqsəd daşıyan minlərcə tələnin olduğu, onlara
qarşı diqqətli olmağın vacibliyi unudulmamalıdır. Əks təqdirdə sonu
peşmanlıq ilə bitən hadisələr də yaşana bilər.
Beləliklə, sosial mühit əksikliyi, vaxt azlığı və yaxud iş sıxlığı kimi
səbəblərlə interneti seçənlərin son zamanlarda sayı getdikcə artan
evlilik saytlarına da marağı sıxdır. Son illərdə sosial şəbəkələr və
televiziyalardakı evlənmə proqramları vasitəsilə qurulan evliliklər, son
bir neçə il içərisində evlilik məqsədilə yaradılan saytlarla daha da
artdı. Dünya miqyasında təxminən hər il 1 milyon insan məhz tanışlıq
saytları vasitəsilə evlənir. Mütəxəssislərin yaşana biləcək problemlər
səbəbilə internet vasitəsilə qurulan evliliklərdə diqqətli olunması
xəbərdarlıqlarına baxmayaraq belə saytların üzvlərinin sayı hər gün
artır.
Mütəxəssislərin fikrincə, insanlara yeni dostlar tapan, köhnə dostlarla
görüşdürən bu cür saytlar evlilikləri təhlükəyə gətirib çıxarır. ABŞ-da
hazırlanan bir məlumata görə, burada hər 6 boşanma ərizəsinin birində
"Facebook" adı öz əksini tapıb. Bu saytlar evliliklərdəki problemlərin
daha da böyüməsinə səbəb olur. Hətta mütəxəssislər belə fikirdədirlər
ki, internet asılılığı səbəbindən həyat yoldaşları bir-birinə qarşı
məsuliyyətsiz davranırlar. Bu gün bir faktdır ki, internet asılılığı
səbəbilə eyni evi bölüşən şəxslər bir-birilə danışmağa vaxt ayırmır,
vaxtın necə keçdiyini bilmədən, ekran qarşısında sabahı qarşılayır,
ailəsinə ayırmalı olduğu vaxtı internetə sərf edirlər. Bu gün dünyada
boşanmaq istəyən 10 ailədən 7-nin boşanma səbəbi kimi ailədə bir-birinə
olan marağın virtual aləmdə münasibətlərdən əldə etdiyini zənn
etməsidir.
Virtual aləm ailəni yarada da bilir, dağıda da
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi
Pərviz Əliyev də Milli.Az-a açıqlamasında təsdiq edir ki, bu gün
internet istifadəçilərinin sayı durmadan artır: "Ölkəmizdə də
istifadəçilərin sayı kifayət qədərdir. Lakin virtual aləm elədir ki,
orada təhqir və böhtana hansısa bir qanun və normanın tətbiqi mümkün
deyil. Ona görə də yaxşı olardı ki, insanlar orada yaxşı münasibət
qurmağa çalışsınlar. Eyni zamanda orada baş verənlər qarşılıqlı
münasibətdən irəli gəlir. Vitual aləmdə hər şey qarşılıqlı münasibətdən,
məsələn, etibardan asılıdır”.
P.Əliyevin sözlərinə görə, bu da bir faktdır ki, hazırda virtual
tanışlıq əsasında qurulan ailələr də var: "Burada tanış olub, ailə
qurublar və bu, normaldır. Ancaq yaxşı olardı ki, onlar daha dərindən
tanış olsunlar ki, bu məsələ sonra gətirib boşanmaya çıxarmasın.
Bir-birləri ilə virtual aləmdə tanış olduqdan sonra şəxsi həyatda daha
yaxşı tanımağa çalışsınlar. İlkin mərhələ üçün virtual olar, amma şəxsən
tanımalı, xarakterlərinin uyğunluğuna diqqət yetirməlidirlər. Əgər
bütün bunlar normaldırsa, xoşbəxt bir ailə mümkündür”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban
Zeynalova isə Milli.Az-a bildirdi ki, virtual aləm ailəni yarada da
bilir, dağıda da: "Virtual aləmi insanların bir-biri ilə canlı
ünsiyyətinə mane olan ən ciddi amil kimi qəbul edirəm. Rayon yerlərində
virtual aləmə qədəm qoyan qadınlar artıq düzgün qəbul olunmurlar. Lakin
məsələ virtual aləmin insanı mənfi yola çəkməsi deyil, yanlış
informasiyaların daxil olması, neqativ yükün çoxluğu və eləcə də insanın
bu çevrədən uzaqlaşa bilməməsidir. Hətta bununla bağlı artıq müəyyən
karikatura da yaranıb. Mən hesab edirəm ki, virtual aləm bəzən ailələrin
də xoşbəxtliyini əlindən ala bilir. Yersiz qısqanclıq, söz-söhbətlər,
yersiz təkliflər də baş verir. Amma təbii ki, virtual aləm vaxt
baxımından iş üçün ən əlverişli vasitədir. Lakin biz daha çox ifrata
varmağı sevdiyimizdən bu çərçivələri özümüz üçün müəyyən edə bilmirik.
