Gənclər geyim mədəniyyətinə niyə əməl etmirlər?

Gənclər geyim mədəniyyətinə niyə əməl etmirlər?
Maraqlı məlumatlar
10.09.2017 17
Abırlı geyinmək insanı ağayana, kübar göstərir



Əgər
əvvəllər açıq və dar geyimləri çox vaxt gənclər geyinirdilərsə, bu gün
kifayət qədər orta və daha yaşlı xanımlar da şalvar, sarafan və mini
yubka geyinirlər. Çox açıq geyinmələrinin səbəbini soruşanda isə bunu
dəblə əlaqələndirirlər. Həm də xanımlar bu cür geyimlərdə yalnız
istirahətə və ya əyləncələrə deyil, təhsil müəssisələrinə, iş yerlərinə
də gedirlər.



Bakı sakini Aynur Xəlilova satışda olan geyimlərin
çox açıq olmasından şikayət edir: "Son zamanlar mağazalarda dəbə uyğun
bağlı geyim tapmaq olmur. Geyimlərin hamısı dar və ya çox qısa olur.
Xüsusilə də yayda əksər kofta və donlar sinəsi açıq və nazik iplidirlər.
Bu səbəbdən də açıq geyinənləri qınamıram. Ona görə ki, hansı geyimi
satırlarsa, o geyimi də alıb geyinirik".



Ali məktəb tələbəsi
Vaqif Kərimovun sözlərinə görə isə açıq-saçıq geyinənlər arasında
rayondan və ya kənddən yenicə gələn qızlar çoxdur: "Belə ki, onlar
şəhərdə hamının açıq geyindiyini düşündüyü və onlarla ayaqlaşmaq
istədiyi üçün açıq geyimlər geyinərək özlərini dəbli göstərmək
istəyirlər. Nəticədə isə həddini aşır və geyimlərində ifrat dərəcədə
açıq-saçıqlığa yol verirlər. Çox vaxt da şəhərə tək gələn qızlar heç
kimin onları tanımayacaqlarından istifadə edib açıq geyinir və çox
makiyaj edirlər. Düşünürəm ki, bu cür davranmaları geyim mədəniyyətimizə
xələl gətirir" deyən həmsöhbətimiz ümumiyyətlə, açıq-saçıq geyinənlər
üçün cərimə tətbiq edilməsinin tərəfdarıdır.



Hüquqşünas Ramil
Qaçayev isə deyir ki, ölkədə açıq-saçıq geyimə görə cərimə tədbiq
olunmasa da, müəyyən şirkətlərin nizam-intizam qaydalarına görə
açıq-saçıq geyimlər qadağan edilə bilər: "Belə ki, qaydalara uyğun
olaraq işçilər açıq geyindiyi üçün töhmət oluna və ya işdən qovula
bilərlər. Adətən bank kimi ciddi iş yerlərində işçilərdən işgüzar
üslubda geyinmək və etik normalara riayət etmək tələb olunur. Təhsil
müəssisələrində, bəzi iş yerlərində geyim mədəniyyətinin gözlənilməsi
tələbi qoyula və ya geyimdə müəyyən forma tətbiq edilə bilər".



R.Qaçayev
bildirib ki, geyimə görə vətəndaşları hansısa çərçivəyə salmaq və ya
geyimin açıqlığında müəyyən həddin gözlənilməsini tələb etmək düzgün
deyil: "Bir sıra şirkət və ya təhsil müəssisələrinin daxili nizam
qaydalarında geyimlə bağlı məhdudiyyətlərin qoyulması normaldır. Lakin
gündəlik həyatda vətəndaşlar istədiyi kimi geyinə bilərlər. Yəni ki, hər
bir şəxsin istədiyi kimi geyinməyə hüququ var. Qanun buna icazə verir"
deyən hüquqşünasın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində geyimlə
bağlı vətəndaşların cərimə olunması və ya məsuliyyətə cəlb olunması
nəzərdə tutulmur: "Vətəndaşlar ictimai yerlərdə geyimsiz gəzdiyi halda
isə bu ictimai asayişin pozulması kimi qiymətləndirilir. Geyimsiz evdən
çıxan və bu cür vəziyyətdə küçədə gəzənləri isə polislər saxlamalıdır.
Bu tərzdə ictimai yerlərdə görünən adamları məhkəməyə də vermək olar.
Geyimdə açıq-saçıqlığın həddinin gözlənilməsi, minimum geyimin nə qədər
olması isə qanunvericilikdə göstərilmir".



Sosioloq Əhməd
Qəşəmoğlunun sözlərinə görə, açıq-saçıq geyimlərə qadağa qoya bilmərik:
"Çünki bizim ölkəmiz demokratik bir dövlət imicini formalaşdırır. Yaxşı
olar ki, biz bu sahədə daha çox maarifləndirməyə və daha çox mənəvi
inkişafa diqqət verək. Ona görə ki, mənəvi inkişafımız lazımi şəkildə
olsa, geyim məsələsi öz-özünə tənzimlənəcək. Gənclərimiz bilməlidirlər
ki, abırlı geyinmək onları daha kübar, ağayana və ya xanım-xatun
göstərir. Bunu anlasalar geyimin açıqlığı ilə bağlı problemlər həll
olunacaq".



İnsanların açıq-saçıq geyimi ilə bir-biri ilə sanki
yarışdığını deyən Qəşəmoğlu bildirib ki, bunun qarşısını almaq üçün
ictimai qınağın olması vacibdir: "Yaxşı olar ki, insanlar açıq-saçıq
geyimləri ilə deyil, mənəvi keyfiyyətləri ilə yarışsınlar. Belə ki,
mənəvi amilərin ön planda olması geyim məsələsini də tənzimləyir. Mənəvi
məsələlərə diqqət azalanda isə gənclər öz xarici görünüşü, bəzəkləri,
malik olduğu maddiyyatı ilə yarışırlar".



Müsahibimiz qeyd edib
ki, Azərbaycanda açıq-saçıq geyimlərin yayılmasının bizim
milli-mənəviyyatımızın inkişafına nə dərəcədə kömək etdiyini və ya ziyan
vurduğunu aydınlaşdırmaq lazımdır: "Həm də gənclər başa düşməlidirlər
ki, açıq-saçıqlıq cəmiyyətdə rahatlıq, yoxsa narahatlıq yaradır.
Məsələn, hər bir qız cəmiyyətimizin açıq-saçıq geyimə müsbət münasibət
göstərmədiyini və açıq-saçıq geyimin onların karyerasına, ailə qurmasına
da mənfi təsir göstərdiyini anlasa, təbii ki, geyimdə mədəniyyəti
gözləyəcək. İctimai qınaq da bunun qarşısını alacaq".



Onun
dediyinə görə, açıq-saçıq geyinmək neqativ haldır və bu rəğbətlə
qarşılanmır. Çünki bu, müxtəlif aspektlərdən mənəviyyatın aşınmasına da
təsir edir.//EksPressскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!