Qara Qarayev haqqında məlumat

Qara Qarayev haqqında məlumat
Maraqlı məlumatlar
10.09.2017 282
Ötən əsrin 70-ci illəri idi. Böyük bəstəkarımız və böyüklüyü ilə də biz o dövr gənclərinin qürur duyduğu Qara Qarayevin şöhrət pillələri ilə ilbəil deyil, günbəgün yüksəldiyi çağlar idi. SSRİ Xalq artisti, Sosialist Əməyi qəhrəmanıydı, o dövrün ən ali ödülü sayılan Lenin mükafatına layiq görülmüşdü. Musiqisinin dahiliyi, möhtəşəmliyi şəksiz idi və bunu öz çıxışlarında D.Şostakoviç, R.Şedrin, A.Xaçaturyan, İ.Stravinski, L.Koqan, L.Mazel, M.Aranovski, T.Xrennikov kimi zamanın böyük musiqiçiləri aşkarda və gizlində etiraf etmişdilər. Sənət kuluarlarında söhbət düşəndə maestro Niyazi, Soltan Hacıbəyov, tələbələri olmuş Arif Məlikov, Aydın Əzimov, Cavanşir Quliyev onun haqqında heyranlıqla danışırdılar. Yaxın dostu, istedadlı riyaziyyatçı alim, akademik Azad Mirzəcanzadə musiqisinin incəlikləri barədə son dərəcə orijinal məqalələr yazmışdı.
Biz yazı-pozu, söz adamlarınısa daha çox Qara Qarayevin insani keyfiyyətləri maraqlandırar və bu səmtdən hər hansı bir söz-söhbəti həmən can dəftərimizə qeyd edər, yaddaşımıza hopdurardıq. Əlbəttə bunların içərisində millətimizin xislətindən gələn bəzəmələr, qarayaxmalar da olardı ki, onları üzə vurmaz, unutmağa çalışar, "tarixə” düşməyinə rəvac verməzdik. Qara müəllim haqqında eşitdiklərimizin böyük əksəriyyəti (demək olar hamısı) isə onun böyüklüyündən, o boyda şan-şöhrət müqabilində heyrətamiz sadəliyindən, sadəlövhlüyündən xəbər verirdi. Təpədən dırnağacan sənət adamı idi və sənətkar aurası bir an belə onun varlığını tərk etmirdi. Məişət məsələlərində onu asanlıqla aldatmaq olardı. Canıyla, qanıyla bakılı olsa da onu düz-əməlli tanımırdı, aparıb bir uzaq məhəllədə azdırsaydılar, doğma evini, ünvanını çətinliklə axtarıb tapardı. Bildiyi, tanıdığı, hər döngəsinə, dalanına bələd olduğu bir şəhəri, bir məbədgahı vardı- MUSİQİ. Burada o, hökmran idi. Kimsədən kömək, imdad diləmədən o şəhərin altını üstünə çevirər, göylərində, üfüqlərində pərvaz edərdi. Çünki sənət həyatının başlanğıcında ilk müəllimindən, tapındığı pirdən, məbəddən- Üzeyir Hacıbəylidən dərsini belə almışdı. Və Üzeyir bəy də dahi uzaqgörənliklə çox dəqiq bilmişdi ki, bəstəboylu, hələ ilk gəncliyindən eynək daşıyan bu qarabalanın canında nələr var və onu hansı uzaqlara, hansı üfüqlərə yola salır. Qara Qarayev o üfüqlərə sarı durmadan, dayanmadan qoşduğu bütün məqamlarda o dahi insanın xəyalını daim gözləri önündə canlandıracaq, ondan öyrəndiklərinə etibarsız çıxmayacaq, bəzi skeptiklərin, kəmfürsətlərin, üzdə millilərin düşündüklərinin əksinə olaraq musiqisinə milli qaynaqlardan qan, can verəcək, milli musiqini stilizə etmək kimi ucuz yolla getməyərək ondan yaradıcılıqla, böyük istedadla faydalanacaqdı. Təsadüfi deyil ki, ötən əsrin 60-cı illərinin ortalarında Qara Qarayevin dünya musiqi sənətinə əvəzsiz töhfəsi kimi dəyərləndirilən III simfoniyası barədə məşhur musiqi nəzəriyyəçisi M.Aranovski belə yazırdı: "O, bu əsərində 12 tonlu texnikaya müraciət edərkən milli ənənələrlə əlaqəsini kəsmir, bu texnikanı milli musiqi dili çərçivəsində "quraşdırır”.
