Azərbaycanda internet evliliyi: yaxşı, yoxsa pisdi?

Azərbaycanda internet evliliyi: yaxşı, yoxsa pisdi?
Maraqlı məlumatlar
10.09.2017 22
Son
zamanlar gənclərin böyük faizi bir çox işlərini oturduqları yerdən
internet vasitəsilə həll etdikləri kimi, ailə quracağı insanı da
internet vasitəsilə tapırlar.
 
Əvvəllər
internetdən istifadə edilməsinə mənfi düşüncə ilə baxan gənclərin bir
çoxu, artıq, internetdə qız və ya oğlan tanışı olmayan yoldaşlarına
təəccüblə baxırlar. Araşdırmalar nəticəsində məlum olub ki, hər il
dünyada bir milyon insan internet vasitəsilə tapdığı partnyorla ailə
həyatı qurur. Bu tendensiyanın geniş yayıldığı ölkələr siyahısına ABŞ,
İsveçrə və bir neçə Avropa ölkəsi başçılıq edir. Çox təəccüblü olsa da,
qeyd edək ki, İran da bu siyahıda öndə gedən dövlətlər içərisindədir.
Azərbaycan hələ ki, bu mövzuda öndəgedən ölkələr içərisində yer almasa
da, internet vasitəsilə qurulan ailələr də yox deyil. Bu ailələrdən
birini qəzetimiz vasitəsilə sizinlə də tanış etmək istədik.
 
"İlk günki kimi, hər şey gözəldir”
 
Arzu
Şiriyeva adlı vətəndaşımız internet vasitəsilə tanışlıq nəticəsində
ailə qurub. Onun hal-hazırda evli olduğu Elvin Şiriyevlə tanışlığı belə
olub: "Biz 2010-cu ildə tanış olduq. Bir il müddətində aramızdakı məsafə
uzaq olduğu üçün sadəcə internet vasitəsilə əlaqə saxlaya bildik və bu
müddətdə də sevgili olduq. 2012-ci ildə isə evləndik. Hal-hazırda
qızımız var və ilk günki kimi hər şey gözəldir”. Arzu xanım internetdə
hər adama inanmağın doğru olmadığını bildirdi: "Biz bir-birimizlə əlaqə
saxladığımız zaman ilk vaxtlar sadəcə vaxt keçirmək üçün əlaqə
saxlayırdıq. Amma sonralar fikrimiz ciddiləşdi. Əsas olaraq həyatdakı
hədəflərimiz və qarşı tərəfdən nə gözlədiyimizlə bağlı düşüncələrimizi
öyrəndik və bir-birimizin əskiklərini tamamlamağa çalışdıq”. Ailə
narazılığına gəlincə, gənclərin heç birinin valideyni bu evliliyə mane
olmayıb. Gənc ailənin bu yolla evlənmək istəyən gənclərə də nəsihətləri
oldu: "Biz interneti gözümüzdə o qədər böyütmüşük ki, elə bilirik
internetdən istifadə edənlər yanlış yoldadırlar. O qədər real həyatda
tanış olub aldananlar var ki... Ancaq gənclər düşünməsinlər ki, hər
tanışlıq belə müsbət sonluqla bitər. Gərək diqqətli olsunlar. Xüsusilə
də, gənc qızlar, atacaqları addımda diqqətli olsunlar. Kor-koranə
atdıqları addım, həyatları bahasına başa gəlməsin”.
 
Gənclər bu məsələyə necə baxırlar?
 
Bir
neçə gənc arasında keçirdiyim sorğu, nəticə etibarilə internet
vasitəsilə həyat yoldaşı tapmağın normal olduğu qənaətini verdi. Xuraman
Yusifli adlı gənc müsahibimiz internetin hər kəsin düşündüyü qədər də
təhlükəli olmadığını dedi: "İndi hər kəs internet istifadəçisidir.
Xüsusilə də, gənclər. Elə internetdən yanlış şeylər üçün istifadə edən
gənclər də beyinlərdə "internet insanı yanlış yola sürükləyir” damğasını
vururlar. Xeyir, məncə elə deyil. Bu yolla tanış olub evlənmək yanlış
deyil. O halda ki, hər iki tərəf ciddi fikirdə olsunlar. Ancaq, bu da
hər zaman alınmır. Çünki bəzən vaxt öldürmək üçün bu yola əl atan
insanlar da olur. Düşünürəm ki, əgər ciddi fikirdə olan belə cütlüklər
vaxtı uzatmadan görüş təyin edib, ailələrə fikirlərini
bildirməlidirlər”.
 
Adının
çəkilməsini istəməyən həmsöhbətlərimizdən biri də bu yolla tanış olub
ailə həyatı quran gənclərin bu addımına çox normal münasibət bəslədiyini
bildirdi: "İnternet vasitəsilə tanış olmaq pis addım deyil. Burada əsas
olan görüş zamanından sonrakı müddətdir. Belə ki, qarşı tərəfin bu
məsələdə nə dərəcədə ciddi olub-olmadığı, onunla görüşdüyünüz zaman
ortaya çıxacaq. Ona görə də, bir müddət sonra, vaxtı uzatmadan qarşı
tərəflə görüş təyin edib, onu tanımaq doğru addım olardı”. "Niyə
insanlar tanışlıq vasitəsilə mümkün olduğu halda, virtuala daha meyilli
olurlar” sualımıza müsahibimizdən maraqlı cavab aldıq: "Ola bilsin ki,
kompleksli olduğu üçün üz-üzə gələndə özünü ifadə edə bilmir və
gizlənməyə çalışır. Tanışlığın müəyyən səviyyəsindən sonra görüşmək üçün
hazır olur və düşüncələrini üz-üzə belə bölüşə bilirlər. Ona görə də bu
çox normaldır. Təbii ki, bu həqiqətən də, evlilik niyyəti ilə əlaqə
saxlayan gənclərə aiddir”.
 
