Süleyman sani Axundov-un həyatı və bədii yaradıcılığı

Süleyman sani Axundov-un həyatı və bədii yaradıcılığı
Maraqlı məlumatlar
10.09.2017 40
Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür. Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori müəllimlər seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim təyin edilmişdir. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır.



Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilmişdir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək qəhrəmanı" adı verilmişdir. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur. "İkinci il" adlı dərs kitabının müəllifidir.



Süleyman Sani Axundov 29 mart 1939-cu ildə Bakıda vəfat etmişdir.



Süleyma Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O, bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır.



Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışmışdır. 1907-cı ildə qələmə aldığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirmişdir. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və başqa pyeslərin müəllifidir.



Süleyman Sani Axundov həm də orijinal nasirdir. "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) Süleyman Sani Axundovun ilk hekayələridir. O, bu klassik əsərlərini 1905-ci il inqilabının təsiri ilə yazmışdır. Yazıçı "Tutu quşu" (1909) hekayəsində də aktual məsələyə toxunmuşdur. Ədib təxminən bir səhifə həcmində olan bu hekayəsində təqlidçiləri, ana dilinə xor baxanları Tutu quşunun simasında ifşa etmişdir. Süleyman Sani Axundov yazmış olduğu "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib, "Qorxulu nağıllar" (1912-1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynab", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!