İnternetlə evlənmə: real, yoxsa virtual? - ARAŞDIRMA

İnternetlə evlənmə: real, yoxsa virtual? - ARAŞDIRMA
Maraqlı məlumatlar
10.09.2017 10
Virtual
tanışlıq və bu tanışlığın evliliklə nəticələnməsi ilə bağlı son vaxtlar
çox eşidirik. Bu evliliklərin bəziləri normal qaydada davam edir,
bəziləri isə qısa müddətdən sonra dağılır. Maraqlıdır, bir çoxumuzun
ittiham etdiyi kimi, virtual məkan tanışlığı evliliyin təməl daşını
sarsıdırmı? Yaxud, insanlar evliliyini qoruya bilməyəndə günahı virtual
tanışlıqda görürlər? Milli.Az bu dəfə virtual tanışlıqların nəticəsində
qurulan evliliklərdən yazır.



İnternet bizə nə verdi?



XXI
əsrdə texnologiyanın inanılmaz sürətli inkişafı bizə öz mənfi və
müsbətləri ilə çox şeyi bəxş etdi, onun verdiyi bilik sayəsində bizim
hər il yüzlərlə gəncimiz yüksək qiymətlərlə xaricə təhsil almağa
göndərildi, onun sayəsində informasiya bazamız genişləndi. İnternetin
inkişafı isə bizə həm müsbət, həm də mənfi mənada təsir etdi. Kimimiz
onu yaxşı məqsədlər üçün istifadə etdik, kimimiz zərərli vərdişlərə
qurşandıq. Hətta internet həyat yoldaşı seçməyimizə də kömək etdi,
yüzlərlə ailə quruldu onun sayəsində, yaxşısı da oldu, pisi də. Biz
pislərdən nəticə çıxardıq, yaxşıları örnək götürməyə çalışdıq və bizim
də aramızda elə insanlar oldu ki, öz yarını məhz bu internetin sayəsində
tapa bildi.



Ölkəmizdə
internetin yeni istifadəsi illərində bu kimi tanışlıqlar o qədər də
önəmli hesab edilmirdi. Daha doğrusu, o vaxt bizim internet məkanında
bunun üçün saytlar yox idi. Vaxt var idi, insanlar üzbəüz ünsiyyətdən
zövq alırdılar, amma indi virtual ünsiyyət daha cəlbedicidir. İnsanlar
virtual məkanda hisslərini daha yaxşı ifadə etdiklərini deyirlər.
Psixoloq və sosioloqlar bunu ünsiyyət problemi ilə əlaqələndirirlər.
Hətta bəzi sosioloqlar internet vasitəsi ilə ünsiyyəti fərdin real şəxsi
ünsiyyət qurmasında ən böyük maneə hesab edirlər.



Cəmiyyət ikitirəli düşünür



Bu
yazımız üçün sosial şəbəkələrdən birində sorğu keçirdik. "İnternetdə
tanış olub evlənərdinizmi?" sualına 26 nəfərdən cavab gəldi - onlardan
12-si "evlənərəm, əsas olan sevgidir" variantını seçdi, 5 nəfər "bəlkə
də evlənərəm" deyə tərəddüd etdi, 9 respondent isə "qətiyyən evlənmərəm"
variantına səs verdi.



İnternet
vasitəsi ilə tanış olub evlənənlərin sayı artdıqca, bu məqsədlə
yaradılan tanışlıq saytlarının sayı da artır. İndi bizim ölkəmizdə də
onlarla bu cür sayt fəaliyyət göstərir. Onların arasında sadəcə qadınlar
üçün olan saytlar da var, hamı üçün nəzərdə tutulanlar da.



Düzdür,
yaşlı nəsil gənclərin duyğu, düşüncələrini virtual deyil, bir-birinin
gözünə baxaraq, səslərini dinləyərək etiraf etmələrinin tərəfdarıdır.
Amma gənc nəsil virtual məkanda hissləri daha yaxşı ifadə etdiyi
qənaətindədir.



