Narkoz ölüm dadırmı?

Narkoz ölüm dadırmı?
Maraqlı məlumatlar
10.09.2017 30
Mütəxəssislər deyirlər ki, əməliyyatdan qabaq özünüzü yaxşı yoxlatdırın. Günümüzün sağlamlıq problemləri içərisində cərahiyyə
əməliyyatları xüsusi yer tutur. Bəzən həkimlərin müalicədən qabaq
tələsik əməliyyat qərarı verməsi isə adi hala çevrilib. İndi xəstə
əməliyyatın vacibliyi barədə fikirləşsin, yoxsa əməliyyat xofu ilə
"savaşsın”? Əlbəttə ki, bu vəziyyətdə xəstənin psixoloji durumunu
fikirləşən çox az adam tapılacaq.



Narkoz olmasaydı...

İnsan sağlığının qiymətini bilməyəndə, bu biganəlik onu əməliyyat
stoluna qədər apara bilir. Qaçılmaz olan cərrahiyyə əməliyyatına girən
hər kəsi yalnız bir məsələ narahat edir. Görəsən, ağrım olacaqmı?
Narkozdan ayılacağammı? "Birdən əməliyyat zamanı ayılaram”. Normal hesab
olunan narahatlığın isə əslində heç bir əsası yoxdur. Çünki bu məsələ
həkim komandasını da bir o qədər narahat edir. Həkimlər arasında narkoz
haqqında maraqlı fikir də gəzir. "Nə yaxşı ki, narkoz var, xəstə
danışmaqla bizə mane olardı”.

Narkozun və ya tibbi dillə desək, anesteziyanın tarixi XIII əsrə gedib
çıxır. İlk dəfə ispan təbib R. Lilliy efiri icad edib. 1846-cı ildə isə
ABŞ-ın Boston klinikasında Ulyam Tomas Morton narkoz verərək xəstənin
əməliyyatını keçirib. Elə narkozun da tarixi bu zamandan hesablanır. Bir
an narkozsuz əməliyyat barədə fikirləşmək belə dəhşətli olardı.

Müasir anesteziologiya xeyli inkişaf edib, hətta istifadə olunan dərman
preparatları daha da təkmilləşdirilmiş, demək olar ki, insan orqanizminə
zərərli deyil. Hər halda mütəxəssislər belə deyirlər.



Narkozdan ölmək mümkündürmü?

Narkoz barədə yayılmış doğru və ya yalnış məlumatlar var. Misal üçün,
narkoz verilən insan sonrakı həyatında əsəbi olur, narkoz çox veriləndə
beyin "quruyur”, narkoz veriləndə adam o biri dünyana gedir, sonra
qayıdır, narkozdan sonra qusma xeyirlidir və s. Narkozun kimə və hansı
dozada verilməsini bu işi görən anestezioloqlar bilirlər. Elə hamını
narahat edən suallara da şəhər xəstəxanalardan birinin təcrübəli
anestezioloqu Eldar həkim cavab verir. Mütəxəssis həkim əvvəlcə bizi el
arasında daha çox "narkoz” kimi istifadə olunan anesteziya haqqında
məlumatlandırır.

"Cərahiyyə əməliyyatı yüngül və ağır ola bilər. Elə buna görə də xəstəni
ağrılardan azad etmək üçün anesteziyadan istifadə olunur. Bu isə
müxtəlif formada baş verir. Narkoz "dərin yuxu” deməkdir. Anesteziya bir
neçə formada olunur. Kiçik əməliyyatlarda yerli (lokal) anesteziyadan
istifadə olunur ki, bu da yalnız cərrahi müdaxilə olunan hissənin
keyidilməsidir. Bu zaman xəstə ayıq olur, sadəcə ağrını hiss etmir. Diş
çəkilməsi də buna misal ola bilər. Biri də var, ümumi anesteziya və ya
ümumi narkoz. Bu isə mərkəzi sinir siteminin "söndürülməsidir”, dərman
preparatlarının vena daxilinə yeridilməsi və inqalyasiya vasitəsiylə
xəstənin süni yatızdırılmasıdır. Bu zaman xəstə istənilən həmlədə belə
oyana bilməz. Onun əzələləri boşalır, hissiyyat ölür. Bu vəziyyətdə
saxlanılma əməliyyatın vaxtına və cərrahların tapşırığına əsasən davam
edir. Peşəkar anestezioloq xəstənin sağlamlığı haqqında məlumat
toplamalıdır. Hansısa xəstəliyi keçiribmi, hansısa orqanında problem
varmı, hər hansı dərman preparatına allergik reaksiyası olubmu və.s. Bu
məlumatlar həkim anestezioloq üçün çox vacibdir. Çünki çıxarılan
nəticəyə uygun olaraq xəstəyə narkoz məsləhət görülür. Hər kəsin fərdi
orqanizminə, yaşına, çəkisinə, sağlamlıq durumuna görə narkoz verilir.

