Tarixi abidələrlə zəngin Qax rayonu

Tarixi abidələrlə zəngin Qax rayonu
Maraqlı məlumatlar
10.09.2017 8
Azərbaycanın şimal-qərbində, Böyük Qafqazın cənub yamaclarının qoynunda  yerləşən, gözəl təbiəti ilə seçilən Qax rayonu Bakıdan 345 kilometr məsafədə, dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir. Qışda dağların zirvəsində havanın temperaturu -45 dərəcəyə qədər düşür. Yayı adətən sərin və mülayim keçir.

Əlverişli iqlim şəraitinə malik, şəfalı bulaqlarla zəngin olan bu diyarda turistlərin ilboyu istirahət etmələri üçün hər cür imkanlar var. Dağ göllərinin və şəlalələrin çoxluğu bu məkanın daha bir özəlliyidir. Qax rayonunun ərazisində yerləşən İlisu qoruğunda ovçuluq və balıqçılıq üçün əlverişlidir. Qanıq – Əyriçay vadisindəki düzənliklər və Böyük Qafqaz dağlarının ətəyi əsas ovçuluq zonalarındandır.

Bu bölgə turizmin inkişafı üçün geniş imkanları ilə yanaşı, həm də qədim tarixə malik abidələri ilə də diqqəti cəlb edir. Rayonda 70-ə yaxın tarix və mədəniyyət abidəsi qeydə alınıb. Bunlar dünya abidələri siyahısına salınan Ləkit məbədi, Qum məbədi, Ulu körpü, Ulu məscid, Sumuq qalası və başqalarıdır.

İlisu kəndinə gedən şose yolun sağ tərəfində, Kürmükçayın sahilində, qayanın üstündə VII-IX əsrlərə aid "Cinli qala” görünür. İstehkam tipli bürclər və divarlardan ibarət olan bu qala qaya çıxıntısı üzərində tikilib.

Dəniz səviyyəsindən 1400-1600 metr yüksəklikdə, Qax şəhərindən 12 kilometr şimal-qərbdə yerləşən İlisu kəndi daha böyük maraq doğurur. Yaşayış məntəqəsi buradakı bulaqların adı ilə adlandırılıb. Kənd əhalisi əsasən sənətkarlıqla məşğul olur.

İlisu kəndi ərazisindəki tarixi-memarlıq abidələrindən biri də XVII - XVIII əsrlərə aid dördkünc quruluşlu, aşağıdan yuxarı qalxdıqca daralan Sumuq qalasıdır. Bu qalanın Şeyx Şamilin məsləkdaşı, İlisunun sonuncu sultanı Daniyal bəylə bağlı olduğu ehtimal olunur.

Qax ərazisindəki Ulu Körpü orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biridir. Körpü İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb. Kürmük çayının axarının daraldığı yerdə, qaya çıxıntıları üzərində, çay daşından, əhəng məhlulundan və yumurta sarısından istifadə edilməklə tikilən körpüdən hazırda da istifadə olunur.

Qax bənzərsiz və səliqəli şəhərcikdir. Bir neçə il bundan əvvəl şəhərin mərkəzi hissəsində yerləşən və mədəniyyət abidəsi sayılan İçəribazar saray kompleksində bərpa işləri aparılıb. İçəribazar qala kompleksi XVIII əsrdə Qaxın mərkəzində salınmış qədim məhəllədir. Bu məhəllə onlarla kərpic evdən və iki qala divarından ibarətdir. Burada, həmçinin açıq səma altında yerləşən 300 tamaşaçı tutumuna malik teatr, Nəsimi parkı və emalatxanalar yerləşir. XIX əsrin 80-ci illərində dahi bəstəkar və ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası da məhz burada olub. 1902-ci ildə atasının xahişi ilə Qori seminariyasında təhsil alan Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birgə burada olublar. Qax rayonu zəngin tarixi və özünəməxsus mədəniyyəti ilə Azərbaycanın ən qədim diyarlarından biridir. Qaxda bircə dəfə olsanız, siz mütləq bura yenidən qayıtmaq istəyəcəksiniz.

Qax rayonu özünə məxsus mətbəxi ilə də seçilir. Qurudulmuş ətdən, yəni qaxacdan bişirilən sürhüllü dağ kəndləri üçün xarakterik yeməkdir. Bundan başqa qış mövsümündə toyuqlu xəngəl, lobyalı və qozlu aş da ləziz dadı ilə insanı valeh edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!