Qadınlar üçün Mentalitet nədir?

Qadınlar üçün  Mentalitet nədir?
Maraqlı məlumatlar
10.09.2017 21
Elə suallar var ki, bir yox, bir neçə cavab tələb edir. «Mentalitet
nədir?» sualına cavablardan biri də mənə görə belədir: «Mentalitet —
cəmiyyətin inkişafına mane olan yazılmamış qanunlar yığnağıdır».
İstənilən problemli quruluş, xalqın etimadını itirmiş, xalqın etimadını
itirməkdə olan hakimiyyət milliliyi, ibtidailiyi təbliğ edir. Belə
quruluşlara mütləq xarici duşmən lazımdır ki, bütün problemləri onların
üstünə atsınlar. Səsini çıxarana, ifadə azadlığı tələb edənlərə «vətən
dardadı, indi vaxtı deyil» — deyə bilsinlər.
Son illərdə meyxananın, muğamın, ibtidailiyin kəskin təbliğ olunması heç
də təsadüfi deyil. Mentalitet gücə yaltaqlanmağa meyllidir. Elastikdir.
Mentalitet gücə yaltaqlanmağı asanlıqla əsaslandırmağı bacarır. Özündən
vəzifəcə böyüyə, pulluya yaltaqlanıb adını da «hörmət edirəm» qoyacaq.
Bəşəri dəyərlər, insaniyyətlik qalır kənarda, insanlar öz
münasibətlərini ibtidai qaydalarla tənzimləyirlər. Nəticədə abstrakt
qeyrət anlayışı demokratiya, inkişaf, tərəqqi anlayışlarından irəli
çıxır. Belə olduğu halda bir çox insanlar qeyrətli olmağı demokratiya
uğrunda mübarizə aparmaqdan, öz haqlarını tələb etməkdən daha üstün
tuturlar. Çünki indiki vəziyyətdə qeyrətli olmaq həqiqi vətəndaş
olmaqdan daha asan başa gəlir. Bir qadının qeyrətini çəkməklə, ona
nəzarət etməklə, arada zəng edib qadının harda olduğunu soruşmaqla bir
kişi kimi məsuliyyətdən azad olduğunu düşünürlər. Sanki daha ölkədə heç
bir problem yoxdur, hər şey qaydasındadır. Doğurdan da, necə də asandır.
Bir qadın vasitəsiylə kişi olduğunu bütün aləmə sübut edə bilərsən.
Bununla bərabər rüşvət almaq, baş verənlərə göz yummaq da olar. Üstəlik,
öz əməllərinə «bacarana can qurban», — kimi sözlərlə haqq qazandırıb,
başqalarını da həvəsləndirə bilərsən.
Mentalitet şəxsən mənə bir az xoşbəxt olmağa imkan vermədi. Bu ölkədə
iki bir-birini istəyən adam bir yerdə yaşamaq qərarı verdisə, əlli
milyonluq Azərbaycan xalqı birləşərək bütün güclərini səfərbər edib,
onlara mane olacaqlar. Biri deyəcək, burda mənim anam-bacım yaşayır və
s. Yaxud hansısa rayona təmiz hava almağa gedəcəksən, oteldə səndən
nikah kağızı tələb edəcəklər. Halbuki beş-altı kişi bir otaqda rahat
qala bilər və qalırlar da… Bir kişinin və bir qadının bir otaqda qalması
isə qıcıq doğurur. Əslində tərsinə olmalıdır.
Hər kəs bacardığı qədər başqasının həyatına müdaxilə edir. Ev tapırsan,
qız tapılmır, qız tapırsan, ev tapılmır. Nəticədə hərə bir tərəfdə
əzab-əziyyət çəkir. Gərginlik, aqressiya, başqasının münasibətinə xələl
gətirmək vərdiş halını alır. Sanki bu adamların yaşadığı ölkədə səhiyyə,
ordu, təhsil bərbad gündə deyil. Gedib öz haqlarını tələb etmək, bir
vətəndaş kimi ölkədə baş verən hadisələrə münasibət bildirmək əvəzinə,
binanı, məhəlləni "çujoy«dan qoruyurlar. Adamları güdürlər. Doğurdan da
yaşadığın binanın qeyrətini çəkmək bir ölkənin qeyrətini çəkməkdən
qat-qat asandır.
Qeyrəti demokratiyadan üstün tutanların anlayışına görə, əgər iki adam
bir yerdə yaşamaq istəyirsə, onlar mütləq xalqın diqtə etdiyi
rituallara, adətlərə əməl etməlidirlər. Nişan, xınayaxdı, toy, boz və
mənasız məclislər… Təəssüf ki, bu rituallara əməl edib xoşbəxt olmaq
mümkün deyil. Saxtakarlıqla müşahidə olunan bu boz məclislər, bu iyrənc
adət-ənənələr, xınayaxdı, nişan, cehiz adı qoyulmuş bu talançılıq ən
təmiz ürəkləri, ən saf sevgiləri belə murdarlamağa qadirdir.
Onsuz da həyat fanidi. Biz çox ağır şərtlər altında yaşayırıq. İmkan
vermirlər ki, bir-birini qiymətləndirən, bir-birini sevən iki adam rahat
yaşasın. Həmən böyük bir insan ordusu hərəkətə keçərək, bütün
qüvvələrini sevən iki şəxsə qarşı səfərbər edirlər. Mütləq onları öz
oyunlarına çəkirlər. Oyunun nəticəsi isə budur: „Siz mütləq bədbəxt
olmalısınız".
Misima deyir: „Xoşbəxtlik məlum olduğu kimi, tez xarab olan ərzaqdır, onu yoxa çıxmamış həzm eləmək lazımdır".
Seymur Baycanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!