Anestezioloq narkoz verən kimi cərahiyyə otağını tərk etmir, yaxın iki
saat ərzində, hətta əməliyyat başa çatdıqdan sonra xəstəni müşahidə
etməlidir. Bu mütləqdir. Xəstənin cərahiyyə stolunda narkozdan ölməsi
çox nadir hadisə ola bilər. Müasir tibbi texnikanın imkanları ölüm
riskini 0-a endirir. Çünki həmin avadanlıq sayəsində narkoz verilmiş
xəstənin beyninin vəziyyəti, qanda oksigenin miqdarı, ağciyərlərin
fəaliyyəti və s. kimi qeydləri bilmək mümkündür. Cərahiyyə əməliyyatının
uğurlu olmasının əsas şərtləri bunlardır: əməliyyatda iştirak edən
həkim komandasının peşəkarlığı, müasir tibbi texnikayla təchizat, ən
əsası isə əməliyyata götürülən xəstənin sağlamlığı haqqında dəqiq və
düzgün məlumat və müayinə qeydləri. Sonuncu ən əsas sayılır. Bəsən xəstə
öz sağlamlığı barədə həqiqətləri gizlədir. Bu da onun həyatını
təhlükədə qoya bilər. Yaxud, təcrübəmdə bir çox problemlər meydana
çıxıb. Bu, əməliyyatdan qabaq qidalanmayla əlaqədardır. Xəstə var ki,
öskürəklə və ya yaxşıca yeyib gəlir. Bu doğru deyil. Əməliyyata gələn
iki saat qabaq yüngül, duru nə isə qəbul edə bilər. Əks halda narkoz
verilən zaman və ya sonra onun üçün narahatlıq - qusma, öyümə olar.

Nəticə olaraq, xəstələrin əməliyyata ehtiyacı yarananda qorxmamalarını
məsləhət görərdim. Yalnız mütəxəssis və peşəkar, təcrübəli həkimlərə
həvalə olunmasını arzulayardım. Narkoz barədə deyilən bir çox məlumatlar
- "əsəbilik yaradır”, "yaddaş itir”, "beyin fəaliyyəti zəifləyir” kimi
söhbətlər isə doğru olmayan məlumatlardır”.

Bir sözlə, ekspertin dediklərindən belə çıxır ki, narkozdan ölüm mümkün
deyil. Yalnız xəstənin müayinəsi təcrübəli və bilikli həkimlər
tərəfindən aparılmalı, diaqnoz doğru qoyulmalıdır, vəssalam.



Bəs spinal anesteziya nədir?

Anesteziyanın bir forması da var. Buna epidural və ya spinal anesteziya
da deyilir. Yəqin ki, qeysəriyyə yolu ilə ana olan xanımlar bunu daha
yaxşı bilirlər. Əməliyyat yolu ilə uşağın dünyaya gətirilməsi zamanı
hamilə qadının bel hissəsindən onurga kanalına iynə vurulur. Bu zaman
onun qurşaqdan aşağı hissəsi keyidilir. Spinal anesteziya zamanı xəstə
yatmır, sadəcə ağrı hissiyyatı olmur. Cərrahın, otaqda olanların,
alətlərin səsini eşidir, amma "başı dumanlı olur”. Təəssüf ki, bu gün
analığa namizədlər qeysəriyyə yolu ilə ana olmağı seçirlər. Bu da ağrı
hissindən azad olmaq üçündür. Amma normal doğuş olduğu halda, əməliyyata
göstəriş olmadığı təqdirdə, bu yolu seçmək özü də sağlamlığa
biganəlikdir. Bu arada qeyd edim ki, spinal anesteziyanın tarixi 1898-ci
ildən başlanılır. Avqust Bir adlı həkim ilk dəfə onurğa kanalına kokain
məhlulu yeridib. Uğurlu eksperiment sonralar ölüm hallarsız ötüşməyib.
Bu səbəbdən bu üsulla keyitmə qadağan edilib. XX əsrin əvvəllərindən isə
inkişaf etdirilən spinal anesteziya 50-ci illərdən daha sıx istifadə
olunub. Spinal anesteziya haqqında da camaat arasında müxtəlif
narahatlıq var. Çoxu onurga kanalına vurulan iynədən sonra saatlarla
özünə gəlmədiyini, küt baş ağrıları, baş gicəllənmələri olduğunu deyir.
Amma mütəxəssislər bu şikayətlərin dərmanlara olan reaksiyadan irəli
gəldiyini bildirirlər. Zamanla keçən ağrılar olduğunu qeyd edirlər.



Sonda tək onu vurğulamaq istəyərdim, nə sağlamlığınızı əldən verin, nə də narkozun "dadı”nı bilin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!