Evlilik təklifini internetdən edənlər



Sosioloqlar
bildirirlər ki, internetdə tanış olub evlənmək istəyən cütlüklərin
əlaqələrinin 89%-də bu, istək olaraq qalır. Çünki onların ətrafındakılar
bu kimi qərarlara hələ hazır deyillər. İnternetdə heç tanımadığınız
biri ilə tanış olub, onunla evlənmək bir yana, onunla ilk görüşə belə,
içinizdə qorxu və narahatlıq olaraq gedirsiniz. Çünki onu indiyədək
yalnız internetdən, virtual olaraq tanımısınız. Hətta sizə evliliyi belə
internetdə yazışanda təklif edib.



Psixoloqlar
isə deyirlər ki, internet tanışlığının tezliklə evliliyə çevrilməsi
yolverilməzdir. Çünki insanlar bir-birini tanımadan belə bir qərar
verməklə həm özlərinin, həm də gələcəkdə bu ailədə doğulacaq
uşaqlarının problemlərinin təməlini qoymuş olurlar.



Neçə
illər bir-birini tanıyan, hətta 3-4 il nişanlı qalan cütlüklər belə
evlilik zamanı problemlər yaşayırlar. O səbəbdən də, psixoloqlar
internet tanışlığını tezliklə evliliklə nəticələndirməyi doğru
saymırlar. Hər iki tərəf bir-birinə yetəri qədər zaman ayırmalı, virtual
məkanda olduğu kimi, real həyatda da bir-biri ilə söhbətdən qaçmamalı,
bir-birinin haqqında hər şeyi öyrənməlidirlər.



Evlilik qərarı verənlərin real ünsiyyəti daha önəmlidir



Üz-üzə
ünsiyyət insanlara daha çox xeyirlidir, qarşındakının gözlərinə baxmaq,
hisslərini duymaq, hərəkətlərindən nəticə çıxarmaq kimi bir üstünlüyü
var. Virtual söhbət yoldaşının isə qadın, yaxud kişi olmasına da bəzən
əmin ola bilmirsən. Düzdür, münasibətlər irəlilədikcə onun kimliyini
öyrənirsən, lakin hisslərindən yenə də əmin ola bilmirsən, içində həmişə
"bəlkə" olur.



Qarşılıqlı
ünsiyyət zamanı səs tonu, söhbət mədəniyyəti, davranış kodeksləri,
bədən dili, ünsiyyət tərzi kimi bir çox faktorlar göz önündə olur, onlar
doğru qərar verməkdə yardımçı olur. Bu, bütün hallarda virtual
dünyadan, bir monitorun ekranında oxunan yazılı mesajlardan və
ünsiyyətdən daha realdır.



Düzdür,
internet tanışlığının sonu gerçəkdən tanışlıqla bitir, uzun müddətdir
tanıdığınız virtual dostunuzu realda da görürsünüz, sizin onun barədə
fikirləriniz ya olduğu kimi qalır, ya bütün düşüncələriniz alt-üst olur,
ya da gözlədiyinizdən daha yaxşı nəticə baş verir. Virtual məkan
dostluqları önəmlidir, amma bu dostluq evliliyə çevriləcəksə, daha
diqqətli olmaq şərtdir.



"Bizdə internetə girən qızlara normal baxmırlar"



Müsahibim
Bakı sakini, 32 yaşlı Emin Həsənlidir. O, evlənməyə hazırlaşır, gələcək
həyat yoldaşını isə qadın saytlarından birində bəyənib. İndi
nişanlıdırlar, bu yaxınlarda toyları olacaq. Eminə "Virtual tanışlığın
evliliklə nəticələnməsi niyə qəribə qarşılanır?" deyə bir sual
ünvanladım, bu da onun cavabı:



"Məncə,
bunun səbəbini yalnız virtual aləmlə bağlı düşüncələrin içində axtarmaq
lazımdır. Bizdə belə bir rəy formalaşıb artıq, internetə girən qızlara
normal baxmırlar. Sanki onlar bir qayda olaraq buraya ər axtarmağa,
sevgili tapmağa, vaxt öldürməyə gəlirlər. Mənə həmişə maraqlı gəlib,
niyə bizim kişilər küçədə, bayırda, parkda gördükləri qızı normal qəbul
edir, ona aşiq ola bilir, evlənə bilir, amma mənəvi təlabatını ödəmək
üçün, zamanını səmərəli keçirmək üçün, intellektini artırmaq üçün
internetə daxil olan qızlara fərqli münasibət bəsləyirlər? Çünki çox
adam fikirləşir ki, əgər qız internetdən istifadə edirsə, onda mütləq
əxlaqsızlıq edir. Kim özü internetdən nə cür istifadə edirsə,
başqalarını da özü kimi bilir".



Emin
bəydən "Qohumlarınız virtual məkanda tanış olduğunuz qızla həyatınızı
birləşdirmə istəyinizə problem yaratmadılar ki?" deyə soruşdum, "Mən heç
bir qohumumun işinə qarışmamışam evlənəndə, əgər könlüm məhz virtual
məkanda gördüyüm birinə qonubsa, qohumlarım da bunda problem görməzlər.
Önəmli olan anamın fikri idi, o, sevdiyim qızı gördü, bəyəndi", - deyə
cavab verdi.



Virtual tanışlıq ekspertlərin gözü ilə



Sosioloq
Əhməd Qəşəmoğlunun dediyinə görə, son dövrlər virtual tanışlıqdan ciddi
münasibət gözləyənlərin sayı çoxalıb, ona görə də bəzi gənc qızlar və
orta yaşlı qadınlar böyük ümidlə virtual tanışlıqla ailə qurmaq
ümidindədirlər:



"Onların
əksəriyyətinin kompüter almalarında, internetə qoşulmaqlarında əsas
səbəblərdən biri budur. Amma təəssüf ki, bu ümid çox az hallarda
doğrulur. Virtual tanışlıq, sevgi münasibətləri əksər hallarda daha çox
mənəvi-əxlaqi aşınmalara səbəb olur. Amma bəzi hallarda bu, uğurlu
evliliklə də bitir. Qeyd etmək lazımdır ki, bizim kişilər virtual
tanışlığı heç də ciddi qiymətləndirmirlər. Çox az halda bu münasibəti
ciddi qəbul edirlər. Hələlik virtual eşq məcaraları əksər hallarda çox
ziyanlı bir oyun xarakteri daşıyır”.



Psixologiya
və konsultasiya mərkəzinin psixoloqu Ülkər Nadirova deyir ki, bu
məsələyə əsasən yaşlı nəsil, yəni internetə və yeniliyə öyrəşməyən və
onu qəbul etməyən təbəqə neqativ yanaşır:



"Bir
də yaşlı nəslə oxşamaq istəyən konservant cavanlar və yaxınlarının,
tanışlarının həyatında virtual tanışlıqdan zərər cəkən insanlar buna
neqativ yanaşa bilərlər. Amma bildirmək istəyirəm ki, tanışlığın necə və
harada baş verməsi vacib deyil. Önəmli olan tanış olan insanların bu
tanışlıqdan nələr gözləməsidir. Amma artıq bu fikir normal qarşılanmağa
başlanır, çünkü ətrafda bu tanışlıqdan xoşbəxt ailə həyatı quran
gənclərimiz də az deyil”.



Beləliklə,
müşahidələrdən və söhbətlərdən görünür ki, əvvəllər internet tanışlığı
ilə evlənməyə mənfi baxanlar çox az idisə, indi düşüncələrini
dəyişənlərin sayı artıb. Son illərdə bu tendensiyanın güclənməsi hiss
olunur. Ümumiyyətlə, tanışlıq yolları müxtəlif ola bilər, amma əsas
məqsəd eynidir - hər kəs özünə uyğun həyat yoldaşı tapmaq istəyir və
bunu bütün mümkün vasitələrlə reallaşdırmağa çalışır

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!