"Əvvəllər qurulan ailələrin təməli güclü olardı” 
 
İnternet
tanışlığı nəticəsində evliliyə müxalif fikirlə çıxış edənlər də oldu.
Adının çəkilməsini istəməyən digər bir internet istifadəçisi gününün
böyük hissəsini internet qarşısında keçirsə də, internetlə evliliyə
müsbət yanaşmadığını dedi: "Evlənmək üçün biz insanlar niyə internetə
baş vuraq ki? Bunun üçün bütün yollar bağlanıb ki? Necə ola bilər ki,
bir insan hər gün gördüyü insanları qoyub, görmədikləri arasından özü
yar axtarır? Əvvəllər qurulan ailələrin təməli güclü olardı. Çünki,
gənclər həm ailənin rızası ilə evlənirdi, həm də onların məsləhəti ilə
seçdikləri insanla ailə qururdular. Ona görə də, indi qurulan ailələrin
təməli zəif olur və müəyyən müddət sonra boşanmaya qədər gəlib çıxır”.
Qeyd edək ki, yaşlı nəsil də gənclərin duyğu və düşüncələrini virtual
deyil, bir-birinin gözünə baxıb, səslərini eşidərək etiraf etmələrinin
tərəfdarıdır.
 
"Ailəm”
jurnalının redaktoru Aydın Ucal da internet tanışlığının bəzən gənclər
arasında ruh düşkünlüyünə səbəb olma ehtimalının olduğunu bildirdi:
"Təbii ki, hər bir evlilik tanışlıqdan başlayır. İnternetlə tanışlıqda
isə "real tanışlıq” yox, "virtual tanışlıq” əsas yer tutur. Belə ki,
virtual tanışlıqda tərəflər təbii olaraq bir-biriləri haqqında müəyyən
təsəvvür formalaşdırırlar. Ancaq sonra bu təsəvvürlər arasında hər hansı
uyğunsuzluq olduqda ruh düşkünlüyünə məruz qalırlar. Bunu, xüsusilə,
internet evliliyinin ilk ayları üçün demək olar. Digər tərəfdən, bu
tanışlıq prosesinin hansı səpgidə getməsi də çox vacibdir. Çünki digər
evliliklərdə olduğu kimi, burada da hiss məntiqin qarşısına
keçməməlidir”. Bu evliliklərdən hansına daha çox üstünlük vermək
məsələsinə gəlincə, Aydın müəllim real tanışlıq nəticəsində qurulan
evliliklərə virtual tanışlıq əsasında qurulan evliliklərdən daha çox
üstünlük verməyin doğru olduğunu ifadə etdi: "Çünki risk ikincidə
birincidən daha çoxdur. Ən azı ona görə ki, ikincidə ancaq sözlər ön
planda olduğu halda, birincidə hərəkətlər də ön plana çəkilir. (Məsələn,
bədən dili kimi hallar). Bəlkə də, internet evliliklərinin uzunömürlü
olmamasının bir səbəbi də elə bununla bağlıdır”.
 
Yeni
Nəsil Hüquqçular Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyev son
zamanlar boşanmaların bir çoxuna qloballaşmaya təkan verən səbəblərdən
sayılan internetin səbəb olduğunu bildirdi: "Bu vasitə ailələrin
dağılmasında çox mahirdir. Ən çox boşanma halları arasında göstərdiyimiz
səbəblərin 60%-ni internet tanışlıqları təşkil edir ki, bu vasitə ilə
qurulan ailələrin ortalama ömrü çox qısa olub, ailə qavramını belə
doğrultmur. Boşanmaların digər bir səbəbi də, evləndikdən sonra belə,
tərəflərin sosial mediadan əlaqəni kəsməmələridir. Bu da tərəflərdə
güvənsizliyə səbəb olur”.
 
Azərbaycan
Yeni Nəsil Hüquqçular Assosiasiyasının İdarə Heyətinin üzvlərindən
aldığımız məlumat isə daha təəssüfləndiricidir. Belə ki, onların
sözlərinə görə, bu günə qədər internet vasitəsilə evlənmiş və sonradan
boşanma üçün müraciət etmiş gənclərlə söhbət zamanı məlum olub ki, ən
uzun ömürlü evlilik müddətləri 3 ay olub.
 
Bu isə xeyli düşündürücüdür.
 
Elməddin
Mehralıyev bütün bunları, ailələrin uşaqlarına göstərmədikləri
münasibəti onları fərqli məkanlarda axtarması ilə əlaqələndirdi. Buna
görə də, müsahibim ailələri bu mövzuda həssas olmağa və ailə qurma
ərəfəsində olan övladları ilə daha səmimi və yol göstərici olmağa
səslədi. Bir sözlə, həyatımızın açılmamış səhifələrini, boş
zamanlarımızı dolduran internetlə qaralamayaq və doğru mənzilə yanlış
yolla getməyək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!