Biz informasiya bolluğunda bəsitləşirik”.
Ailədə inam hissinin itməsi evlilik üçün bir travmadır
Psixoloq Rəna Muxtarova Milli.Az-a dedi ki, internet asılılığının
yaranması ailəvi problemlər, iş və müvəffəqiyyətin səmərəsinin aşağı
düşməsinə gətirib çıxarır, sonrakı mərhələdə isə həmin şəxs özünü
psixoloji problemlərin içərisində tapa bilər:
"Bu böyük təhlükənin fərqinə varmaq və bunun xəstəlik olduğunu çox yaxşı
dərk etmək lazımdır. Son illərdə internetin sürətlə yayılması evli
insanların yaşadığı problemlərin arasına birini də əlavə edib. Bu,
internetdə əks cinslə söhbət etməkdir. Məsələn, kişilər öncə maraq
hissiylə yeni insanlarla tanış olub özünü gizlədərək sonra daha sıx
danışmağa və nəhayət, yoldaşlarını aldatmağa başlayırlar. Ümumiyyətlə,
əks cinslə internetdə danışma marağının ən böyük səbəbi həyat yoldaşları
arasındakı ünsiyyətsizlikdir”.
Son vaxtlar insanların yaxınlıq qurmaq, maraq, rəğbət hisslərini
itirdiyini deyən psixoloqun fikrincə, xüsusilə də bu, iri şəhərlərdə,
insanların evli olmasına baxmayaraq özlərini yalnız hiss etdikləri
mühitlərdə baş verir:
"Virtual aləmdə tanımadığı insanlarla sərhədsiz mövzuda danışmaq
insanlara maraq və macəra duyğuları yaşadır. Bu gün evli şəxslər daha
çox boşanmaq üçün "sözümüz uyğun gəlmir” şikayətilə müraciət edirlər,
çünki bir-birlərinin ehtiyaclarını aradan qaldıra biləcək şəkildə
ünsiyyət qura bilmirlər. İri şəhərlərdə insanlar davamlı çalşır və hər
iki tərəfin çalışması vəziyyəti daha da çətinləşdirir. Bu zaman həyat
yoldaşından görmədiyi yaxınlığı virtual bir insandan görən kişi, yaxud
qadın artıq fikrini ona yönləndirir. Ailəsinə laqeyd yanaşır ki, bu
üzdən də boşanırlar. Digər tərəfdən baxsaq, bir növ bu cür problemlər
onlara evliliklərini gözdən keçirmələri üçün bir fürsətdir ki, onlar
münasibətlərini düzəldə bilərlər. Ancaq inam hissi itibsə, onu bərpa
etmək çox çətindir. Bu vəziyyət evlilik üçün bir travmadır”.
Psixoloqun sözlərinə görə, sürətlə yayılan internet asılılığının mənfi
təsirlərindən qurtarmaq üçün ən önəmli vəzifə yenə həyat yoldaşlarının
üzərinə düşür: "Onların bu asılılıq növünün də digər xəstəliklər kimi
bir xəstəlik olduğunu bilmələri, ona görə qarşılıqlı hörmət nəticəsində
aradakı bağı qüvvətləndirmələri lazımdır. Məsələ böyüdükcə və müdaxilə
edilmədikcə təhlükəli və qalıcı probemlərə səbəb ola bilər. İnternet
asılılığına əhəmiyyət vermək atılması lazım olan ilk addım kimi bir
psixoloqa müraciət etməkdir. Psixoloq internet asılılığına təsir edən
səbəbləri ortaya qoyaraq problemlərin çözümündə yardımçı olur. Ancaq
hədsiz dərəcədə bir ruhi problem varsa, dərman müalicəsi də lazım ola
bilər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!