Həmin fikrin davamı olaraq Q.Qarayev bəzən onu kosmopolitizmdə suçlayanlara deyərdi ki, səhviniz var cənablar, mən həyatım boyu öz xalqımla, onun özünəməxsus mədəniyyətiylə bağlı olmuşam. Bu xalqı mən öz müdrik müəllimim hesab etmişəm. "İldırımlı yollarla” baletimdə də, hətta "Don Kixot” simfonik qravürlərimdə də mən Azərbaycanlıyam, milli ladlarımızdan çıxış edirəm...
İstedadlı bəstəkarımız, bu gün qardaş Türkiyədə fəaliyyət göstərən Aydın Əzimov danışırdı ki, tələbəykən bir kərə onunla auditoriyada sözümüz çəp gəldi, mən kobud danışdım. Bərk əsəbiləşib sinifdən qovdu məni. Bir ara dərslərinə getmədim. Dedim yəqin imtahanda kəsəcək məni. Az qalmışdı başqa bir müəllimin sinfinə keçəm. Bir gün konservatoriyanın dəhlizində rastlaşdıq. Soruşdu hardasan, çoxdan gözümə dəymirsən. Dedim bəs hal-qəziyyə belə. Qayıtdı ki, əşi mən belə bir söhbəti xatırlamıram, sənin yadında necə qalıb, keç əyləş sinifdə… Və növbəti imtahanda mənə "5” verdi.

Jurnalist dostum Vaqif Əlixanov bir dəfə Qara müəllimə telefon açıb ondan radio üçün müsahibə almaq istədiyini bildiribmiş. Vədələşiblər ki, evində görüşsünlər. Vaqif deyirdi qapını özü açdı. İçəri keçəndə istədim kandarda ayaqqabılarımı çıxaram, qoymadı, dedi bura məscid deyil, ora gedəndə çıxararsan, keç içəri...
 
Buradaca Qara Qarayevin özümüncə şahidi olduğum daha bir "jesti” barədə.
Gərək ki, elə 70-ci illərin əvvəlləriydi, xəbər tutduq ki, bəstəkarın
anası dünyasını dəyişib. Həm bir insan, həm də bir jurnalist marağıyla
dəfn mərasimində iştirak etməyi özümə borc bildim. Üz tutdum Qara
müəllimgil yaşadığı binaya- –Nizami kinoteatrıyla üzbəüz monolitə.
Həyətdə adam əlindən tərpənmək olmurdu. Onu sevənlər də burdaydı,
sevməyənlər də, adi insanlar da, hökumət nümayəndələri də, üzünə
tərifləyib arxasınca deyinənlər də. O vaxtlar dəbə minmişdi, ölü düşəndə
imkanı olan da olmayan da dəfn mərasiminə orkestr gətirdərdi, cənazə
yerdən qaldırılanda ağır matəm musiqisi ərşi-fələyə yüksəlirdi. Həmin
günsə Qara Qarayevin anası vəfat eləmişdi və hamının elə mənim özümün də
möhkəm inamım vardı ki, musiqisiylə dünyanın ən ünlü konsert
salonlarını ehtizaza gətirən bəstəkarın anasının dəfnində orkestrlər
tüğyan edəcək. Amma… birdən, bir yox, beş yox, yalan olmasın on-on beş
başı təsəkli, əmmaməli molla ərrəhman surəsini gözəl avazla oxuya-oxuya
monolitin həyətə çıxan bloku ağzında göründülər. Onların arxasınca atlaz
örtüklü mafə, mafənin ardıncasa bütün görkəmindən yetimlik yağan Qara
Qarayev həyətə çıxdılar.

