Mərdəkan kəndi və dendrari

Mərdəkan kəndi və dendrari
Maraqlı məlumatlar
10.09.2017 34
Xəzər dənizi sahilində Mərdəkan adlı bir kənd var. Paytaxtdan 25-30 km aralıda yerləşən bu kənd Bakının ən qədim kəndlərindən biridir. Adı "Mərdlər məkanı” mənasını verən bu kəndin əsası qədim mard tayfaları tərəfindən salındığı ehtimal olunur. Kənddə Qumluq, Qala, Xərmən, Qoyunbulağı, Seyidlər adlı qədim məhəllələr mövcuddur.
 
Mərdəkanın qədim abidələri sırasında 1187-ci ildə tikilmiş Mərdəkan qalası indiyədək qorunub saxlanılan qalalardandır. Dördkünc quruluşa malik olduğundan "Dördkünc Qala” adlandırılan bu tarixi abidə Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilib.
1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən tikilən və yerli sakinlər arasında Şıx qalası kimi tanının "Dairəvi qala” da Mərdəkanın zəngin tarixinə bir işarədir.
 
Bundan başqa 1483-cü ildə tikilmiş və Şirvanşahlar dövrünə aid olan Xanbaba hamamı, 1893-cü ildə tikilmiş Heydər məscidi də turistlərin tez-tez baş çəkdiyi tarixi abidələr arasındadır.
 
İndi gəlin bir az da bu yerlərin ən çox ziyarət edilən gözəl istirahət məkanlarından biri və ümumilikdə 1800 növədək ağac və gül kolleksiyalarından ibarət zəngin sərvəti olan məşhur Mərdəkan dendrarisi haqqında danışaq.
 
Qiymətli və nadir bitkilərin qorunub saxlanıldığı 12 hektar sahəni əhatə edən Mərdəkan dendrarisi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub.
 
Burada dünyanın müxtəlif növ bitki aləmini təmsil edən zəngin bitki kolleksiyaları yaradılıb. O zaman bağın torpağı əkin üçün yararlı olmadığından Murtuza Muxtarov bura Lənkərandan torpaq gətirdib.
 
Bağ öz təbii coğrafi xüsusiyyətlərinə görə, Afrika, Asiya, Avropa və Amerikanın iqlim zonalarına oxşadığından 1926-cı ildə burada Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialı yaradılıb.
 
Sonralar bir müddət "Bağçılıq, üzümçülük və subtropik bitkilər institutu"nun təcrübə bazası kimi fəaliyyət göstərən bu bağ 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat İnstitutuna verilib.
 
Mərdəkan dendrarisi bitki və ağac növlərinin ümumi miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyaları səviyyəsindədir. Burada Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Yaponiyanın, Çinin, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın və dünyanın daha bir çox ölkəsinin zəngin və qiymətli bitki növləri vardır.
 
Nəsli kəsilməkdə olan nadir endemik bitkilərə bağda xüsusi guşə ayrılıb. "Azərbaycanın Qırmızı Kitabı”na daxil olan 141 növ ağac növündən 69-u bu bağda yetişdirilir.
 
Dendraridə təbii bitkilərin ekspozisiyalarının yerləşdiyi səkkiz  - "Şərqi Asiya florası”, "Orta Asiya florası”, "Şimali Amerika florası”, "Cənubi Amerika florası”, "Aralıq dənizi ölkələrinin florası”, "Avstraliya və Yeni Zelandiya florası”, "Afrika  florası” və "Qafqaz florası” botaniki-coğrafı ekspozisiya fəaliyyət göstərir. Burada dünya florasından 380 qızılgül, 9 nərgiz, 25 zanbaq, 6 süsən, 15-dən çox Lalə növü və digər müxtəlif gül-bəzək kolleksiyaları da toplanıb.
 
Mərdəkan dendrarisində həmçinin görkəmli rus şairi Sergey Yeseninin ev-muzeyi, bəzi Azərbaycan filmlərinin müxtəlif səhnələrinin çəkildiyi və bir əsr yaşı olan italyan qotikası üslubunda tikilmiş qədim bina da var. Burada bir çox hovuzlarla yanaşı 6 süni şəlalə də inşa edilib ki, bu da bağın ümumi kompozisiyasına xüsusi  gözəllik verir.
 
Abşeron nəbatat aləminin tacı hesab edilən və müxtəlif heyvan növlərinin də saxlanıldığı Mərdəkan dendrarisi bura gələnlərin, xüsusilə də uşaqların sevimli istirahət və əyləncə məkanıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!