bir də… dəfn mərasiminə gələnlər arasında böyük şairimiz Rəsul Rzanı
gördüm. Mən ona nisbətən yaxın dayanmışdım və baş verənləri bütün
detallarınacan izləməyə çalışırdım. Odur ki, birdən Rəsul müəllimin
kinayəli nəzərlərlə çevrilib arxasında dayanmış iki nəfərə baxdığını
aydınca gördüm. Onların öz aralarında mızıldadıqlarını, sən demə Rəsul
müəllim də eşidirmiş. Onlardan biri deyirdi: "Bu da vidimo onun bir
jestidir də. Yəni baxın, mən əsl xalq adamıyam”. Bunu, ərrəhman
surəsinin sədaları altında axirət dünyasına yollanan ananın dünyaca
məşhur övladı barədə söyləyirdilər. Halbuki, o dövr üçün hətta
ictimai-siyasi xadim sayıla biləcək sənətkarın həmin "jesti”
qəhrəmanlığa bərabər idi. Amma Qara müəllim bunu qəhrəmanlıq xatirinəmi
eləmişdi? Məyər o zamanacan elədikləriylə Qara Əbülfəs oğlu qəhrəman
deyildimi? Dargözlərin, paxılların "jest” adlandırdığı bu hərəkət onun
qəlbinin diqtəsi, mərdliyi, ana haqqı qarşısında son borcu idi.
Sonra… proses bir neçə dəqiqəliyə nə üçünsə hərəkətdən qaldı. Mafə ilə
arxadan gələn izdiham arasında xeyli boşluq yarandı. Və həmin boşluqda
yalnız Qara Qarayev kimsəsiz, köməksiz fiquru ilə tək-tənha dayanıb
dərdli-dərdli gözlərini yerə zilləmişdi. Adətən belə məqamlarda hüzür
yiyəsinin yaxın adamları, qohum-əqrabası onun sağ-solunda dayanır,
qolundan yapışıb simsarlıq edirlər. Qarayasa kimsə yaxınlaşmırdı, elə
bil o boyda şəxsiyyətin bu yekəlikdə şəhərdə bir canıyananı yox idi. Bu,
bəlkə mərasimdə dövlət rəsmilərindən bəzilərinin iştirakına görəydi, ya
bəlkə çox qulaqların yadırğadığı ərrəhman surəsindən xoflanmışdılar,
hər nəydisə, cansıxıcı, misgin bir mənzərəydi. Və mənə elə gəlirdi ki,
bu məqamlarda Qara müəllim adamların gözü önündəcə sürətlə qocalır. Bir
də mənə elə gəlirdi ki, bu dəqiqələrdə Qara Qarayevin ortada tək
qalmasından həzz alanlar da az deyildi (öz aramızdı, xislətimizdə bu da
var axı). Bax, bu yerdəcə o xofu, o çaşqınlığı, dövlət məmurlarından o
yersiz ehtiyatkarlığı ilk olaraq duyub hiss eləyən xalq şairi Rəsul Rza
oldu və dostunu bu birdənbirə "qocalmaqdan” xilas elədi. Rəsul müəllim
axsaya-axsaya, ləngərli addımlarla izdihamın arasından qopub Qara
Qarayevə yaxınlaşdı, qoluna girdi. Qara Rəsulu yanında görəndə başını
onun çiyninə söykədi, deyəsən xəfifcə hönkürdü də. Və iki böyük sənətkar
biri-birinə sığınıb ağır, müztərib addımlarla izdihamın ardınca
getdilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!